“Yaxın Şərqdə druz olmaq asan deyil” Kasem Bader

02.09.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin şimalında, Yuxarı Qalileya dağlarında yerləşən Hurfeiş druz şəhərinə səfər ediblər.

525.az-ın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində jurnalistlər İsraildə Druz icmasının nümayəndəsi, Universal Sülh Şurası İnsan Hüquqları Təşkilatının sədri Şeyx doktor Kasem Bader ilə görüşüblər.

O, İsraildə və regionun digər ölkələrində yaşayan druz icmalarının vəziyyəti, qarşılaşdıqları problemlər barədə məlumat verib. Bildirib ki, druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayırlar və uzun illər ərzində bu ölkələr arasındakı siyasi vəziyyət, sərhəd məhdudiyyətlərinə görə ailə üzvləri, yaxınları ilə görüşmək imkanları yoxdur.

Əlavə edib ki, mövcud vəziyyət hər kəsin və onun gündəlik həyatına,  uşaqlarına təsir edir: “Məsələn, uşaqlarım ailənin digər tərəfdəki qohumları ilə görüşə bilmirlər. Onlar nənələrini, bir-birlərini görə bilmirlər və tanımırlar. Həyat yoldaşım 26 ildir qardaşları ilə görüşə bilmir. Ancaq inanırıq ki, bu çətin münaqişəni yalnız sülh həll edə bilər. Bunun üçün dövlətlər arasında sülh körpüləri qurmaq lazımdır. Əgər həqiqətən İsrail ilə Livan, eləcə də İsrail ilə Suriya arasında sülhə nail ola bilsək, bu, çox çətin münaqişənin həllinə ciddi töhfə verə bilər. Eyni vəziyyət Qolan yüksəklikləri ilə də mövcuddur. 1967-ci ildən bu günə qədər Qolan yüksəkliklərində yaşayan druzlar sərhədin o biri tərəfindəki qohumları ilə görüşə bilmirlər. Bu hal müsəlmanlara, xristianlara və yəhudilərə də aiddir. Onlar bu ölkələrdə yaşayır və bir-birlərindən ayrı düşürlər. Buna görə də Yaxın Şərqdə druz olmaq asan deyil. Biz əziyyət çəkirik, biz azlıq təşkil edirik və sülhə necə nail ola biləcəyimizi düşünür, bunun üçün səylər göstəririk. Çünki bizim məqsədimiz bu çətin münaqişəni həll etməkdir.

O qeyd edib ki, İsrail ilə Livan arasında gələcəkdə sülh sazişinin əldə olunması ilə bağlı danışıqların aparıldığını eşidəndə çox sevinib: “Bu, münaqişələrin,  problemlərimizin böyük bir hissəsini həll edə bilər. Çünki biz öz dövlətimizə çox sadiqik. Qarşı tərəfdə yaşayan insanlar da öz dövlətlərinə sadiqdirlər. Müharibədə biz bir-birimizlə qarşı-qarşıya gəlirik. Amma mən deyirəm ki, artıq bir-birimizlə müharibədə deyil, sülh şəraitində görüşməyin vaxtıdır. 1948-ci ildən bu günə qədər biz bir-birimizlə qarşı-qarşıya gəlmiş, bir-birimizə qarşı mübarizə aparmışıq. Biz hər gün dua edirik ki, iki hökumət danışıqlar masası ətrafında bir araya gəlsin, danışsın və bu iki xalq arasında sülhə nail olsun. Çünki bizim gələcək nəsillər üçün müharibə deyil, sülh olmalıdır”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью