Yay hazırlığı: MPL klublarının “sülh” oyunları

27.07.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer Liqa klubları yeni mövsümün hazırlıqlarını davam etdirir.

Ötən “futbol ili”nin sonunda baş məşqçi dəyişikliyi edən “Sumqayıt” Filip Kandidonun rəhbərliyi altında hazırlıqlarını davam etdirir. “Kimyaçılar” artıq iki yoxlama matçı keçirib. “Gənclik şəhəri” təmsilçisi bu görüşlərdə bir qol vurub, birini də buraxıb. “Qəbələ” – 1:1, “Kəpəz” – 0:0. Transfer çalışmalarında da sakit qalan “Sumqayıt”ın yeni mövsüm üçün “bağlı qutu” olduğunu demək olar.

Yoxlama görüşlərində qələbəsiz olan digər komanda isə “Kəpəz”dir. Azər Məmmədovun rəhbərlik etdiyi “sarı-göylər” bunadək üç sınaq matçı keçirib. “Qəbələ”yə ilk oyunda uduzan (1:2) “Kəpəz” daha sonra “Şamaxı” və “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb. Görünür, gəncəlilərdə hücum xəttində problemlər var. Son dönəmlərdə transferlərdə fəallığını artıran qərblilər mövsümün startına qədər mövqelər üzrə çatışmazlıqları aradan qaldırmağa çalışacaq.

Hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” da sükunətdədir. Kurban Berdıyevin yetirmələri Konfrans Liqasından kənarlaşdırma qərarından sonra səssizliyə bürünüb. Komanda Ankara hazırlığında bunadək bir yoxlama matçı keçirib və İranın U-21 yığması ilə heç-heçə edib. Növbəti sınaq bu gün “Karagümrük”ə qarşı olacaq. Transfer fəaliyyətində də passiv görünən tovuzluların yeni mövsümdə hansı iddia ilə liqaya qoşulacağı maraqla gözlənilir.

Yoxlama matçlarında “sülh”lərlə yadda qalan digər komanda isə debütant “Şəfa”dır. Zaur Həşimovun rəhbərlik etdiyi komanda “İmişli” və “Qəbələ” ilə matçlarda heç-heçə edib – 2:2, 1:1. Son günlərdə transferdə fəallığını artıran bakılılar yeni mövsümün sürpriz komandaları arasında göstərilir.

Premyer Liqada 2026/27 “futbol ili” avqustun 14-də başlayacaq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью