Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Azərbaycanda son illər yeni meşə massivlərinin salınması və yaşıllıq ərazilərinin genişləndirilməsi məsələsi əvvəlki dövrlərlə müqayisədə daha az gündəmə gəlir. Xüsusilə Bakı və Abşeron yarımadasında, eləcə də magistral yolların kənarlarında yaşıllıq zolaqlarının yaradılması istiqamətində işlərin zəiflədiyi müşahidə olunur.
Bəs ölkədə yaşıllaşdırma hərəkatının zəifləməsinin səbəbi nədir? Yaşıllıqların salınması niyə sistemli dövlət siyasətindən daha çox ayrı-ayrı kampaniyalar çərçivəsində həyata keçirilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanda bir çox sahədə olduğu kimi, meşəsalma və yaşıllaşdırma işləri də kampaniya xarakteri daşıyır.
“Bundan əvvəlki ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yaşıllıqların salınmasına daha meyilli idi. Ondan əvvəl Hüseynqulu Bağırov da bu məsələdə fəal olub. Bu, ilk növbədə nazirliyin rəhbərliyində dayanan şəxslərdən asılıdır. Əslində, bu, bir mədəniyyətdir. İctimai təşkilatlar da bununla məşğul ola bilərlər”, – deyə ekoloq vurğulayıb.
Yaşıllaşdırma niyə kampaniya xarakteri daşıyır?
Qorxmaz İbrahimlinin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının maliyyə imkanlarının məhdudluğu onların yaşıllaşdırma istiqamətində genişmiqyaslı layihələr həyata keçirməsinə mane olur. O hesab edir ki, yeni ağacların əkilməsi ilə yanaşı, mövcud yaşıllıq sahələrinin qorunması da prioritet olmalıdır.
Ekoloq qeyd edib ki, son dövrlərdə əsas diqqət Qarabağda və işğaldan azad edilmiş digər ərazilərdə yaşıllıqların salınmasına, meşələrin bərpasına yönəlib. Lakin onun fikrincə, Bakı və Abşeron yarımadasında, eləcə də əsas magistral yolların ətrafında analoji fəaliyyət əvvəlki səviyyədə deyil.
“Bakı ətrafında, Abşeron yarımadasında, xüsusilə Şamaxı istiqamətində, Quba yolunda, Bakı-Salyan yolunda yaşıllaşdırma məsələsi sanki arxa plana keçib. Təəssüf ki, bu sahədə vəzifə borclarını yerinə yetirmirlər”, – deyə Q.İbrahimli bildirib.
Yaşıllaşdırma yalnız bir nazirliyin işi deyil
Ekoloq hesab edir ki, problemin həlli yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulmamalıdır. Onun fikrincə, müxtəlif dövlət qurumları birgə layihələr hazırlamalı, bu layihələri maliyyələşdirməli və prosesə ictimaiyyət, könüllülər, məktəblilər və tələbələr cəlb edilməlidir.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi bu istiqamətdə birgə layihələr həyata keçirə bilər. Qeyri-hökumət təşkilatları və könüllülər də bu prosesə fəal şəkildə cəlb olunmalıdır. Məktəblilərin və universitet tələbələrinin ictimai fəaliyyətə cəlb olunması mühüm əhəmiyyət daşıyır”, – deyə Q.İbrahimli vurğulayıb.
Onun sözlərinə görə, yaşıllaşdırma yalnız ağac əkməkdən ibarət deyil. Bu proses eyni zamanda cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılmasını nəzərdə tutur. Bu baxımdan müxtəlif qurumların koordinasiyalı fəaliyyəti vacibdir.
Ekoloq hesab edir ki, Qarabağda meşələrin bərpası ilə yanaşı, Bakı, Abşeron və ölkənin digər bölgələrində yeni meşə massivlərinin salınması da sistemli dövlət proqramının tərkib hissəsinə çevrilməlidir.
Aynurə İsmayıl
KONKRET.az