Yasda kabab ehsanı Təbliğat niyə işləmir?

23.01.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Dəbdəbəli, israfçılıqla müşayiət olunan yas mərasimləri cəmiyyətdə ciddi narazılıqla qarşılansa da, hələ də belə məclislərə kifayət qədər rast gəlinir.

“Bakı-Xəbər” məlumat yayıb ki, bu dəfə yas mərasimində ənənəvi təamlar yox, şırdan, kabab verilib.

Bildirilir ki, Tərtərdə yas mərasimində ötən ay şırdan, bu ay isə kabab verilməsi diqqət çəkib. Rayondakı bəzi yas mərasimlərində verilən yeməklər sosial şəbəkələrdə və yerli ictimaiyyətdə narazılıqla qarşılanıb.

Bəs cəmiyyət ehsan süfrəsini niyə ildən-ilə daha bahalı qurur? Maarifləndirmə nə üçün təsir etmir.

İlahiyyatçı Ağa Hacıbəyli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Əlbəttə, son illər bölgələrimizdə kifayət qədər maarifləndirmə aparılıb. Bu işə dini qurumlar da qoşulub, hətta bir çox din xadimləri də səslərini qaldıraraq dəbdəbəli ehsan süfrələrinin keçirilməsi ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Bununla belə, xüsusilə rayonlarda və kənd yerlərində xoş xəbərlər də eşidilir. Məsələn, bəzi kənd və qəsəbələrdə, digər bölgələrdə dəbdəbəli ehsan süfrələrinə imtina olunub. Amma görünür ki, sizin də qeyd etdiyiniz kimi, bəzi yerlərdən hələ də dəbdəbəli məclislərin səsləri gəlir.

Açığı, bu, maarifləndirmənin nəticəsiz olması demək deyil. Əksinə, müsbət nəticələr var. Sadəcə, ənənələri tamamilə və tez bir zamanda dəyişmək mümkün olmur. Bu işdə başlıca rol din xadimlərinə, yəni məclisləri aparan şəxslərə düşür. Əgər onlar belə dəbdəbəli məclislərə qatılmasalar, imtina etsələr və onlardan uzaq dursalar, təbii ki, ev sahibləri və mərasim təşkilatçıları da belə dəbdəbəli tədbirlərdən uzaq duracaqlar”.

İlahiyyatçının fikrincə, bu işdə bir boşluq görünür:

“İkinci boşluq isə ondan ibarətdir ki, maarifləndirmə aparılsa da, şəhər yerlərində, məsələn, Bakıda hələ də dəbdəbəli tədbirlərdə ciddi dəyişiklik yoxdur. Əksinə, vəziyyət olduğu kimi qalır. Nümunələr daha çox böyük şəhərlərdən, böyük məkanlardan gəlməlidir ki, sadə vətəndaşlar da buna baxaraq imtina etməyə cəsarət etsinlər. Onların imkanları zəifdir, belə dəbdəbəli tədbirlər keçirmək onlar üçün çətindir. Bu cür məclisləri əsasən imkanlı insanlar təşkil edə bilir. Amma görünür ki, hələ də sosial bir yarışma davam edir: bir məclis sahibi yaxşı bir ehsan süfrəsi açıbsa, digəri daha möhtəşəm süfrə açmağa çalışır”.

İlahiyyatçı xatırladıb ki, İslam dini bu cür israflı süfrələri kökündən rədd edir:

“Qurani-Kərim israfçılığa qarşı çox şiddətli ifadələr işlədərək, buna yol verilmədiyini bildirir. Ehsan üçün bir stəkan çay və ya bir xurma belə kifayətdir. Bundan artıq isə həm ehtiyac, həm də imkan yoxdur. Peyğəmbərimizin (ə) dövründə yas mərasimləri adətən üç gün keçirilirdi. Allah Rəsulu (s) buyururdu ki, yas içində olan ailə dərddədir, siz özünüzlə yemək götürün və həmin insanları da ona cəlb edin. Bu, İslamın mövqeyidir. Əlbəttə, din xadimlərinin özləri də məcburiyyət və ya təhrik yolu ilə dinimizdəki dəyərləri təbliğ etməli, yaymalı və insanları bu dəyərlərə dəvət etməlidirlər. Ənənələri və adətləri daha çox təbliğ etsək də, hər zaman bir sıra hadisələrlə üzləşirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью