Yaşayan Xalq şairlərimiz: Onlar indi nə yazırlar? SORĞU

29.01.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

"Xalq şairi" fəxri adı ilk dəfə 1956-cı ildə Səməd Vurğuna verilib. Müstəqillik dövründə də bu ənənəni davam etdirən ölkəmiz poeziyamızın inkişafında böyük xidmətlər göstərən, xalqın böyük rəğbətini qazanan yüksək ideyalar və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaradan şairləri bu fəxri ada layiq görür. 
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən bugünə qədər 14 nəfərə "Xalq şairi" fəxri adı verilib. Azərbaycan Prezidenti Ayaz Mütəllibov tərəfindən 1 nəfərə, Yaqub Məmmədov tərəfindən 1 nəfərə, Əbülfəz Elçibəy tərəfindən 1 nəfərə, Heydər Əliyev tərəfindən 5 nəfərə, İlham Əliyev tərəfindən isə 6 nəfərə "Xalq şairi" fəxri adı verilib.

Müstəqillikdən sonrakı ilk illərdə fəxri ad alan Məmməd Araz, Xəlil Rza Ulutürk və Qabil olub. 
Modern.az xatırladır ki, 1998-ci ildə bu adı ilk alan qadın şair Hökümə Billuri olub, həmin ildə Fikrət Qoca və Söhrab Tahirn də  “Xalq şairi” adına layiq görülənlər sırasına daxil edilib. 1999-cu ildə isə Cabir Novruz və Vaqif Səmədoğlu təltif olunub. Onları bu fəxri ada Heydər Əliyev layiq görüb. 
2000-ci illərdə “Xalq şairi” adı müstəqillik dövrünün poetik axtarışlarını ifadə edən müəlliflərə verilib. Prezident İlham Əliyev ilk dəfə 2005-ci ildə Zəlimxan Yaqub, Nəriman Həsənzadə və Sabir Rüstəmxanlını bu ali fəxri ada layiq görüb.
Prezident daha sonra “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 may 2019-cu il tarixli sərəncamı ilə isə daha üç nəfərə “Xalq şairi” adı verib - Vahid Əziz, Ramiz Rövşən və Musa Yaquba.

Hazırda həyatda olan Xalq şairlərimizin sayı dörddür. Buraya Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz və Ramiz Rövşən daxildir. Modern.az onlarla əlaqə saxlataraq hazırda üzərində çalışdıqları əsərlərlə maraqlanıb.

Xalq şairimizin ağsaqqalı Nəriman Həsənzadə bu yaxınlarda səhhəti ağırlaşsa da hazırda yaradıcılıqla məşğul olur. O xəstəxanadan çıxdıqdan sonra “Dünyanın sirri” adlı şeir də yazıb. Nəriman Həsənzadənin ailə üzvləri saytımıza açıqlamasında bildiriblər ki, hazırda Xalq şairinin səhhəti normaldır. Onların sözlərinə görə, Nəriman Həsənzadə yaradıcılıq fəaliyyətini davam etdirir və hazırda həkiminə həsr etdiyi yeni şeir üzərində işləyir. Xatırladaq ki, gələn ay Xalq şairimizin 95 yaşı tamam olacaq.

Xalq şairləri arasında Sabir Rüstəmxanlı həm də siyasi fəaliyyətlə məşğuldur. O uzun müddət Milli Məclisdə deputat olub. 80 illik yubileyini qeyd etməyə hazırlaşan şair hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri kimi fəaliyyət göstərir. Sabir Rüstəmxanlı bildirib ki, hazırda tam işləyib bitirdiyi və artıq çapa göndərdiyi “Azərbaycan adından” adlı kitabı var. Onun sözlərinə görə, kitabda dünyanın müxtəlif ölkələrində Azərbaycan adından etdiyi çıxışlar, səfər qeydləri və müşahidələri yer alıb.

Xalq şairi əlavə edib ki, paralel olaraq bir roman üzərində də işləyir. Roman artıq yazılsa da, hələ yekun redaktə mərhələsindədir. Əsərin adı “Dağların qisası”dır və onun nə vaxt tam hazır olacağını dəqiq demək çətindir.

Sabir Rüstəmxanlı qeyd edib ki, dramaturgiya sahəsində də fəaliyyəti davam edir. Hazırda “Sürgünə görə sevgi” adlı pyesi Sumqayıt Dövlət Teatrında tamaşaya hazırlanır.

Sonuncu dəfə bu adı alan şairlərimizdən 80 yaşlı Vahid Əziz saytımıza açıqlamasında havaların soyuq keçməsindən şikayətlənib. Şair bildirib ki, isti ayları daha çox sevir və şeirlərini əsasən bu dövrlərdə yazır. Hazırda isə yaradıcılıqdan çox gənclərlə görüşlərə, ədəbi müzakirələrə və yaradıcılıq söhbətlərinə üstünlük verir.

Bir çox şeirləri gənclər arasında da dillər əzbərinə çevrilən Ramiz Rövşən də bu il 80 yaşını qeyd edəcək. O hazırda yaradıcılığını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью