Yaxın Şərqdəki böhranla bağlı Romada təhlükəsizlik tədbirləri daha da artırılıb

23.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Roma, 23 iyun, AZƏRTAC

Yaxın Şərqdəki böhranın kəskinləşməsi fonunda İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Daxili İşlər Nazirliyində təhlükəsizlik qüvvələrinin, kəşfiyyat orqanlarının və kibertəhlükəsizliyə cavabdeh olan strukturların rəhbərlərinin iştirakı ilə İctimai Asayiş və Təhlükəsizlik üzrə Milli Komitənin iclası keçirilib.

İclasda Yaxın Şərqdəki böhran və beynəlxalq geosiyasi çərçivənin pisləşməsi nəticəsində milli təhlükəsizliyə potensial təsirlərin aradan qaldırılması üçün yeni əməliyyat təlimatları müəyyən edilib. Terrorizmlə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməklə, daxili təhlükəsizlik üçün profilaktika və risk təhlili fəaliyyətlərinin gücləndirilməsi qərara alınıb. ABŞ-ın İtaliyadakı səfirliyi və digər həssas hesab edilən hədəflər üzrə maksimum xəbərdarlıq olunub, həmin yerlərin ətrafında təhlükəsizlik, nəzarət və sayıqlıq ən yüksək səviyyəyə çatdırılıb.

Qeyd edək ki, hazırda İtaliyada 10 mindən çox kritik infrastruktur daxil olmaqla 29 mindən çox obyekt nəzarət altındadır. Bunlardan minə yaxını ABŞ-ın və İsrailin maraqlarına aiddir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью