“Yaşıl” gələcəyin “ağıllı qoruq”ları

15.07.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən “Tarixi şəhərlərin rəqəmsal transformasiyası: ağıllı irs, məlumat əsaslı idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusunda paneldə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində “ağıllı qoruq” konsepsiyasının tətbiqi ilə bağlı aparılmış müzakirələr rəqəmsallaşan dünyada bu yanaşmanın qoruqlarda necə gerçəkləşəcəyi barədə təsəvvür yaratdı.

"Ağıllı qoruq" dedikdə, müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə idarə olunan, tarixi-memarlıq abidələrinin mühafizə edildiyi ərazilər başa düşülür. Bu konsepsiya həm mühafizənin, həm də idarəetmənin səmərəliliyini artırmağı hədəfləyir.

Dünya təcrübəsi göstərir ki, tarixi-memarlıq qoruğu kontekstində "ağıllı" yanaşma, abidələrin, sadəcə, fiziki mühafizəsindən ibarət deyil. Bu yanaşmada abidələrin, yaxud, ümumilikdə, bütün qoruğun rəqəmsal əkizinin yaradılması və texnologiya vasitəsilə "yaşadılması" hədəf götürülür. Beləliklə, tarixi toxumaya zərər vermədən modern idarəetmə sistemi qurulur. Mədəni irs obyektləri sensorlar, süni intellekt, rəqəmsal əkizlər və smart idarəetmə vasitəsilə proaktiv, davamlı şəkildə qorunur. Nəticədə həm texniki monitorinq, həm də idarəetmə və icma iştirakı yenidən qurulur.

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunda rəqəmsallaşmaya doğru artıq müəyyən addımlar atılıb. Bilet satışı rəqəmsallaşdırılıb. Həmçinin qoruq ərazisində dövlət qeydiyyatına alınmış tarixi-memarlıq abidələri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilib. Yeni aşkar edilmiş abidələrin də elektron reyestrə daxil edilməsi işi davam etdirilir. Reyestrin Azərbaycan və ingilis dilində məlumat bazasına malik olması, xəritədə abidələrin koordinatlarının işarələnməsi, foto və sənədlərin bazaya daxil edilməsi əlçatanlığı artırır. Paralel olaraq turizm xidmətinin keyfiyyətinə müsbət təsir edir.

Qoruq ərazisində yerləşən dünya əhəmiyyətli abidə - Şəki Xan sarayında və ölkə əhəmiyyətli abidə - Şəkixanovların evində rütubət və temperatur sensorlarının quraşdırılası bu sahədə atılmış önəmli addımlardan biridir. Sensorlar tarixi abidələrdə duzlaşma və dağılmanın qarşısını almaq üçün daxili temperaturu və rütubəti izləyir. Xüsusi cihazlar vasitəsilə otaqların daxilində rütubət stabil normada saxlanılır.

Bütün bunlarla yanaşı, qloballaşan dünyada “ağıllı qoruq” konsepsiyasının rəqəmsal əkiz, “ağıllı” turizm sistemi və tarixi abidələrin monitorinqi kimi prioritet tələblərin də yaxın gələcəkdə reallaşması hədəflənir.

“Ağıllı qoruq” konsepsiyası tələb edir ki, rəqəmsal əkiz və tarixi binaların məlumat modeli yaradılsın. Abidələrin lazer skaneri vasitəsilə 3D modellərinin yaradılması, sadəcə, görüntü deyil, həm də mühəndis məlumatlarını özündə ehtiva edə bilər.

Bu konsepsiya tətbiq olunarsa, Struktur Sağlamlıq Monitorinqi (SHM) aparıla bilər. Divarlara və təmələ yerləşdirilən simsiz sensorlar vasitəsilə abidənin "nəbzi" tutula, yaxınlıqdan keçən ağır texnikanın və ya seysmik aktivliyin binaya təsiri ölçülə bilər. Bu isə əlbəttə ki, abidənin mühafizəsi və gələcək nəsillərə ötürülməsi baxımından çox vacib nüansdır.

"Ağıllı" Turizm və İşıqlandırma AR/VR (Artırılmış Reallıq) dünyanın bir sıra ölkələrində, xüsusilə də arxeoloji irs zonalarında tətbiq olunur. Turistlər telefonlarını dağılmış divara tutduqda və ya xüsusi quraşdırılmış ekrandan baxdıqda abidənin əsl və tam görüntüsünü ekranda görürlər.

“Ağıllı qoruq” konsepsiyasında ən vacib və faydalı nüanslardan biri isə abidələrin monitorinqidir. Hazırda qoruq ərazisində abidələrin monitorinqini abidə mühafizəçiləri aparırlar. Ancaq “ağıllı qoruq” konsepsiyasında bu işi qismən rəqəmsallaşdırmaq mümkündür. Belə ki, məlumatın toplanması pilotsuz uçuş aparatları və lazer skanerlərin köməyi ilə aparıla bilər. Bu isə toplanan məlumatlar əsasında rəqəmsal əkizin yaradılmasını asanlaşdırar.

Süni intellekt mövcud vəziyyəti keçmiş məlumatlarla müqayisə edərək dəyişiklikləri aşkar edir. Sİ-nin vizual tanıma alqoritmləri abidənin səthindəki aşınmaları rəng kodları ilə işarələyə bilər ki, bu da tarixi abidələri "canlı orqanizm" kimi daimi nəzarətdə saxlanılması, restavrasiya işlərinin isə daha dəqiq və qənaətli şəkildə həyata keçirilməsi üçün effektiv ola bilər.

Ümumiyyətlə, “ağıllı qoruq” konsepti smart qorunma və idarəetməni birləşdirən, inteqrasiya olunmuş, proaktiv qoruma modelidir. Bu model mədəni irsin uzunmüddətli, dayanıqlı və şəffaf qorunması üçün güclü imkanlar yaradır. Uğurlu tətbiq üçün texniki innovasiyalarla yanaşı, standartlaşma, etik və hüquqi çərçivələr, həm də yerli icmaların və çoxsahəli tərəfdaşlıqların gücləndirilməsi vacibdir.

Zəminə RƏSULOVA,
Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью