Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Yay aylarında isti hava şəraitində yuxusuz qalmaq sağlamlıq üçün ciddi risk yarada bilər.
Redaktor.az xəbər verir ki, bu barədə kardioloq Mariya Çaykovskaya özünün teleqram kanalında paylaşım edib.
Həkimin sözlərinə görə, yüksək temperaturun özü belə orqanizmi daha gərgin işləməyə məcbur edir. İsti havalarda damarların tonusu dəyişir, ürəyin yükü artır, orqanizm isə daha çox maye və elektrolit itirir. İnsan gecələr kifayət qədər yatmadıqda və orqanizm bərpa olunmadıqda, ürək-damar sisteminə düşən əlavə yük daha da artır.
Mütəxəssis bildirib ki, isti hava ilə yuxusuzluğun birgə təsiri xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Risk qrupuna hipertoniya, ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ürək ritm pozğunluğu, şəkərli diabet və böyrək xəstəliklərindən əziyyət çəkən insanlar daxildir. Həmçinin sidikqovucu və ya təzyiqsalıcı dərmanlar qəbul edən şəxslər də sağlamlıqlarına daha diqqətli yanaşmalıdırlar.
Kardioloq isti günlərdə günvurmadan qorunmağı, ağır fiziki yüklənmədən çəkinməyi, arterial təzyiqi nəzarətdə saxlamağı və kifayət qədər maye qəbul etməyi tövsiyə edib.
Bundan əlavə, həkim vurğulayıb ki, normal yuxu rejiminə əməl etmək və bioloji ritmi qorumaq orqanizmin isti havanın yaratdığı əlavə yüklənmənin öhdəsindən gəlməsinə kömək edir.
NURİYYƏ