Yeddi 100 otuz iki Daşqın Eldarın yeni romanından bir hissə

20.11.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Daşqın Eldarın yaxın günlərdə çap olunacaq “Yeddi 100 otuz iki” romanından bir hissə təqdim edir.

Yoxlama

Hərbi hissəyə tezliklə nazirlikdən böyük bir yoxlama gələcəyi xəbəri yayılmışdı. Hamı ciddi-cəhdlə işlərini səhmana salmağa başladı. Deyilənə görə, bu yoxlamalarda çoxlu zabit tutulur, yaxud rütbə və vəzifəsi aşağı salınırmış. Hərbi hissə aşağı qiymət aldıqda isə komandir aşağı vəzifəyə göndərilirmiş. Elə çox işim olmasa da, digərlərinə baxıb mən də həyəcanlanırdım.

İsti yay günlərindən birində hərbi hissə növbətçiliyinin yekunlaşmasına yaxın zabit yoldaşlarımdan biri növbətçi otağına gəldi. Keçib stul çəkib oturdu, sonra formamı düzəltmək üçün açıb masanın üstünə qoyduğum kəmərdəki kaburadan tapançanı çıxartmağa çalışdı. Tapançanı onun əlindən dartıb kənara qoydum, formamı yenidən düzəltməyə çalışdım. Əslində, onun növbətçi otağına daxil olması belə yolverilməz idi. Kapitan yenidən əl atıb tapançanı götürə bildi. Bu dəfə gülləni lüləyə ötürməyə çalışdı. Xeyli dartışdıqdan sonra buna nail oldu. Dolu tapançanı bir neçə dəfə mənim alnıma, sonra növbətçi otağının iri pəncərəsinə tuşladıqdan sonra qəfil üzünü belə döndərmədən əlini geri, qapıya tərəf çevirib tətiyi çəkdi. Açılan güllə həmin vaxt qapının kənarında durub maraqla bizə baxan kommutator növbətçisi əsgərin bir neçə santimetrliyindən keçdi.

Güllənin səsindən kapitan Talıbovun rəngi ağappaq oldu, mən cəld əlindən tapançanı alıb yeni gülləni lülədən çıxarmaq istədim. Özümü itirdiyimdən və bunu darağı çıxartmadan etdiyimdən lülədəki güllə yerə düşüb yerinə yenisi keçdi. İstirahət otağında uzanmış köhnələrdən bir gizir cəld atılıb tapançanı əlimdən qapdı, qaydasına salaraq mənə qaytarıb özümüzü itirməməyi tapşırdı.

Qaynar istilərlə əlaqədar günortalar iş qadağan olduğundan idarə heyətinin zabitləri dincəlirdilər, buna görə bir qədər gec də olsa, demək olar, hamı çölə çıxdı. Güllə qulağının dibindən keçən, ölümdən təsadüfən qurtulan əsgər bizdən daha az həyəcanlanmışdı. Çölə tökülüşən zabit və gizirlərə:

– Qonşuda qaçqın uşaqlar zırpaket partladırdılar, – deyib onları inandıra bildi.

Hamı içəri qayıtsa da, çöldə tək qalıb bizə mənalı-mənalı baxan silah-sursat xidməti rəisinin köməkçisi şirin Şəki ləhcəsi ilə:

– Habı heç zırpaket səsinə oxşamadı, – deyərək peşəsinə layiq olduğunu göstərib binaya ən axırda girdi.

Gizir tapançanın darağında boş gilizi elə səliqə ilə gizlətdi ki, təhvil-təslimdə bilinməsin. Amma gülləni mütləq yerinə qoymaq lazım idi ki, kimsə nə vaxtsa bizə görə əziyyət çəkməsin.

Ara sakitləşəndən sonra hələ də key-key üzümə baxan kapitan birdən eyni sözü təkrarlamağa başladı:

– Daraq tapançanın üstündə imiş. Daraq tapançanın üstündə imiş.

Heç nə başa düşmürdüm. Köməkçim gizir başa saldı ki, demə, hərbi hissədə növbətçi çıxan zabitlərin heç biri təsadüfən axmaq iş çıxmasın deyə darağı tapançaya keçirtmirmiş. Bu axmaq da elə bilib, mən də elə edirəm. Tətiyi başıma sıxacaqmış, qəfil ağlına gəlibmiş ki, yoxlama atəşi açsın. Heç cür özünə gələ bilmirdi. Bu anda hərbi hissə növbətçisi olarkən özünü vurmuş tələbə yoldaşım yadıma düşdü. Hadisə belə də ola bilərdi. Sonra bizim bu kapitanımız getdi güllə dalınca. Bir də gördüm, həmin bu şəkili həmkarımız məni axtarır. Yaxınlaşıb güllənin mənə, yoxsa həmin kapitana lazım olduğunu soruşdu. “Sənin üçün nə fərqi var?” – deyə soruşanda isə:

– Məmmədov, sənlikdirsə, gülləni havayı verirəm. Onluqdursa, babat itələyəcəyəm. Qırsıçmazın biridir, bir dəfə bizə qoşulub yeyib-içməyə getmir, bir manat xərclədiyini görən olmayıb. Amma kişi kimi düzünü de, – dedi.

“Kişi kimi” sözü də bizim bəlamızdı. Mənim kişiliyim kapitanımıza doqquz şirvana başa gəldi. Dörd şirvan gülləyə görə verdi, beş şirvan da qonaqlıq üçün.

Bu bəlanı yeni ötürmüşdüm ki, hərbi hissəyə iki avtobus və bir neçə Niva markalı avtomobil daxil oldu, maşınlardan ancaq polkovnik tökülürdü. Bu qədər polkovniki heç vaxt bir yerdə görməmişdim. Qonaqları hərbi hissə komandirimiz özü qarşıladı. Sabah səhərdən məşəqqətli günlərimiz başlayacaqdı.

Bu polkovniklərin qəribə ləqəbləri var idi: akula, drakon, kobra... Ləqəbləri belə adamı qorxuya salırdı. İki gün sonra atıcılıqdan imtahana çağırıldıq. Dərədə yerləşən poliqona çatdıqda məlum oldu ki, tam döyüş geyimində bir kilometr qaçdıqdan sonra beş güllə atacağıq. Bu yerdə, necə deyərlər, Kərəmi ağlamaq tutdu! Mən adi vaxtda hədəfi düz nişan ala bilmirdim. İndi bir kilometr qaçandan sonra necə vuracaqdım?

Bizi beşlik qruplara böldülər.

Qrupların biri qaçıb güllə atanda digərləri yamacda oturub öz növbəsini gözləyəcəkdi. Amma elə birinci qrupun ikinci dövrə qaçışında bizim tanıdığımız şəkili qəfil qayıtdı ki, mən Şahmuradın birinciliyinə iki şirvan (indiki pul ilə dörd manat. Bu dörd manata iki nəfər restoranda otura bilirdi) pul qoyuram. Onun elə bu sözü ilə ciddi bir imtahan at yarışına çevrildi. Hərə bir zabitə “stavka” etməyə başladı və pul qoyduğu zabiti qışqıra-qışqıra tez getməyə həvəsləndirməyə, geri qalanda isə söyməyə başladı. İmtahan ciddiliyini itirib tam bir azart yarışına çevrilmişdi. Pulları dəstələyib öpən kim, uduzub özündən yüksək rütbəlini söyən kim...

Gülüb sevinməyimiz uzun sürmədi, həmin bu əjdahalardan bir polkovnik atəş hazırlığından qiymətləndirmə bitən kimi dişinin dibindən çıxanı deyib, bugünkü nəticələri saymadığını və bir neçə gündən sonra yenidən imtahan götürəcəyini elan edərək qərargaha qədər qaça-qaça qayıtmağımızı əmr etdi.

Səhəri gün silahdan imtahan verdik. Avtomat silahımızı müəyyən edilmiş vaxt ərzində söküb yığmalı idik. Beşinci mənim növbəm çatdı. Darağı silahdan çıxartmamış gülləni lüləyə verib, çaxmağı çəkdim və ikimi aldım. Yəni bu vaxt daraqda güllə olsaydı, silahdan atəş açılacaqdı. Ən kobud səhvə yol vermişdim. Sevindim. Onsuz da iki alacaqdım. Amma əziyyətsiz iki almışdım.

Bütün zabitlər məndən fərqli olaraq, normativi verə bildilər. Ciyərimiz, iki aldığımı görüb başını bulasa da, komissiya üzvü olan polkovnikə məni xeyli təriflədi, onu yenidən imtahan verməyimə razı sala bildi. Qanım tamam qaraldı. Onsuz da iki alacaqdım. Daim başımın üstündən asılı olan avtomatımı aylardır söküb yığmırdım. İki gündə bir dəfə söküb təmizləsəydim, indi mən də asanlıqla normanı verərdim. Beş almasam da, iki də almazdım. Bu fikirlərlə yenidən silah olan masaya yaxınlaşdım. Əvvəl hər şey qaydasında getdi, amma sonra nə etsəm də, zatvor zatvor çərçivəsindən ayrılmadı. Yenidən ikimi alıb xəcalətimdən Ciyərin üzünə belə baxmadan yerimə qayıtdım. Məni təriflədiyinə yəqin o da peşman olmuşdu.

Silah imtahanının ardınca kimyəvi həyəcan təlimi gəldi. Ortaya gətirilən geyim və ləvazimatları mən özüm də ancaq dərslikdə, kitabda, bölükdə isə elə yığılı bağlama halında görmüşdüm. Qanım daha da qaraldı. Ay zalım oğlu, bir aç bunların içinə bax da! Görürsən, Kərəmov açıb baxmış, dəyərini başa düşüb çobanlara da satmışdı.

İlk zabitlər sürətlə kimyəvi və radiasiya əleyhinə qoruyucu geyimləri geyinib-soyunaraq qiymətlərini almağa başladılar. Avtomat silahı heç olmasa normativ zaman ərzində olmasa da, ümumiyyətlə, söküb yığa bilirdim. Bunu geyinib-soyunan zabitləri nə qədər diqqətlə izləsəm də, heç cür yadımda saxlaya bilmirdim. Adım çəkiləndə dizlərim titrədi. Yavaş-yavaş geyimlərə yanaşırdım.

Birdən döyüş həyəcanı verildi, bütün zabitlər sürətlə növbətçi otağından silahlarını götürməyə cumdular. Mən də onlara qoşuldum. Ermənilərin bizim mövqeni yararaq tanklarla yaxınlıqdakı kəndə doğru irəlilədikləri xəbər verilmişdi. İnanın, bu məqamda imtahan qorxusundan müharibənin başlamasına sevinirdim. Bax, əsl “bardaq” indi başladı. Silah götürülməsi elə nizamsız, qarışıq hal aldı ki, indi də yadıma düşəndə utanıram. Kənarda ağacın altında kiçik taburetdə oturmuş, heç kimin fikir vermədiyi polkovnik biz silahları götürər-götürməz ayağa qalxaraq indiyədək eşitmədiyim, nüvə silahı ağırlığında vahiməli bir: “Düzül!” komandası verdi. Tanıyanlar: “Həziyev, Həziyev”, – deyə pıçıldaşdılar. Hamı bir neçə saniyə içində cərgədə yerini tutdu. Elə həmin tonda “düzlən” və “farağat” komandalarını verdikdən sonra danışmağa başladı:

– Mən korpusun qərargah rəisi Həziyevəm. Çoxunuz tanıyırsız, tanımayanlar da yəqin familiyamı eşidiblər. – Tanımayıb familiyasını eşidənlərdən biri də mən idim. – Səhərdən bəri sizə baxıram. Bu həyəcan siqnalının saxta olduğunu ancaq mən bilirdim, hamınız əslində, müharibənin qəfil başladığını fikirləşib ona uyğun hərəkət edirdiniz. İlk mərhələdə qanunauyğun olaraq silahlarınızı almağa tələsməlisiniz. Bura qədər hər şey düzgün idi, amma burada saldığınız qəhbə-şüvəni, intizamsızlığı bazarda tursik satanlar salmazdı. Müharibə başlasa, ən birinci bura bombalanacaq. Siz o mərmilərin partlayışı altında belə öz zabit nizamınızla hərəkət etməlisiniz. Amma sizin etdiyiniz nə idi? Yəqin, özünüz bildiniz nə idi. – Bir qədər sükutla gözlərimizin içinə baxıb davam etdi. – İndi yoxlamalar başlayıb, bu göt-başla siz xuy qiymət alarsınız. Siz qiymət almayanda məni çağıracaqlar nazirliyə. Orada mənə qalın, yonulmamış, tərsinə çapılmış bir paz vuracaqlar. – Bu zaman pazın ona necə vurulduğunu, əyilərək paz vurulmamışdan qabaq hansı vəziyyətdə durduğunu, paz vurularkən arxasını tutub qabağa atılmasını elə təbii təsvir edirdi ki, gülməkdən özümüzü güclə saxlayırdıq. Bilirdik ki, gülsək, dediyi pazı bizə keçirəcək. Sonra paz arxasındaymış kimi əlləri ilə dalını tutub yellənə-yellənə yeriyib sözünün ardını gətirdi. – Mən də arxamdan pazı çıxartmadan gələcəyəm bura. Ona görə çıxartmayacağam ki, çıxartsam, ağrısı azalar, mənim də ürəyim yumşalar. Dalımda paz gələcəyəm buraya, sizi indiki kimi sıraya düzüb: “Geriyə dön!” – Söz ağzından çıxan kimi hamımız geriyə döndük, sonra onun: “Olmadı!” komandası ilə əvvəlki vəziyyətimizə qayıtdıq. – Dönməyə tələsməyin. Hələ ki, pazı mənə soxmayıblar. Hə, “Geriyə dön!” komandası verib dalımdakı qanlı pazı özümdən çıxardıb bir-bir sizin götünüzə soxacağam. – Əli ilə soxma hərəkətini elə göstərdi ki, hamımız həmin pazı dalımızda hiss etdik. Lap elə bir az ağrıtdı da. – İndi oturub sizə baxıram, həyəcan siqnalı ilə dağılışıb otuz dəfə təkrar toplaşaraq silahları təhvil alma əməliyyatını həyata keçirəcəksiniz.

Qoy lap yüz dəfə olsun, amma o kimyəvi və radiasiya zəhərlənməsi əleyhinə dəsti geyinməkdən imtahan verməyim. Hələ bu paltarın adının uzunluğuna bir bax!

Yoxlama xeyli çəkdi, bir neçə xidmət rəisi barəsində cinayət işi açılması üçün sənədləri hərbi prokurorluğa göndərildi. Hərbi hissəmiz ümumi nəticədə iki aldı. Adətən, belə hallarda hərbi hissə komandirinin rütbəsini və vəzifəsini aşağı salırlar. Komandirimizin yeni təyin olunduğunu nəzərə alaraq, bir neçə aydan sonra yenidən imtahan götürülməsi şərti ilə yaxşı hazırlaşması üçün möhlət verdilər. Mənə isə o uzun adlı geyimi bir daha geyinmək qismət olmadı. Yeni yoxlama gələnədək tərxis olunacaqdım.

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb Tbilisidə Zəfər Günü qeyd olundu Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью