Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

09.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 9 oktyabr, AZƏRTAC

Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam Həyat Tərzinin Təşviqi” layihəsi çərçivəsində “Yaşıl Gəncə Platforması” Forumu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən forumda dövlət qurumlarının, yerli idarəetmə orqanlarının və bələdiyyələrin, ali təhsil müəssisələrinin, QHT-lərin, ekoloji sahə üzrə mütəxəssislərin, turizm sektorunun və gənclərin nümayəndələri olmaqla 250 nəfər iştirak edib.

Tədbir çərçivəsində Gəncənin ekoloji gündəliyinə həsr olunan üç panel müzakirəsi keçirilib.

“Gəncənin ekoloji çağırışları: iqlim, su, tullantı və şəhər mühiti” adlı ilk paneldə iqlim dəyişmələrinin şəhər ekosistemlərinə təsiri, su ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması və davamlı şəhər inkişafı məsələləri müzakirə edilib.

“Elm, innovasiya və dayanıqlı gələcək: texnologiya, enerji və ərzaq təhlükəsizliyi” mövzusunda ikinci paneldə universitetlərin elmi və laboratoriya potensialından istifadə, yaşıl texnologiyalar, enerji səmərəliliyi, bərpa olunan enerji və ərzaq təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub. Müzakirələrdə universitet–QHT, universitet–fermer və universitet–startap əməkdaşlığının genişləndirilməsi, pilot layihələrin hazırlanması və günəş enerjisindən istifadənin artırılması ilə bağlı təkliflər səsləndirilib.

Üçüncü panel “Yaşıl inkişaf, yerli idarəetmə, gənclər və tərəfdaşlıq” mövzusuna həsr olunub. Paneldə yaşıl turizmin inkişafı, təbii və mədəni irsin qorunması, bələdiyyələrin ekoloji təşəbbüslərdə rolu, gənclərin ekoloji proseslərə cəlb olunması və könüllülük imkanları müzakirə edilib.

Forumun yekununda Gəncənin ekoloji çağırışlarının həllində dövlət qurumları, bələdiyyələr, universitetlər, QHT-lər, özəl sektor və yerli icmalar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Elmi biliklərin praktik təşəbbüslərlə əlaqələndirilməsi, birgə və pilot layihələrin hazırlanması, eləcə də gənclərin bu proseslərdə fəal iştirakının təmin edilməsi əsas prioritetlərdən biri kimi qeyd olunub.

Tədbir iştirakçıları gələcəkdə ekoloji ideyaların birgə layihələrə çevrilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Müxbir – Elcan Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью