Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Hepatit B virusu qaraciyəri zədələyən və uzun müddət heç bir əlamət vermədən orqanizmdə qala bilən infeksiyalardan biridir. Mütəxəssislər xəstəliyin vaxtında aşkarlanması üçün mütəmadi tibbi müayinələrin vacibliyini vurğulayırlar.
“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Hepatit B virusu ilə bağlı açıqlama verib.
Yazgül Abdiyevanın sözlərinə görə, Hepatit B qaraciyərdə yaşayan, insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. İnfeksiya bütün dünyada geniş yayılıb və xüsusilə səhiyyə imkanlarının məhdud olduğu ölkələrdə ciddi problemlərdən biri olaraq qalır.
“Xəstəlik ilkin dövrlərdə əlamət göstərmədiyindən yoluxan insanların dəqiq sayını müəyyən etmək çətinləşir. Bir çox hallarda xəstəlik gizli keçir və insan virusa yoluxduğundan xəbərsiz olur”, – deyə tibb üzrə fəlsəfə doktoru bildirib.
Onun sözlərinə görə, vaxtında aşkarlanmayan və müalicə olunmayan Hepatit B qaraciyərin ciddi zədələnməsinə, sirroza və digər ağır fəsadlara gətirib çıxara bilər. Ağırlaşmış hallarda qaraciyər transplantasiyasına ehtiyac yarana bilər ki, bu da mürəkkəb və riskli tibbi müdaxilədir.
Yazgül Abdiyeva qeyd edib ki, yorğunluq, halsızlıq, subfebril temperatur, qarın və sağ qabırğaaltı nahiyədə ağrı, dəridə və gözlərdə sarılıq kimi əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır.
“Əsas laboratoriya müayinələri vasitəsilə xəstəliyin diaqnozunu müəyyən etmək mümkündür. Xəstəliyin erkən aşkarlanması müalicəyə daha tez başlanmasına və ağırlaşmaların qarşısının alınmasına imkan verir. Lakin xəstəlik ağırlaşmış mərhələdə aşkarlandıqda müalicə prosesi daha çətin olur”, – deyə mütəxəssis vurğulayıb.
Həkim əhalini profilaktik müayinələrə də çağırıb. Onun sözlərinə görə, yalnız Hepatit B deyil, digər xəstəliklərin də erkən aşkarlanması üçün insanların mütəmadi check-up müayinələrindən keçməsi vacibdir.
Mütəxəssis həmçinin Hepatit B virusunun xarici mühitdə müəyyən müddət canlılığını qoruya bildiyini və orqanizmə daxil olduqdan sonra qan vasitəsilə qaraciyərə çataraq çoxalmağa başladığını diqqətə çatdırıb.
Yazgül Abdiyeva əhalini sağlamlığa məsuliyyətlə yanaşmağa, profilaktik müayinələrdən keçməyə və Hepatit B-dən şübhələnilən hallarda vaxtında həkimə müraciət etməyə çağırıb.
DOĞRU.AZ