Yaxın Şərqdə gərginlik dünya enerji bazarlarında narahatlığı artırır

12.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə davam edən hərbi-siyasi qarşıdurma və ABŞ ilə İran arasında sülh razılaşmasının əldə olunması perspektivinin zəifləməsi dünya enerji bazarlarında narahatlığı artırıb.

“Reuters”-in məlumatına görə, bölgədə gəmiçiliyə qarşı baş verən hücumlar və Hörmüz boğazında nəqliyyatın kəskin azalması neft tədarükünün gələcəyi ilə bağlı riskləri yenidən gündəmə gətirib.

Mənbə xəbər verir ki, çərşənbə günü səhər “Brent” markalı neftin bir barelinin qiyməti 72 sent və ya 0,81 faiz artaraq 89,63 dollara yüksəlib. ABŞ-ın Qərbi Texas markalı neftinin (WTI) qiyməti isə 71 sent və ya 0,85 faiz bahalaşaraq 83,91 dollar təşkil edib. Hər iki əsas neft markasının qiyməti əvvəlki gün də bir dollardan çox artıb. Beləliklə, bazarda artım ABŞ ilə İran arasında mümkün sülh razılaşmasına dair ümidlərin zəifləməsi fonunda davam edib.

Agentliyin məlumatına əsasən, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı narahatlığın əsas səbəblərindən biri regionun mühüm dəniz yollarında gəmiçilik təhlükəsizliyinin pisləşməsidir. Çərşənbə axşamı ABŞ və Yəməndə İranla müttəfiq husilər Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmilərə qarşı ayrı-ayrı hücumlar barədə məlumat veriblər. İranın yüksək səviyyəli təhlükəsizlik rəsmisi isə bildirib ki, ABŞ Tehranın müharibənin dayandırılması üçün irəli sürdüyü şərtləri qəbul etməyənədək Hörmüz boğazı bağlı qalacaq.

N.Adilqızı

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью