Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yastıpəncəlik dedikdə ayaq tağının müəyyən əyriliyinin, yəni qövsünün düzləşməsi nəzərdə tutulur. Həmin əyriliyin düzləşməsi patologiya kimi yastıpəncəlik adlanır. Yastıpəncəliyin tam olaraq səbəbi bilinməsə də, bununla bağlı bir çox hipotezlər irəli sürülür. Əsas səbəblərdən biri bağ aparatının zəif olmasıdır. Həmçinin genetik xüsusiyyətlər, yəni irsiyyət nəticəsində də bağ aparatı zəif ola bilər. Bundan əlavə, artıq çəki kimi hallar da yastıpəncəliyə gətirib çıxara bilər".
Redaktor.az xəbər veriri ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev dedi.
Həkim məsəl çəkdi ki, yalınayaq gəzən insanlarda yastıpəncəliyə daha nadir hallarda rast gəlinir:
"Digər insanlarda isə rastgəlmə tezliyi bir qədər daha yüksəkdir. Ayaqqabı çox önəmlidir. Belə ki, ayaq tağının formalaşmaqda olduğu uşaqlarda bu proses bəzən birbaşa ayaqqabıdan asılı ola bilər. Ümumiyyətlə, bütün uşaqların ortopedik ayaqqabı geyinməsi mütləq deyil. Yalnız həkim göstərişi əsasında, müəyyən patologiya aşkar edilən uşaqlara ortopedik ayaqqabı məsləhət görülə bilər. Ümumilikdə isə uşaqlar üçün rahat ayaqqabılar seçilməlidir. Ayaqqabının daban nahiyəsi möhkəm olmalı və uşağın ayaq tağına uyğun gəlməlidir. Yəni ayaqqabı ayağın müəyyən fizioloji əyriliyinə uyğun olmalıdır. Ayaqqabının ön hissəsi isə mütləq elastik və rahat olmalıdır. Çünki insan hərəkət edərkən, xüsusilə yeriş zamanı barmaqlarda müəyyən hərəkətlilik olur və ayaqqabı da bu hərəkətə imkan verməlidir. Həmçinin ayaqqabının altlığı nə çox hündür, nə də həddindən artıq nazik olmalıdır. Ümumilikdə ayaqqabı uşağın ayaq quruluşuna və fizioloji xüsusiyyətlərinə uyğun seçilməlidir. Bu qaydalara əməl etməklə ayaqqabı seçmək daha məqsədəuyğundur".
NURİYYƏ