Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə, 31 oktyabr, Elcan Məmmədov. AZƏRTAC
Regional konfranslar artıq ənənə halını alıb və bu konfransların məqsədi oftalmologiyada olan son yenilikləri müzakirə etmək, ölkəmizin bölgələrində çalışan oftalmoloqların bilik və bacarıqlarının mütəmadi inkişafına dəstək olmaqdır. Bu tədbirlər həkimlərimizi dünya təcrübəsi, yeni texnologiyalar və müasir müalicə metodları barədə məlumatlandırmaqla yanaşı, mütəxəssislər arasında təcrübə mübadiləsinə də geniş imkan yaradır. Eyni zamanda regionlarda oftalmoloji təhsilin güclənməsinə və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına mühüm töhfə verir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XIV regional konfransında Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə elmlər doktoru Yazgül Abdıyeva deyib.
O diqqətə çatdırıb ki, oftalmologiya sahəsi çox sürətlə inkişaf edir. Bu səbəbdən də belə regional elmi konfransların keçirilməsi region həkimlərinin peşəkar səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Qeyd etmək istərdim ki, Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı fəaliyyət göstərir və bu konfrans həm yerli mütəxəssislərin, həm də ümumilikdə ölkə oftalmologiyasının inkişafı üçün önəmli platformadır. Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına həsr etdiyi zəngin elmi irsi bu cür tədbirlər vasitəsilə bu gün də uğurla davam etdirilir. Əminik ki, Gəncədə keçirilən bu konfrans da yeni elmi fikirlərə, faydalı müzakirələrə və peşəkar əməkdaşlıqlara yol açacaq, regionumuzun həkimlərinin inkişafına töhfə verəcəkdir,”- deyə Yazgül Abdıyeva bildirib.