Yaxın Şərqdə ziddiyyətli mənzərə

25.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İran üzdə döyüşür, arxada danışır

Bir tərəfdə müharibənin ağır kölgəsi, digər tərəfdə diplomatiyanın sonuncu işığı... Dünənki yazımızda da qeyd etdiyimiz kimi, ABŞ və İran arasında aylardır davam edən qarşıdurma indi olduqca fərqli mərhələyə gəlib çatıb. Cəbhədə gərginlik səngimir, Vaşinqtonun təzyiqləri genişlənir, Tehran isə geri çəkilməyəcəyini bildirir. Maraqlıdır ki, bütün bunların fonunda danışıqlar da səssiz şəkildə davam edir. Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasında səslənən fikirlər mövcud ziddiyyəti daha aydın göstərir. İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın əvvəlki gün “İranı məhv edə bilərik” məzmununda səsləndirdiyi təhdidə cavab olaraq bildirib ki, Tehran ABŞ təzyiqləri qarşısında diz çökməyəcək. Onun sözlərinə görə, sanksiyalar və artan təzyiqlər İran xalqının müqavimətini daha da gücləndirəcək.

Pezeşkian çıxışında, həmçinin ABŞ və İsraili təcavüzdə ittiham edib və müharibəni İranın başlamadığını vurğulayıb. Bununla belə, sərt açıqlamalarına baxmayaraq, İran prezidentinin mesajında diplomatiyaya da yer olub. O, Tehranın dialoq və danışıqlara açıq qaldığını, lakin bunu güc ritorikası qəbul edilmədən həyata keçirmək istədiyini bildirib. Məhz bu məqam ABŞ–İran qarşıdurmasının hazırkı mərhələsində əsas ziddiyyəti ortaya qoyur. Tərəflər bir-birinə qarşı sərt mövqe nümayiş etdirsələr də, diplomatik kanalları tam bağlamırlar. “Reuters”in məlumatına görə, Tehran vasitəçilər üzərindən ABŞ-a təqdim etdiyi təkliflər paketini müzakirə etməyə davam edir. Hətta İranın Hörmüz boğazında gəmi hərəkətinin bərpasına hazır olduğu, bunun üçün isə ABŞ-ın hərbi təzyiqi azaltmalı və müəyyən məhdudiyyətləri yumşaltmalı olduğu bildirilir. Lakin diplomatik təmasların davam etməsi Vaşinqtonun təzyiq siyasətindən geri çəkildiyi anlamına gəlmir. Əksinə, ABŞ İrana qarşı iqtisadi və hərbi təzyiqləri artırır. ABŞ hərbçiləri İranın dəniz blokadası çərçivəsində 115 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb. Ağ Evin bu addımı Tehran üzərində iqtisadi təzyiqi artırmaqla yanaşı, regionda gəmiçilik və enerji daşımaları ilə bağlı narahatlıqları da gücləndirir.

ABŞ-ın iqtisadi təzyiqinin digər istiqaməti isə İranın aviasiya sektorudur. Ölkənin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına açıqlamasında Vaşinqtonun İranı “indiyədək görünməmiş şəkildə sıxdığını” deyib. Onun sözlərinə görə, İrandan həyata keçirilən xarici uçuşların 80-90 faizindən çoxu dayandırılıb: “Bilmirəm, BMT-dəki İran nümayəndələri evlərinə necə qayıdacaqlar”, – deyə Bessent bildirib. Göründüyü kimi, ABŞ-ın sanksiyaları artıq İranın maliyyə sistemi və enerji sektorunu aşaraq ölkənin beynəlxalq nəqliyyat imkanlarına da təsir göstərir. İranın aviasiya sektoru onsuz da uzun illərdir ABŞ məhdudiyyətlərinin hədəfindədir. Yeni tədbirlərlə Vaşinqton Tehranın xarici dünya ilə hava əlaqələrini daha da məhdudlaşdırmağa çalışır.

Bu vəziyyət İranı da sərt cavab verməyə sövq edir. İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsen Rzayi ABŞ-ın yeni sanksiyalarına qoşulacaq ölkələrə qarşı cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, sanksiyaların qüvvəyə minməsindən sonra İranın ən böyük aviaşirkətlərindən biri olan “Mahan Air”in Tehrandan qalxan təyyarəsinin Çinin Quançjou şəhərinə endiyi məlum olub. Deməli, Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlər bütün ölkələr tərəfindən eyni şəkildə icra olunmur.

Çinin mövqeyi də diqqət çəkir. Pekin ABŞ-ın yeni sanksiyalarına qarşı çıxdığını açıqlayıb və onları qanunsuz adlandırıb. Yəni İran ətrafında qarşıdurma artıq Vaşinqton və Tehran arasındakı münasibətlər çərçivəsində qalmır. Sanksiyalara kimin qoşulacağı, hansı ölkələrin İranla hava və ticarət əlaqələrini davam etdirəcəyi də münaqişənin növbəti mərhələsinin mühüm məsələlərindən birinə çevrilir.

N.BEYDİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью