Yaşıllıqlar üzərində qara kabus

08.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerika ağ kəpənəyi bağlara, meşələrə divan tutur

Son günlər ölkənin müxtəlif bölgələrində, xüsusilə Bakı və Abşeron yarımadasında Amerika ağ kəpənəyinin sürətlə yayılması yenidən gündəmin əsas mövzularından birinə çevrilib. İlk baxışdan adi zərərverici kimi görünən bu həşərat, əslində, kənd təsərrüfatı, şəhər yaşıllıqları, meyvəçilik, ekoloji tarazlıq və hətta ərzaq bazarının sabitliyi üçün ciddi narahatlıq yaradan invaziv növlərdən hesab olunur.

Məsələyə daha çox diqqətçəkən əsas məqam ondan ibarətdir ki, söhbət təkcə ayrı-ayrı ağacların qurumasından getmir. Bu zərərvericinin kütləvi yayılması meyvə bağlarının məhsuldarlığını azaldır, şəhərlərin yaşıllıq fonduna zərər vurur, kənd təsərrüfatı istehsalçılarını iqtisadi itkilərlə üzləşdirir və nəticədə ərzaq bazarında müəyyən məhsulların bahalaşmasına təsir göstərir. Buna görə də mütəxəssislər tərəfindən Amerika ağ kəpənəyinə qarşı mübarizə təkcə aqrar tədbir deyil, eyni zamanda, dövlətin fitosanitar təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanır.

Əlbir fəaliyyət zəruridir

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zərərvericiyə qarşı genişmiqyaslı monitorinq və mübarizə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurbanın bildirdiyinə görə, may ayının əvvəllərindən etibarən Aqrar Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi Amerika ağ kəpənəyinin yayılma ehtimalı yüksək olan Lənkəran-Astara, Quba-Xaçmaz, Zaqatala-Balakən iqtisadi rayonlarında, eləcə də Abşeron ərazisində intensiv müşahidələr və mübarizə tədbirləri aparır.

Bununla yanaşı, mütəxəssislər fermerlər və əhali arasında maarifləndirmə işlərini getdikcə gücləndirir, videoçarxlar hazırlayaraq ictimaiyyətə təqdim edirlər. Bu yanaşma göstərir ki, mübarizə təkcə pestisidlərin tətbiqi ilə məhdudlaşmır, əhalinin prosesə cəlb olunması da əsas prioritetlərdən biri sayılır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Şəki-Zaqatala bölgələrində fitosanitar monitorinqlər keçirərək zərərvericinin yayıldığı ərazilərdə mexaniki məhvetmə tədbirləri həyata keçirir, sakinlərə geniş məlumat verir. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi isə paytaxtda əvvəlcədən hazırlanan tədbirlər planı əsasında gündəlik monitorinqlər aparmaqla dərmanlama işlərini davam etdirir.

Ağ kəpənəyin qara izləri

Mütəxəssislərin fikrincə, Amerika ağ kəpənəyi dünyanın ən təhlükəli invaziv fitosanitar zərərvericilərindən biridir. Onun əsas təhlükəsi bir neçə amillə bağlıdır. Belə ki, əvvəla, zərərverici polifaqdır. Yəni yalnız bir ağac növü ilə qidalanmır. 200-dən çox, bəzi mənbələrə görə isə 230-dək ağac, kol və ot bitkisinə zərər verir. Onun qida bazasına tut, alma, armud, ərik, şaftalı, alça, gavalı, qovaq, yasəmən, qarağat, göyrüş, itburnu və onlarla digər bitki növü daxildir. Bu isə o deməkdir ki, zərərvericinin yayılması yalnız meyvə bağlarını deyil, parkları, meşə zolaqlarını, küçə yaşıllıqlarını və fərdi təsərrüfatları da təhlükə ilə üzləşdirir.

İkinci xüsusiyyət isə onun çox sürətlə çoxalmasıdır. Azərbaycanda, adətən, ildə iki nəsil verir. İqlim əlverişli olduqda üçüncü natamam nəslin yaranması da mümkündür. Məhz bu xüsusiyyət qısa müddət ərzində böyük ərazilərin yoluxmasına səbəb olur.

Ekoloqlar bildirirlər ki, zərərvericinin təhlükəsi onun həyat dövrü ilə birbaşa bağlıdır. Tırtıllar əvvəlcə yarpaqları hörümçək toruna bənzər ağ torlarla örtür, sonra həmin torların içərisində sürətlə qidalanır. Bir neçə gün ərzində budaqlar tamamilə yarpaqsız qalır.

Fotosintezin dayanması nəticəsində ağac zəifləyir. Təkrar yoluxmalar isə ağacın tam qurumasına qədər gətirib çıxarır. Ekoloq Sadiq Həsənovun qeyd etdiyi kimi, vaxtında müdaxilə olunmadıqda tək bir yoluxmuş budaq qısa müddətdə bütün ağacın məhv olmasına səbəb olur.

Zərərvericinin törətdiyi iqtisadi nəticələr isə gözlənildiyindən daha böyükdür. Bu baxımdan Amerika ağ kəpənəyinin yaratdığı təhlükə təkcə ekoloji problemlərlə məhdudlaşmır. Qida məsələləri üzrə ekspert İlkin Şirinov qeyd edir ki, zərərvericinin kütləvi yayılması meyvə və tərəvəz istehsalını azaldır. Bu isə bazarda təklifin azalmasına, bəzi məhsullar üzrə qiymət artımının yaranmasına gətirib çıxarır. Əslində burada söhbət klassik iqtisadi qanunauyğunluqdan gedir.

Bu, o deməkdir ki, məhsuldarlıq aşağı düşürsə, istehsal xərcləri artır, məhsulun maya dəyəri yüksəlir və nəticədə qiymətlərə təzyiq yaranır. Bəzi hallarda süni qiymət artımı üçün də münbit şərait formalaşır. Məhz buna görə də fitosanitar təhlükəsizlik həm də ərzaq təhlükəsizliyinin mühüm komponentlərindən biri hesab edilir.

Kimyəvi mübarizə necə gedir?

Ekoloq Ənvər Əliyevin fikrincə, Amerika ağ kəpənəyinə qarşı mübarizədə təkcə pestisidlərə arxalanmaq düzgün yanaşma deyil. Ən səmərəli üsul inteqrə olunmuş mübarizə formasıdır. Bu yanaşma mütəmadi monitorinqlərin aparılması, mexaniki məhvetmə üsulunun diqqətdə saxlanılması, aqrotexniki tədbirlərin həyata keçirilməsi, bioloji preparatlardan istifadə olunması və zərurət yarandıqda kimyəvi dərmanlama kimi istiqamətləri əhatə edir.

Kimyəvi preparatlar yalnız kiçik yaşlı tırtılların kütləvi əmələ gəldiyi dövrdə daha yüksək nəticə verir. Bununla yanaşı, preparatların dozasının düzgün müəyyən edilməsi, qoruyucu vasitələrdən istifadə edilməsi və təhlükəsizlik qaydalarına ciddi əməl olunması vacib şərtdir.

Bitki mühafizəsi üzrə mütəxəssislər bildirirlər ki, Amerika ağ kəpənəyinə qarşı mübarizədə vaxt amili həlledici rol oynayır. Belə ki, əgər torlu yuvalar ilkin mərhələdə aşkarlanarsa, budaqlar kəsilərək məhv edilir, yoluxma mənbəyi aradan qaldırılır, geniş yayılmanın qarşısı alınır. Əks halda milyonlarla yumurta qoyan zərərvericinin populyasiyasını nəzarətdə saxlamaq olduqca çətinləşir.

Hazırda Bakı şəhərində xüsusilə tut və qarağaclarda kütləvi yoluxmalar müşahidə olunur. Əgər proses vaxtında dayandırılmazsa, növbəti mərhələdə Şərq çinarları da bu təhlükə ilə üzləşə bilər. Bu isə paytaxtın yaşıllıq sisteminə ciddi zərbə deməkdir.

Şəhər ağacları yalnız estetik funksiyaya malik deyil. Onlar havanı təmizləyir, temperaturu aşağı salır, karbon qazını udur, şəhərin mikroiqlimini formalaşdırır və bioloji müxtəlifliyi qoruyur. Beləliklə, bir zərərvericinin yayılması bütöv şəhər ekosisteminə təsir göstərən prosesə çevrilir.

Dünyada vəziyyət necədir?

ABŞ, İtaliya, Macarıstan, Serbiya, Çin və Cənubi Koreya kimi ölkələrdə Amerika ağ kəpənəyinə qarşı uzun illərdir ki, inteqrə edilmiş idarəetmə modeli tətbiq olunur. Belə bir modeldə əsas üstünlük profilaktikaya verilir. Belə ki, bu istiqamətdə erkən müşahidələr aparılır, bioloji preparatlardan istifadə genişləndirilir, yoluxmuş ərazilər dərhal lokallaşdırılır və əhali mütəmadi məlumatlandırılır.

Beynəlxalq təcrübə göstərir ki, zərərvericinin tam məhv edilməsi demək olar ki, mümkün deyil. Əsas məqsəd onun populyasiyasını iqtisadi zərər həddindən aşağı səviyyədə saxlamaqdır. Mövcud vəziyyət göstərir ki, Amerika ağ kəpənəyi ilə mübarizə təkcə bir qurumun və ya bir sahənin işi deyil. Burada kənd təsərrüfatı, ekologiya, fitosanitar nəzarət, bələdiyyələr, şəhər təsərrüfatı, fermerlər və vətəndaşların koordinasiyalı fəaliyyəti tələb olunur.

Dövlət qurumlarının həyata keçirdiyi monitorinqlər, maarifləndirmə və operativ müdaxilə tədbirləri düzgün istiqamətdə atılmış addımlar hesab edilir. Bununla yanaşı, prosesin davamlılığı, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, bioloji mübarizə üsullarının genişləndirilməsi və ictimai iştirakçılığın artırılması gələcək nəticələr baxımından xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, Amerika ağ kəpənəyinin yayılması bir daha göstərir ki, fitosanitar təhlükəsizlik artıq yalnız kənd təsərrüfatı məsələsi deyil. Bu problem ərzaq təhlükəsizliyi, ekoloji sabitlik, şəhər yaşıllıqlarının qorunması və iqtisadi dayanıqlılıqla birbaşa bağlıdır.

Vaxtında aşkarlama, elmi əsaslandırılmış mübarizə metodlarının tətbiqi, dövlət qurumları arasında koordinasiya və vətəndaş məsuliyyəti birlikdə həyata keçirildikdə bu invaziv zərərvericinin yaratdığı riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Məhz kompleks və davamlı yanaşma həm kənd təsərrüfatının, həm də ölkənin zəngin yaşıllıq fondunun qorunmasının ən etibarlı təminatıdır.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью