Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu pozitiv simalı cənab “Sabah” Futbol Klubunun baş məşqçisi Valdas Dambrauskasdır. Özü Litvadandır. 49 yaşlı mütəxəssis Azərbaycana gələnə qədər bir neçə ölkədə işləyib, ən yüksək uğuru Bolqarıstanda “Ludoqorets”i ölkə çempionu etməklə olub. İntizamlı məşqçi kimi tanınır.
İndi onun rəhbərliyi altında “Sabah” Azərbaycan Premyer Liqasında “Qarabağ”ı qabaqlayaraq liderlik edir. Kaş ki, iki klub arasında bu rəqabət nəinki çempionatın son turuna, hətta son saniyəsinə qədər davam etsin və kim layiqdirsə, o da Azərbaycan çempionu olsun.
Cənab Dambrauskasın bizim Premyer Liqadakı yaxşı işinə görə həm quru təşəkkürə, həm də yüksək yer tutub Avropaya getməyə haqqı çatır. Yaxşı ki, ara-sıra ölkəmizə bax belə səviyyəli əcnəbi legioner məşqçilər də gətirilir. Və gətirilirsə, elə məşqçili-futbolçulu məhz belələri gətirilməlidir, daha qabiliyyətsiz yığını deyil.
Dambrauskasın yaxşı işi ilə yanaşı həm də Azərbaycanın bölgələrini tanımağa həvəsli olması müsbət emosiyalar yaradır. Bir müddət əvvəl onun ailə üzvləri ilə birgə Qusara və Qubaya - Xinalığa getməsi qiymətləndirilməli olan məqamdır.
Bir gün vaxt edib, o biri şəhərlərimizə, həm də Şuşaya get, cənab! Qarabağı da sevəcəksən!
Dambrauskası Azərbaycana gətirən, əlbəttə, “Sabah” klubudur. İnsafən, xüsusən son illər müsbət işləri görünməkdədir ki, bu da ayrıca xüsusi toxunulmalı olan məqamdır. Təəssüf ki, avrokuboklarda istədiyimiz yerə qədər hələ ki, gələ bilməyiblər. Amma yeni mövsümdə Avropanın 3 klub səviyyəli yarışın birində ən azı Liqa mərhələsində iştirak edə biləcəyinin siqnalı indidən verilir. Gözləyək.
Sonda.
Bu gün “Sabah” iddialı məşqçi Rəşad Sadıqovun “Zirə”sinə 3:1 hesabı ilə qalib gəldi. O 3 qol isə 1-ci hissədə cəmi 17 dəqiqə ərzində vuruldu.
Aydın Bağırov
(Feysbuk paylaşımı)