“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb

01.07.2026

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb.
Newscenter.az xəbər verir ki, 10–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən öncə uşaqlar “Kənddən Şəhərə” layihəsi çərçivəsində bal fermasına ekskursiyada iştirak edərək arıçılıq təsərrüfatı, balın istehsal prosesi və təbii məhsulların hazırlanması ilə yaxından tanış olublar.
Sonra onlar düşərgənin daxili qaydaları barədə məlumatlandırılıb, psixoloqlar tərəfindən keçirilən “Icebreak” və ilkin tanışlıq təlimləri vasitəsilə bir-birlərini daha yaxından tanıyıb, komanda ruhunun formalaşdırılmasına yönəlmiş interaktiv fəaliyyətlərə qoşulublar.
Həftə ərzində səhər idmanında sağlam həyat tərzini təşviq edən məşqlər yerinə yetirilib, psixoloqlarla keçirilən görüşdə emosional rifah, ünsiyyət və şəxsi inkişaf mövzularında maarifləndirici söhbətlər aparılıb
İştirakçılar boulinq və müxtəlif oyun aparatlarını əhatə edən əyləncə proqramında, “Faceart” tədbirində, hovuz və oyun parkı fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər.
Bununla yanaşı, “ABAD” tərəfindən təşkil olunan ustad dərsində müxtəlif bacarıqlar əldə edilib.
Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan növbəti ustad dərsində Avropa və dünya mükafatçısı Taleh Məmmədovla görüşən uşaqlar onun həyat və idman təcrübəsi ilə tanış olublar.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkil etdiyi “Süni intellekt və robotlarla gələcəyə səyahət” adlı infosessiyada müasir texnologiyalar və innovativ həllərlə bağlı yeni biliklər əldə edilib.
Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.
Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel
Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC
Dəstəkçilər: “Badamlı", “Milla”, "PASHA Malls"
Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.
Ruhiyyə Mehdiyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью