Icma.az, Metbuat saytına istinadən bildirir.
Yaz və yay aylarında arıqlamaq və ya çəkini qorumaq istəyənlərin ən çox etdiyi səhvlərdən biri normadan artıq meyvə istehlakıdır.
Metbuat.az xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, meyvələr sağlam və vitaminlərlə zəngin olsa da, tərkibindəki yüksək fruktoza, yəni meyvə şəkəri səbəbindən nəzarətsiz yeyildikdə çəki artımına yol açır. Xüsusilə isti havalarda qarpız, yemiş, albalı və əncir kimi şirin meyvələri porsiyaya diqqət etmədən bütöv şəkildə qarşıya qoyub yemək bədəndə piylənməni sürətləndirir.
Dietoloqlar bu xətanın qarşısını almaq üçün sadə bir formul təklif edirlər: meyvəni mütləq porsiya ilə və yanında zülal mənbəyi olan bir qida ilə istehlak etmək lazımdır. Məsələn, bir neçə dilim qarpızın yanında az yağlı pendir yemək və ya meyvə qabına bir az qatıq, yaxud çiy badam əlavə etmək qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır. Bu üsul həm toxluq hissini uzadır, həm də yay aylarında dadlı meyvələrdən imtina etmədən formanı qorumağa kömək edir.