Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24.01.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda komitə üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bir sıra təkliflə çıxış edib.

Əli Məsimli bildirib ki, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsində bu dövrdə görülməsi vacib olan məsələlər öz əksini tapıb. Həmin məsələlərə bir sıra qanunların qəbul edilməsi, mövcud qanunlara dəyişikliklərin edilməsi, həmçinin milli iqtisadiyyatın müxtəlif aspektləri ilə bağlı ictimai dinləmələrin keçirilməsi daxildir.

Qeyd olunub ki, ötən il Azərbaycanda ümumi daxili məhsul istehsalı cəmi 1,4 faiz artıb. Bu göstərici 2024-cü ildə qeydə alınmış 4,1 faizlik artım tempindən təxminən üç dəfə aşağıdır. Bunun əsas səbəblərindən biri neft-qaz sektorunda 1,6 faiz enmənin baş verməsidir ki, bu da ÜDM-in ümumi artım tempinə ləngidici təsir göstərir. Bununla yanaşı, ÜDM-in artım tempinə digər amillər də təsir edir. Həmin amillər arasında Azərbaycan iqtisadiyyatının neft amilinin üstünlük təşkil etdiyi modeldən qeyri-neft sahələrinin aparıcı rol oynadığı modelə keçidi xüsusi yer tutur. Bu mərhələdə qeyri-neft sektorunda da artımın aşağı olduğu bildirilib.

Əli Məsimli vurğulayıb ki, keçid mərhələsinin müddəti nə qədər qısa və ziq-zaqları nə qədər az olarsa, iqtisadi artım bir o qədər sürətli olar, iqtisadi inkişafın maliyyə bazası möhkəmlənər və əhali daha çox fayda əldə edər. Ona görə də qeyri-neft-qaz sektorunda artım templərinin sürətləndirilməsi məsələlərinin aktuallığı artmaqdadır. Orta perspektivdə qeyri-neft sektoru üzrə hədəflərə nail olunması əsasən aqrar sahə, emal sənayesi və turizm sahəsində mövcud potensialdan optimal və əlaqələndirilmiş şəkildə istifadədən asılı olacaq.

Bu baxımdan Milli Məclisdə aktual mövzular üzrə ictimai müzakirələrin real təsirini nəzərə alaraq, “Qeyri-neft sektorunun problem və perspektivləri” və “Aqrar sahənin problem və perspektivləri” mövzularında ictimai dinləmələrin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinə salınması təklif edilib. Bildirilib ki, kənd təsərrüfatı, emal sənayesi və turizm sahələrində mövcud vəziyyətə, problemlərə və perspektivlərə həsr olunmuş silsilə ictimai müzakirələrin təşkili bu sahələrdəki problemlərin həllinin sürətlənməsinə real töhfə verə bilər.

Əli Məsimli çıxışında kənd təsərrüfatı ilə bağlı digər aktual məsələyə də toxunub. O bildirib ki, Şəki rayonunda əsasən dəmyə əkinçiliyi üstünlük təşkil etdiyindən kəndlilər demək olar ki, təbiət hadisələrindən asılı vəziyyətdədirlər. İlin quraq və ya yağmurlu keçməsindən asılı olaraq məhsuldarlıq dəyişir. Son illər iqlim dəyişiklikləri nəticəsində quraq illərin sayının artması kənd təsərrüfatına ciddi zərər vurur və nəticədə kəndlilər növbəti əkin ili üçün zəruri maliyyə vəsaitindən məhrum olurlar.

Bu hallarda Aqrar Sığorta Fondunun fermerlərə göstərdiyi dəstək müsbət qiymətləndirilsə də, problemin Fondun məhdud maliyyə imkanları ilə lazımi səviyyədə həllinin mümkün olmadığı bildirilib. Quraqlıq səbəbindən böyük itkilərə məruz qalan fermerlərin müflisləşməsinin qarşısını almaq üçün quraqlıq hadisəsinin təbii fəlakətlər siyahısına salınmasının və geniş maliyyə imkanlarına malik kompensasiya mexanizminin yaradılmasının vacibliyi vurğulanıb. Bu istiqamətdə irəli sürülmüş təkliflərin reallaşdırılmasının sürətləndirilməsinin zəruri olduğu qeyd edilib.

Əli Məsimlinin qanunvericilik təşəbbüsü ilə çıxışının növbəti mövzusu yaşayış minimumu olub. O bildirib ki, Azərbaycanda ehtiyac meyarı göstəricisi uzun müddət yaşayış minimumundan geri qalsa da, 2023-cü ildən etibarən bu göstəricilər bərabərləşib. 2025-ci illə müqayisədə 2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarı 15 manat və ya 5,3 faiz artırılaraq 300 manata çatdırılıb. Bu addımın faktiki olaraq artımdan daha çox, inflyasiyaya uyğun kompensasiya rejiminə keçidi ifadə etdiyi bildirilib.

Qeyd olunub ki, bu məsələ əsasən əhalinin aztəminatlı təbəqəsini əhatə edir və onların xərclərinin böyük hissəsi ərzaq məhsullarına yönəlir. Statistikaya görə, ərzaq inflyasiyası ölkə üzrə orta inflyasiya göstəricisindən yüksəkdir. Bu səbəbdən ünvanlı sosial yardım sistemində ehtiyac meyarının aradan qaldırılaraq yaşayış minimumuna keçidi nəzərdə tutan “Yaşayış minimumu haqqında” qanuna dəyişikliklərlə bağlı layihənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi kimi təqdim edilməsinin məqsədəuyğun olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью