“Yaşıl Yol Xəritəsi” Bərdədə

22.06.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Tədbirləri davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək üçün Bərdədə dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarına 3 gün ərzində təlimlər keçirilib.

Bərdədə, oteldə baş tutan təlimdə iştirakçılar tanışlıqdan sonra Google üzərindən təlim öncəsi sorğu anketini doldurublar. Bundan sonra “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev layihə barədə qısa məlumat verib. O, qeyd edib ki, dünyanın müxtəlif ölkələrində təşkilatlar və şirkətlər tədbirlərini daha dayanıqlı etmək barədə düşünürlər: “Dayanıqlılıq dövri iqtisadiyyat prinsiplərinə əməl olunması, davamlı inkişaf məqsədlərinin dəstəklənməsidir. Bu, tədbirlər sənayesində sadəcə bir dəb deyil, həm də müasir dövrün vacib tələblərindən biridir. “Yaşıl Yol Xəritəsi” adlanan yeni layihəmiz də bu məqsədə
xidmət edir”.

Vətəndаşlаrın Əməк Hüquqlаrını Müdаfiə Liqаsı İcrаiyyə Коmitəsinin sədri, təlimçi Sahib Məmmədov davamlı tədbirlərin idarə edilməsinin tərəfləri və vəzifələri, tədbirlərin ətraf mühitə təsiri və ekoloji izi, tədbir məkanının, qonaqlar və iştirakçılar üçün yaşayış yerinin seçilməsi, tədbirlərin təşkilində inklüziv yanaşmalar, qidalanma və davamlı inkişaf, davamlı tədbirlər sahəsində standartlar və sertifikatlar barədə ətraflı izahat verib.

S.Məmmədov bildirib ki, təlimlər onun gözlədiyindən daha yaxşı alınıb: “Layihə çox aktual olsa da ölkədə demək olar ki, bu mövzuda ilk dəfə təlimlər təşkil edilir, özü də regionlarda. 3 gün davam etməsinə baxmayaraq, təlim iştirakçıları darıxmadı və fəallıq göstərdi. Təlim maraqlı diskussiyalar və suallarla müşaiyət olundu. Bir neçə təqdimatdan sonra keçirlən qrup tapşırıqları, xüsusən açıq məkanda davamlı tədbirin təşkili və Dayanıqlı Tədbir Bələdçisinin hazırlanması üçün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirildi. Bu o deməkdir ki, auditoriya hazırlıqlıdır, benefesiarlar düzgün seçilib.

Qrup tapşırıqları zamanı auditoriyanın təlimləri yaxşı mənimsədiyi müəyyən olundu”.İştirakçılar bildiriblər ki, təlim gözləntilərilərini doğruldub. Onlar bu məlumatların çox faydalı, təlimçinin hazırlıqlı olduğunu və ünsiyyət bacarığını, sualların tam cavablandırdığını, materialların keyfiyyəti və məkanın rahatlığını diqqətə çatdırıblar. “Prime Cotton” MMC-nin Bərdə filialının nümayəndəsi Sənan Əlizadə gələcək təlimlərlə bağlı fikirlərini də bölüşüb: “Torpaq və su ehtiyatlarının qorunması, pestisid və gübrələrin ekoloji təhlükəsiz tətbiqi, davamlı kənd təsərrüfatı, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri və ekoloji risklərin idarə olunması mövzularının müzakirə edilməsini istərdim”.

Təlimlər zamanı ənənəvi tədbirlərdən fərqli olaraq kağız və plastik məhsullardan istifadə minimuma endirilib. Belə ki, bütün sorğular onlayn aparılıb. Əvvəldən müzakirə aparmaq üçün Whatsapp qrupu yaradılıb, pdf-də hazırlanmış 80 səhifəlik “Dayanıqlı Tədbirlər Bələdçisi” adlı kitab, tədbirin gündəliyi və digər məlumatlar də bura göndərilib.

Təlimin sonunda qazanılmış biliklərin qiymətləndirilməsi də google anket üzərindən aparılıb. Plastik qablarda sulardan imtina edilib, əvəzində hər bir iştirakçı üzərində adı olan stəkanla kəhrizdən gətirilən və şüşə qablara doldurulan sulardan içib. Tullantıların atılması üçün təlim otağında üstünə “şüşə”, “plastik”, “kağız” və “digər” sözləri yazılan torbalar qoyulub.

2026-cı il mayın 1-dən başlayan və avqustun sonunadək davam edəcək layihə çərçivəsində növbəti təlimlər Gəncə və Bərdədə təşkil olunacaq. Layihənin sonunda dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarına tədbirlərini davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək üçün Davamlı Tədbirlər Bələdçisi hazırlamaqda mentor dəstəyi göstəriləcək.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью