Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən üzvləri birlik sıralarından çıxarmaq qərarı verib.
Belə ki, üzvlük haqqını uzun müddət ödəməyən yazıçı və şairlərə əvvəlcədən bir neçə dəfə xəbərdarlıq olunub.
Qərara alınıb ki, 2026-cı il fevralın 1-i tarixinə qədər borclarını ödəməyənlər rəsmi olaraq Birlik sıralarından çıxarılsın. Bu qərar həm də Birliyin maliyyə və inzibati qaydalarının ciddi şəkildə tətbiq olunması məqsədilə verilib.
Bu barədə AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da məlumat verib. O bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub:
"Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib". Xəyal Rzanın sözlərinə görə, qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin:
"Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".
Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Kimisi bunun düzgün qərar olduğunu, kimisi isə buna ehtiyac olmadığını bildirib.
Mövzu ilə bağlı “Cebheinfo.az” - a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-publisist Rövşən Yerfi bildirib ki, üzvlükdən azad edilməyin ona heç bir təsiri yoxdur:
“Mən artıq 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvlük haqqı ödəmirəm, heç bundan sonra da ödəmək fikirim qətiyyən yoxdur. Nə zaman istəsələr, üzvlükdən azad edə bilərlər. Mən 2006-cı ildən komissiyanın qərarı ilə Azərbaycan Yazıçılar Birliyinə üz olmuşam.
O vaxt düşünürdüm ki, üzv olanda birlikdə yazılarıma diqqət ediləcək, yəni belə gözləntilərim var idi. Amma düşündüyüm kimi olmadı, bu müddət ərzində heç vaxt diqqət görməmişəm. Nə bir tədbirə, nə iclasa çağrılmışam, yazı və kitablarım haqqında rəy bildirilməyib.
Bir sözlə, Azərbaycan Yazıçılar Birliyindən heç diqqət görməmişəm,halbuki bunu bir zamanlar çox ümid edirdim. Bunun qarşılığı necə olmalıdır ki? Niyə üzvlük haqqı ödəməliyəm ki? Azərbaycan Yazıçılar Birliyinə üzv olmağımın mənə xeyiri olmayıb”.
O qeyd edib ki, bu səbəbdən üzvlükdən çıxarılmaq onun üçün problem deyil:
“Azərbaycan Yazıçılar Birliyindən üzvlükdən çıxarılacağım halda da itirəcəyim bir şey yoxdur. Buna görə də bu vəziyyət məni narahat etmir.
İstədikləri vaxt məni üzvlükdən azad edə bilərlər. Azərbaycan Yazıçılar Birliyinə bu günə qədər üzv olmağımın mənə heç bir müsbət təsiri olmadığı kimi, üzvlükdən də azad edilməyimin mənə heç bir mənfi təsiri olmaz”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Yazıçılar Birliyi Rövşən Yerfi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin