“Yaşıl inqilab”ın Azərbaycan ünvanı

15.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dünya enerji sistemindəki böyük dəyişiklik qlobal iqtisadiyyatın bu gününü formalaşdıran prosesə çevrilib. Ticarət məhdudiyyətlərinin, gömrük tariflərinin və geosiyasi risklərin artdığı bir şəraitdə belə bərpaolunan enerji texnologiyalarına qlobal tələbat sürətlə genişlənir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatları da bu tendensiyanın miqyasını aydın göstərir. Günəş panelləri, külək turbinləri, batareyalar, elektrik avtomobilləri, istilik nasosları və hidrogen istehsalında istifadə olunan elektrolizatorları əhatə edən bərpaolunan enerji texnologiyaları bazarının həcmi 2025-ci ildə 1,1 trilyon dolları keçib.

Bu rəqəm enerji sektorunda yeni iqtisadi reallığın formalaşdığını göstərir. Son dövrdə sözügedən bazarın orta illik artımı təxminən 20 faiz təşkil edib. Texnologiyaların geniş yayılmasının əsas səbəblərindən biri isə istehsal xərclərinin aşağı düşməsidir. Belə ki, 2023-2025-ci illərdə günəş modullarının qiyməti təxminən yarıbayarı ucuzlaşıb, batareya paketlərinin dəyəri isə təqribən 30 faiz azalıb. Başqa sözlə, “yaşıl” enerji artıq ekoloji gündəmin çərçivəsindən çıxaraq iqtisadi rəqabət qabiliyyətinin mühüm elementinə çevrilib.

Enerji təhlükəsizliyi amili də bu prosesə əlavə sürət verir. İdxal olunan neft, qaz və digər qazıntı yanacaqlarından asılılıq ölkələri qiymət dəyişkənliyi və geosiyasi risklər qarşısında daha həssas edir. Bərpaolunan enerji mənbələri isə daxili enerji resurslarından daha geniş istifadə etməyə, enerji idxalını azaltmağa və uzunmüddətli perspektivdə daha dayanıqlı enerji sistemi qurmağa imkan yaradır.

“Yaşıl” enerjiyə “yaşıl” işıq

“Yaşıl” enerji texnologiyalarının qlobal miqyasda sürətlə yayılması onların istehsalına marağı da artırıb. Bununla belə, son dövrdə investisiyalarda müəyyən geriləmə müşahidə olunur. Təmiz enerji avadanlıqlarının istehsalına yönəldilən qlobal investisiyalar 2023-cü ildə 220 milyard dollara yüksəlsə də, sonrakı illərdə azalmağa başlayıb və 2025-ci ildə 200 milyard dollar həddinin altına düşüb. Bu vəziyyətin əsas səbəblərindən biri istehsal güclərinin tələbi qabaqlamasıdır. Məsələn, 2024-cü ildə dünyada günəş panelləri üzrə mövcud istehsal imkanları qlobal tələbatın təxminən 2 misli, batareya elementlərinin istehsal gücü isə tələbatdan 3 dəfədən çox olub. Bu mənzərə investorlara bazarın gələcək imkanları ilə yanaşı, artıq istehsal risklərini də nəzərə almağın vacibliyini göstərir.

Bu sahədə Çin xüsusi mövqeyə malikdir. 2020-ci ildən etibarən təmiz enerji texnologiyalarının istehsalına qlobal investisiyaların təxminən 70 faizinin Çinin payına düşməsi ölkənin bu sektordakı üstünlüyünü nümayiş etdirir. Eyni zamanda, Avropa İttifaqı, Koreya Respublikası və Hindistan da istehsal imkanlarını sürətlə genişləndirir. Aİ-də 2023-2024-cü illərdə təmiz enerji istehsalına investisiyalar təxminən iki dəfə artıb. Hindistanda artım 65 faizdən çox, Koreyada isə 25 faiz təşkil edib.

Maraqlı məqam ondan ibarətdir ki, bütün bu inkişaf fonunda qoruyucu tədbirlər də güclənir. Günəş enerjisi təchizat zəncirində tariflər və digər ticarət məhdudiyyətləri artır. 2024-cü ildə bu sahədə qlobal çəkili orta gömrük tarifinin əvvəlki illə müqayisədə təxminən 9 dəfə yüksələrək 36 faizə çatması yaşıl enerji texnologiyalarının artıq qlobal ticarət rəqabətinin əsas istiqamətlərindən birinə çevrildiyini göstərir.

Lakin tariflər və ticarət baryerləri bazarın böyüməsinin qarşısını ala bilməyib. 2025-ci ilin ikinci rübündə təmiz enerji texnologiyaları üzrə beynəlxalq ticarətin həcmi yeni rekord səviyyəyə çatıb. Çinin bu məhsullar üzrə ixracı da il ərzində 11 faiz artaraq 160 milyard dolları ötüb. Qarşıdakı onillikdə Çin istehsalında elektrik avtomobilləri, batareyalar və istilik nasosları üzrə artımın 40-50 faizinin xarici bazarlara istiqamətlənəcəyi gözlənilir.

2035-ci ilə gedən enerji yolu

Agentliyin qiymətləndirmələri qarşıdakı illərdə təmiz enerji bazarının daha da böyüyəcəyini göstərir. Mövcud dövlət siyasətləri davam etdirilərsə, bazarın həcminin 2035-ci ildə təxminən 1,9 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır. Hökumətlərin elan etdiyi enerji və iqlim hədəflərinin tam şəkildə həyata keçirilməsi isə bu rəqəmi 2,6 trilyon dollardan yuxarı çıxara bilər.

Bu mənzərədə elektrikli nəqliyyat vasitələri xüsusi çəkiyə malik olacaq. Proqnozlara görə, 2030-cu illərin ortalarında təmiz enerji texnologiyaları bazarının ümumi dəyərinin təxminən dörddəüçünü elektrikli nəqliyyat vasitələri formalaşdıracaq. Deməli, enerji keçidi avtomobil sənayesindən tutmuş metallurgiyaya, elektronika istehsalından logistika və maliyyə sektoruna qədər çoxsaylı sahələrdə yeni iqtisadi imkanlar yaradacaq.

Avropanın enerji xəritəsində də ciddi dəyişiklik gözlənilir. Aİ-də ümumi enerji istehlakında qalıq yanacaq idxalının payının 2024-cü ildəki 55 faizdən 2035-ci ildə 40 faizə qədər azalacağı proqnozlaşdırılır. Bu, enerji keçidinin həm iqlim siyasəti, həm də milli təhlükəsizlik və iqtisadi dayanıqlılıq məsələsinə çevrildiyini göstərir.

Azərbaycana artan diqqət

Qlobal enerji sistemində baş verən bu dəyişiklik Azərbaycan üçün də geniş perspektivlər açır. Ölkəmiz uzun illər neft və qaz resursları hesabına həm daxili enerji tələbatını ödəyib, həm də beynəlxalq bazarlarda mühüm enerji təchizatçısı kimi çıxış edib. İndi isə Azərbaycanın enerji siyasətində yeni mərhələ – bərpaolunan enerji mənbələrinin genişmiqyaslı inkişafı ön plana çıxır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, günəş radiasiyasının yüksək göstəriciləri, xüsusilə Naxçıvan və ölkənin digər ərazilərində günəş enerjisi imkanları, Xəzər dənizinin güclü külək potensialı “yaşıl” enerji istehsalının genişləndirilməsi üçün ciddi baza yaradır. Müxtəlif qiymətləndirmələrə görə, ölkənin texniki bərpaolunan enerji potensialı yüzlərlə giqavatla ölçülür. İqtisadi baxımdan səmərəli potensialın da böyük hissəsi günəş və külək enerjisinin payına düşür.

Azərbaycanın qarşıya qoyduğu hədəf bu potensialı iqtisadi aktivə çevirməkdir. Qarşıdakı illərdə yeni günəş və külək elektrik stansiyalarının yaradılması, elektrik şəbəkəsinin gücləndirilməsi və “yaşıl” enerjinin ixrac imkanlarının genişləndirilməsi ölkənin enerji strategiyasının əsas istiqamətlərindən biri kimi diqqət çəkir.

Xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı Azərbaycanın gələcək enerji ixracında yeni səhifə aça bilər. Dənizdə istehsal edilən elektrik enerjisinin daxili tələbatı ödəməklə yanaşı, regional və Avropa bazarlarına çıxarılması ölkənin enerji tranziti imkanlarını daha da genişləndirə bilər. Bu baxımdan Azərbaycanın “yaşıl” enerji layihələri enerji istehsalı məsələsi olmaqla yanaşı, yeni ixrac və investisiya platformasının formalaşması kimi qiymətləndirilə bilər. Naxçıvanın da bu prosesdə xüsusi yeri var. Günəşli günlərin çoxluğu və əlverişli təbii-coğrafi şərait muxtar respublikanı günəş enerjisi istehsalı baxımından Azərbaycanın ən perspektivli ərazisidir. Burada formalaşdırılacaq böyük həcmli bərpaolunan enerji potensialı daxili tələbatı ödəməklə yanaşı, elektrik enerjisinin ixracı və regional enerji bağlantılarının inkişafı üçün də imkan yarada bilər.

Beləliklə, dünya təmiz enerji texnologiyalarında yeni iqtisadi dövrə daxil olur. Günəş paneli, batareya, külək turbinləri və elektrik avtomobilləri artıq gələcəyin texnologiyaları kimi deyil, trilyon dollarlıq qlobal bazarın əsas məhsulları kimi çıxış edir. Azərbaycan üçün əsas məsələ isə bu qlobal dalğanın kənarında qalmaq yox, ölkənin zəngin günəş və külək resurslarını iqtisadi dəyərə çevirməkdir. Əgər enerji keçidinin yaratdığı imkanlardan səmərəli istifadə olunarsa, Azərbaycan ənənəvi enerji ixracatçısı statusunu qorumaqla yanaşı, gələcəkdə “yaşıl” enerjinin və yeni enerji texnologiyalarının regional istehsal və ixrac mərkəzlərindən birinə çevrilə bilər.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью