Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Normalda qarpız yay meyvəsidir. Amma bu gün bazarlarda ilin bütün fəsillərində şirin və dadlı qarpız tapmaq olur.
Bəs bu necə mümkündür?
Globalinfo.az xəbər verir ki, bu barədə qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov paylaşım edib.
O bildirib ki, belə qarpızlar əsasən istixana şəraitində, nəzarət olunan temperatur, işıq və ona verilən gübrələrin növü, miqdarı və verilmə vaxtı ilə yetişdirilir:
“Erkən yetişən hibrid sortlar və müasir aqrotexniki üsullar hesabına dad və şəkərlilik yüksək səviyyədə saxlanılır. Düzgün suvarma və mineral balans qarpızın şirin və ləzzətli olmasını təmin edir. Ancaq mövsümdənkənar qarpızlarda nitrat və pestisid qalığı riski daha yüksək ola bilər. Buna görə də məhsulu sertifikatlı satış nöqtələrindən alın. Həddindən artıq parlaq və süni görünüşlü qarpızlardan uzaq durun. Dadı metalabənzər və ya acı olarsa, istifadə etməyin”.
Ekspert əlavə edib ki, qarpızın ən sağlam və keyfiyyətli dövrü iyun–avqust aylarıdır:
“Bu vaxt qarpız günəş altında təbii yetişir. Şəkər və vitamin balansı daha optimaldır, dad və aroma daha zəngin olur, nitrat riski minimuma enir”.
Qeyd edək ki, Ağa Salamov sözügedən qarpızlardan birini 8 manata aldığını vurğulayıb.
Günel Cəlil
Globalinfo.az