Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Bu gün Azərbaycanın Xalq artisti, teatr və kino sənətinin görkəmli nümayəndəsi Yaşar Nurinin doğum günüdür.
Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Sənətə marağı erkən yaşlarından yaranan aktyor ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnəyə çıxıb.
1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən Yaşar Nuri bir müddət tədris teatrında çalışıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor truppasında fəaliyyət göstərib.
O, həm teatr, həm də kino sahəsində yaratdığı çoxsaylı obrazlarla Azərbaycan tamaşaçısının sevgisini qazanıb. Aktyor 50-yə yaxın bədii filmdə, eləcə də çoxsaylı televiziya tamaşalarında və səhnəciklərdə rol alıb.
Yaşar Nurinin "Yol əhvalatı" filmindəki Makintoş, "Bəyin oğurlanması"ndakı İsrafil, "Yaramaz" filmindəki Maşallah, "Lətifə"dəki Məmmədi və "Qətl günü"ndəki Mahmud doktor obrazları onun yaradıcılığının ən yaddaqalan nümunələri sırasında yer alır.
Sənətkar uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakıda vəfat edib. Yaşar Nuri 61 yaşında dünyasını dəyişib.