Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Yatmazdan əvvəl telefondan istifadə etməyin əsas problemlərindən biri odur ki, insan yataqda olsa da, beyni hələ aktiv şəkildə informasiya qəbul edir. Mesajlar, xəbərlər, videolar, sosial şəbəkələrdə baş verənlər insanı emosional olaraq da aktiv saxlaya bilər. Üstəlik, çox vaxt biz “bir videoya da baxım, sonra yatım, birinə də baxım, sonra yatım” deyirik və artıq ayılırsan ki, saat 1-dir, 2-dir, 3-dür. Yəni səhər açılır, amma hələ də yuxuya getməmişik".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova bildirdi.
Həkim tövsiyə edir ki, yatmazdan əvvəl telefonu müəyyən müddət kənara qoyun:
"Xüsusilə yuxu problemi olan insanlarda bu vərdişə daha çox diqqət etmək vacibdir. Problemli sosial media istifadəsi yeniyetmələrdə gec yatma və daha az yuxu ilə əlaqələndirilir. Rəqəmsal detoks, bəli, yuxu keyfiyyətini əlbəttə ki, artıra bilər. Çünki xüsusilə gecə saatlarında sosial mediadan çox istifadə edən insanlarda rəqəmsal fasilə faydalı ola bilər. Amma telefonu tamamilə həyatımızdan çıxarmaq yanaşmasının tərəfdarı deyiləm. Daha real yanaşma odur ki, yatmazdan əvvəl telefonu kənara qoyaq, gecə bildirişləri söndürək, yataqda sosial şəbəkələrdən istifadə etməyək. Bəzən çox böyük dəyişiklik etməyə ehtiyac yoxdur. Kiçik, amma davamlı vərdişlər daha yaxşı nəticə verir.
Belə deyək, biz hazırda sizinlə “Instagram” səhifəsindən canlı yayıma qoşulmuşuq və burada insanları səhiyyə sahəsində maarifləndiririk. Əgər insanlar bizi dinləyirsə və buradan faydalı məlumat əldə edirlərsə, bu, onların xeyrinədir. Yəni hazırda sosial mediadan istifadə etmələri onların xeyrinədir. Lakin bəzi hallar var ki, bu, artıq vərdişə çevrilirsə və onların həyatına mane olursa, bu, əlbəttə ki, mənfi təsirdir. İlk növbədə yuxuya təsir edirsə, bu, mənfi təsirdir".
NURİYYƏ