Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Xəzər-Qara dəniz-Avropa dəhlizi yeni mərhələyə daxil olur
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin iştirakçı ölkələri cari ilin mart ayında Bakıda keçirilməsi planlaşdırılan nazirlər görüşündən əvvəl həll edilməli olan əsas prioritetləri müəyyənləşdirib. Qərar “Yaşıl Enerji Dəhlizi” birgə müəssisəsinin işçi qrupunun iclasında energetika nazirlərinin müavinləri tərəfindən qəbul edilib. Qara dəniz kabeli və Mərkəzi Asiya-Azərbaycan “yaşıl enerji” kabeli layihələri arasında potensial sinerji məsələləri müzakirə edilib. Görüşün sonunda gələcək fəaliyyətin əsas istiqamətləri və prioritet vəzifələr müəyyən edilib.
Xatırladaq ki, Qara dəniz enerji dəhlizi üzrə nazirlər görüşü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü görüşü zamanı keçiriləcək.
Qeyd edək ki, “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığın əsası 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış memorandumla qoyulub. Belə ki, Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb.
3 qardaşın enerji həmrəyliyi
“Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan edib. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Həmçinin, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə “Xəzər yaşıl enerji dəhlizi” təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəlib.
Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji tədarükü marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur. Bu, təxminən Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin nəqli deməkdir.
Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın “yaşıl körpü”yə çevrilməsi istiqamətində səylər getdikcə artmaqdadır.
Qarabağ Bəyannaməsinin bəndlərindən biri...
Azərbaycan-Qazaxıstan-Özbəkistan alyansının “yaşıl enerji” üzrə vahid siyasəti Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsinin əsas bəndlərindən birini təşkil edir. Sazişdə əsas hədəflərdən biri kimi üzv ölkələr arasında bərpaolunan enerji sahəsində birgə əlaqələrin vahid iqtisadi blokda birləşdirilməsi öz əksini tapıb. Bəyannamənin 11-ci bəndində TDT ölkələri bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla enerji sahəsində strateji tərəfdaşlığın daha da artırılması və bu çərçivədə Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə dəstək ifadə edilib. Sənəddə, həmçinin türk dövlətləri tərəfindən bərpaolunan geniş enerji potensialının imkanları nəzərə alınaraq “yaşıl enerji”nin üzv dövlətlər və üçüncü ölkələr də daxil olmaqla ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişaf etdirilməsi bəyan olunub.
Ərəb dövlətləri də türk “yaşıl enerji ittifaqı”na qoşulur
Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji”nin türk koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.
Beləliklə, böyük karbohidrogen tədarükçüləri olan 3 türk dövləti və onların müttəfiqinə çevrilmiş Səudiyyə Ərəbistanı növbəti onilliklər ərzində qlobal neft istehlakının azalmasını fonunda ənənəvi enerjini kompensasiya edə biləcək “yaşıl enerji” potensialını qlobal bazarlara çıxaracaq. Bununla da, neft-qaz ölkələri kimi tanınmış bu dövlətlərin növbəti mərhələdə əsas vizyonu “yaşıl enerji”nin ixracatçıları kimi formalaşacaq.
Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”
Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Məsələn, 2025-ci il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarında “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək, Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.
E.CƏFƏRLİ