Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Layihənin investisiya həcmi 22 milyard avro qiymətləndirilir
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “Yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırması tamamlanıb və sənəd 4 ölkənin hökuməti tərəfindən təsdiqlənib.
Bu barədə “Green Energy Corridor Power Company” birgə müəssisəsinin (GECO) keçirdiyi investisiya təqdimatında məlumat verilib. Qeyd olunub ki, layihə artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı, növbəti addım kimi bu mərhələ üzrə işlərə və yekun investisiya qərarına aparan yol xəritəsinin qəbul ediləcəyi diqqətə çatdırılıb. Təqdimat mərasimində GECO potensial investorları və tərəfdaşları layihədə iştiraka maraqlarını bildirməyə də dəvət edib.
Qeyd edək ki, GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən “Yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsi və idarə olunması məqsədilə Buxarestdə yaradılmış dördtərəfli birgə müəssisədir. Qurumun təsis edilməsində əsas məqsəd Xəzər dənizi və Azərbaycanın bərpa olunan enerji mənbələrindən istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dənizin dibi ilə çəkiləcək yüksək gərginlikli sualtı kabel vasitəsilə Rumıniya, Macarıstan və oradan da Ümumavropa enerji şəbəkəsinə ötürülməsi layihəsini koordinasiya etməkdir.
Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın icrası, gələcək investisiya qərarları, mühəndis-axtarış işləri və tikinti mərhələlərinin idarə olunması bu şirkət tərəfindən həyata keçirilir. Şirkətin təsisçiləri və səhmdarları isə hər biri 25 faiz paya malik olmaqla “AzərEnerji” ASC (Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan), “Transelectrica” (Rumıniya) və “MVM” (Macarıstan) şirkətləridir.
Bu arada, “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinin ilkin qrafiki açıqlanıb. Layihənin rəsmi saytında dərc olunan məlumata görə, gücü 2 min meqavat olan Bakı – Ksani – Anakliya – Konstansa-Cənub marşrutu üzrə birinci xəttin, Konstansa–Cənubdan Macarıstanın Albertirşa şəhərinə qədər quru hissəsinin davamı ilə birlikdə 2032-ci ildə istismara verilməsi planlaşdırılır. Bakı – Tsxaltubo – Poti – Domneşti marşrutu üzrə ikinci xəttin 2036-cı ildə, Bakı – Tsxaltubo – Poti – Konstansa-Cənub marşrutu üzrə üçüncü xəttin isə 2040-cı ildə istismara verilməsi nəzərdə tutulur. Beləliklə, layihənin 2040-cı ilədək tam ötürmə gücünə çatacağı gözlənilir. Bununla yanaşı, yekun investisiya qərarının qəbul edilməsinə hazırlıq çərçivəsində tərtib olunacaq yol xəritəsində qrafik dəqiqləşdiriləcək.
Məlum olduğu kimi, “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycan ərazisində günəş, külək və su enerjisi hesabına istehsal olunan elektrik enerjisinin Gürcüstan üzərindən və Qara dənizin dibi ilə Rumıniya və Macarıstana ötürülməsini nəzərdə tutur. Dərc olunmuş məlumatlara əsasən, dəhliz gərginlik mənbəli çeviricilərlə təchiz edilmiş, hər biri ±525 kilovolt gərginliyə və 1300 meqavat gücə hesablanan 3 müstəqil yüksəkgərginlikli sabit cərəyan xəttindən ibarət olacaq. Həmin xətlərin tikintisi başa çatdıqdan sonra sistemin ümumi ötürücülük qabiliyyəti 3 min 900 meqavat təşkil edəcək.
Hava və yeraltı elektrik xətləri Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Qara dəniz sahilində yerləşən Anakliya və Poti ərazilərinə qədər uzanacaq. Ksani və Tsxaltuboda tikiləcək çevirici yarımstansiyalar dəhlizin Gürcüstanın enerji sistemi ilə ikitərəfli əlaqəsini təmin edəcək. Bu, Gürcüstana həm bərpaolunan mənbələrdən əldə olunan artıq elektrik enerjisini ixrac etməyə, həm də zərurət yarandıqda elektrik enerjisi idxal etməyə imkan yaradacaq.
Gürcüstan sahillərindən başlayacaq və hər birinin uzunluğu, təxminən, 1 120 kilometr olan sualtı kabellər Qara dənizdən keçərək, əsasən, 2 min 200 metrədək dərinlikdə yerləşən abissal düzənlik boyunca Rumıniyanın Konstansa–Cənub ərazisindəki sahilə çıxış nöqtəsinə qədər uzanacaq.
Rumıniya və Macarıstanda dəhliz Konstansa-Cənub və Domneşti (Buxarest) qovşaqları, eləcə də Budapeşt yaxınlığında yerləşən Albertirşa yarımstansiyasına qədər uzanan quru xətti vasitəsilə Avropa İttifaqının enerji sisteminə qoşulacaq.
Resursların və tələbatın qiymətləndirilməsini, texnologiya və marşrutların seçilməsini, enerji sistemlərinə inteqrasiyanı, eləcə də biznes modelini əhatə edən və İtaliyanın energetika sektorunda 70 ildən artıq təcrübəyə malik qlobal mühəndislik, texniki konsaltinq və sınaq şirkəti olan CESI tərəfindən hazırlanmış texniki-iqtisadi əsaslandırma sənədi 2026-cı il iyulun 8-də Bakıda keçirilən layihəyə üzv ölkələrin 12-ci nazirlər görüşündə təsdiqlənib. Hazırda layihə işlənib hazırlanma mərhələsindədir. Tender prosedurlarına hazırlıq görülür və yekun investisiya qərarının qəbul edilməsi üçün yol xəritəsi hazırlanır.
Azərbaycan ərazisində istehsal olunan bərpaolunan elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə ümumi investisiyaların həcmi 22 milyard avro qiymətləndirilir. Layihəyə ayrılan vəsaitin 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi sisteminin yaradılmasına, 7,8 milyard avrosu isə bərpaolunan enerji mənbələri əsasında elektrik enerjisi istehsalı güclərinin tikintisinə yönəldiləcək. Bu barədə məlumat layihənin texniki-iqtisadi əsaslandırma sənədində yer alıb. Yeri gəlmişkən, artıq sənəd tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Hazırda layihə tərtibat mərhələsinə keçir.
Yeni elektrik xətləri istismara verildikcə layihənin illik iqtisadi səmərəsinin artacağı gözlənilir. Proqnozlara əsasən, 2032-ci ildə birinci xəttin istismara verilməsindən sonra bu göstərici ildə 860 milyon avro təşkil edəcək. 2036-cı ildə ikinci xəttin istifadəyə verilməsi illik iqtisadi səmərəni 1,8 milyard avroyadək artıracaq. 2040-cı ildə üçüncü xəttin istismara verilməsindən sonra isə bu göstəricinin ildə 3 milyard avronu ötəcəyi gözlənilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qara dənizin altından 1195 kilometr uzunluğunda 1000 meqavat gücündə sualtı enerji kabeli çəkmək üçün strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. Kabel Azərbaycan və Gürcüstanda istehsal olunan yaşıl elektrik enerjisini Rumıniyaya, ardınca Macarıstana və digər Avropa ölkələrinə nəql etmək üçün nəzərdə tutulub. Bu da Avropanın Qafqaz regionunda bərpaolunan enerji mənbələrinə çıxışını genişləndirir.
Mirbağır YAQUBZADƏ
XQ