Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Təəssüf ki, növbəti bir neçə il ərzində Azərbaycan vətəndaşları üçün sosial-iqtisadi baxımdan o qədər də əlverişli mühitin formalaşacağı gözlənilmir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, ən azı bir neçə əsas göstərici bu qənaətə gəlməyə əsas verir: "Hökumətin öz proqnozlarına diqqət yetirdikdə görürük ki, 2025-ci illə müqayisədə 2029-cu ildə əhalinin gəlirləri təxminən 33 milyard manat artacağı halda, xərclərin də təxminən eyni həcmdə yüksələcəyi proqnozlaşdırılır. Yəni növbəti beş il ərzində əhalinin gəlirləri ilə xərcləri arasındakı fərqin ən yaxşı halda cəmi 0,8 milyard manat artması mümkündür. Bu isə yığım imkanlarının yalnız məhdud şəkildə genişlənəcəyi anlamına gəlir.
Məsələn, əgər bu fərq 2025-ci ildə 1,8 milyard manat idisə, 2029-cu ildə onun təxminən 2,6 milyard manata yüksələcəyi ehtimal olunur. Lakin 2026-cı il üçün Vergi Məcəlləsinə edilən dəyişikliklər və müəyyən gəlir növlərinə tətbiq ediləcək yeni vergilər nəzərə alınarsa, ən azı növbəti iki-üç il ərzində vətəndaşların gəlirləri baxımından əlavə çətinliklərin ortaya çıxması mümkündür.
Belə ki, 2026-cı ildə muzdlu gəlirlərə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən etibarən isə 7 faiz vergi tətbiq edilməsi nəzərdə tutulur. Halbuki daha əvvəl, 2025-ci ilə qədər qüvvədə olan yeddi illik müddət ərzində bu gəlir növü üzrə vergi dərəcəsi 0 faiz idi və faktiki olaraq vergi tutulmurdu. Nəticədə edilən dəyişikliklər əhalinin xalis gəlirlərinin azalmasına, yəni vətəndaşların “əlində qalan” məbləğin aşağı düşməsinə səbəb ola bilər.
Digər tərəfdən, inflyasiya proqnozları da əlavə təzyiq amili kimi çıxış edir. Rəsmi proqnozlara əsasən, növbəti dörd il ərzində qiymətlərin ümumilikdə 20 faizdən artıq artacağı gözlənilir. Təkcə 2026-cı il üçün Mərkəzi Bankın proqnozunda 5,7 faiz inflyasiya nəzərdə tutulur. Bu isə o deməkdir ki, həmin ildə həm qiymət artımı, həm də vergi yükü eyni vaxtda vətəndaşların real alıcılıq qabiliyyətinə ciddi təzyiq göstərəcək.
Məsələ bununla da bitmir. Vergi Məcəlləsinə edilən digər dəyişikliklər də əhalinin xərclərinin artmasına səbəb ola bilər. Bu dəyişikliklər fonunda aksiz vergilərinin yüksəldilməsi, bəzi sahələr üzrə mövcud vergi güzəştlərinin dayandırılması və müəyyən məhsul qrupları üzrə yeni ödənişlərin tətbiqi gündəlik istehlak xərclərinin artmasına gətirib çıxara bilər.
Belə bir şəraitdə əhalinin borclanma ehtimalının yüksəlməsi də qaçılmaz görünür. Borclanmanın artması isə öz növbəsində əlavə faiz yükü yaradır və xərcləri daha da ağırlaşdırır.
Bütün bu amillər onu deməyə əsas verir ki, hər hansı kəskin və fundamental dönüş yaradan müsbət iqtisadi meyillər ortaya çıxmadığı təqdirdə, mövcud ssenarilər yaxın illərdə əhalinin həm gəlirləri, həm də xərclər və maliyyə yükü baxımından təzyiqin davam edəcəyini göstərir.