Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaşıl hidrogen istehsalının səmərəliliyinin və dayanıqlığının artırılması istiqamətində mühüm elmi nəticə əldə olunub.
Bu barədə “Nature Communications” jurnalında dərc olunan yeni araşdırmada qeyd olunub.
Bildirilir ki, Yijie Zhang, Yixiao Zou və Guang Liu tərəfindən aparılan tədqiqatda suyun elektrolizi zamanı istifadə olunan nikel-dəmir əsaslı katalizatorun yüksək cərəyan sıxlığında uzunmüddətli sabitliyinin artırılması üçün yeni yanaşma təqdim edilib. Alimlərin hazırladığı materialın əsas üstünlüyü bahalı nəcib metallardan istifadə edilməməsidir.
Araşdırmada müəlliflər nikel-dəmir oksihidroksid əsaslı katalizatorda “ikili anion tənzimlənməsi” strategiyasından istifadə ediblər. Bu yanaşmanın katalizatorun oksigen ayrılması reaksiyası zamanı struktur və elektrokimyəvi sabitliyini qorumasına imkan verdiyi müəyyənləşdirilib.
Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri katalizatorun sənaye üçün əhəmiyyətli hesab olunan 1 amper/sm² cərəyan sıxlığında 3400 saatdan artıq sabit işləməsi olub. Alimlər bunun yaşıl hidrogen istehsalının sənaye miqyasında genişləndirilməsi baxımından mühüm nəticə olduğunu bildirirlər.
Yaşıl hidrogen bərpaolunan enerji hesabına suyun elektrolizi yolu ilə istehsal olunur. Bu texnologiyanın əsas üstünlüklərindən biri enerji istehsalında karbon emissiyalarının azaldılması potensialıdır. Lakin onun genişmiqyaslı tətbiqində elektroliz qurğularının həm yüksək məhsuldarlıq, həm də uzunmüddətli dayanıqlıq nümayiş etdirməsi mühüm şərtlərdən biri olaraq qalır.
Yeni araşdırmanın müəlliflərinin əldə etdiyi nəticə məhz bu baxımdan diqqət çəkir. Nəcib metallara əsaslanmayan katalizatorun yüksək cərəyan yüklənməsi altında uzun müddət fəaliyyət göstərə bilməsi gələcəkdə daha davamlı və iqtisadi baxımdan əlçatan elektroliz sistemlərinin hazırlanmasına imkan yarada bilər.
Alimlərin yanaşması eyni zamanda materialşünaslıq və elektrokimyanın yaşıl enerji texnologiyalarının inkişafında oynadığı rolu göstərir. Katalizatorların aktivliyinin artırılması ilə yanaşı, onların uzunmüddətli istismar zamanı sabitliyinin qorunması hidrogen energetikasının kommersiyalaşdırılması üçün əsas elmi-texniki məsələlərdən biri hesab olunur.
Tədqiqatın nəticələri göstərir ki, yaşıl hidrogen sahəsində növbəti mərhələnin əsas hədəflərindən biri yalnız daha çox hidrogen istehsal etmək deyil, bunu daha dayanıqlı, etibarlı və resurs baxımından səmərəli texnologiyalarla həyata keçirməkdir.
Nurəngiz Adilqızı
XQ