Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, texnika elmləri doktoru, Azərbaycan Milli EA-nın müxbir üzvü Sabit Atabala oğlu Orucovun (1912-1981) anım günü tarixindən 45 il keçir....
II Dünya müharibəsi illərində (1939-1945) Azərbaycan xalqı SSRİ-nin məhv edilməsinə qarşı necə mərdliklə sinə gərmişdirsə (Sovet İttifaqı Marşalı G.K.Jukovun (1896-1974) təbirincə), müharibədən sonrakı mərhələdə (1946-1960-cı illər) bərpa və dirçəliş dövründə də eyni əzmkarlıqla çalışmışlar (SSRİ hökuməti başçısının I müavini N.K.Baybakovun (1911-2008) xatirələrindən), o cümlədən, dövlət, ictimai-siyasi xadimlərlə yanaşı, qabaqcıl elm və sənaye nümayəndələrinin gərgin əməyi sayəsində....
XX əsrdə SSRİ-nin dünya miqyasında siyasi-iqtisadi baxımdan güclü ölkələr sırasında yer tutması (eləcə də, hərbi gücünün artmasında, dünyəvi elm-mədəniyyət siyasətinin/səviyyəsinin yüksəlməsində) həm də Azərbaycan xalqının ünlü övladlarının (N.N.Nərimanov (1870-1925), Ə.M.Əliyev (1897-1962), H.Ə.Rəhmanov (1902-1938), Y.H.Məmmədəliyev (1905-1961), K.A.Kərimov (1917-2003), Ə.N.Əlixanov (1917-1992), H.Ə.Əliyev (1923-2003), M.S.Əhmədov (1924-1974), F.Q.Salmanov (1931-2007), P.A.Poladzadə (1931-2018), A.Y.Ağakişiyev (1934-2016), Ç.Ş.İsmayılov (1948)...) ayrı-ayrı məsul dövlət quruculuğu, elm və mədəniyyət sahəsində həyatları bahasına, dəyərli xidmətləri sayəsində olub, bu sırada Sabit Atabala oğlu Orucovun (1912-1981) da adı xüsusilə çəkilir və seçilir.
XIX yüzilliyin II yarısından dünya iqtisadiyyatının bazar rəqabətinin və sənaye sahələrinin geniş istehsal sisteminin güclənməsi, nəqliyyat şəbəkəsinin artması...yanacaq-enerji ehtiyatlarına olan tələbatı zəruri etdiyi kimi, XX əsr dünyanın inzibati-idarəetmə gücü bu amili daha da dünyəviləşdirdiyindən neft-qaz yataqlarının axtarışı, kəşfi, istismarı, istehsalı, emalı və nəqli vacib sənaye sahələrinə çevrilmişdir. Keçən əsrin 20-30-cu illərindən başlayaraq beynəlxalq güc mərkəzlərinin savaşı məhz bu təbii ehtiyatlar uğrunda mübarizə halını almışdır.
Dövlətçilik tarixi və elm-mədəniyyət dəyərləri ilə fərqlənən Azərbaycan təbii xammal-yanacaq/enerji yataqlarının zənginliyi ilə seçilib, bu sahədə dünya miqyaslı mütəxəssisləri-alimləri, bacarıqlı inzibatçı xadimləri...ilə də beynəlxalq miqyasda ön ön sıralarda olmuş, “Dünyəvi məktəb”nin ünvanı kimi şöhrət qazanmışdır. Çox təəssüf ki, bu məktəbin xeyrini daha çox nankor düşmənlərimiz/qonşularımız görmüş, faydasını əsrlərlə onlar mənimsəmişlər...
Haramları olsun....
Azərbaycan xalqının məşəqqətli əziyyətləri və tarixi-coğrafi mövqeyi ilə yanaşı, işıqlı ziyalılarının əqli mülkiyyəti də bu sərvətlərə yiyələnməkdə az rol oynamayıb. Haqqında söhbət açdığımız Sabit Atabala oğlunun mənalı həyatı bu fikrimizi sübut edə bilər...
Dərin bilik və sahəvi peşəkar bacarıqlara yiyələnməklə (1931-1936-cı illərdə Azərbaycan Sənaye İnstitutunu fərqlənmə diplomu, ”Dağ mühəndisi-neftçi” ixtisası üzrə bitirib) Sabit Atabala oğlunun Abşeron yarımadası və Xəzər dənizinin şelfində neft-qaz yataqlarının kəşfi, istismarı sahəsində topladığı zəngin təcrübəsinin miqyası genişlənərək SSRİ hüdudlarında öz yerini tapmış, yeni-yeni şəhərlərinin yaranmasına, ölkənin yanacaq-energetika sənayesinin güclü inkişafına təkan vermiş, 1960-cı illərdən sonra “Sibir epoxası”nın yaranmasında həmyerlisi Fərman Qurban oğlu Salmanovla birlikdə addımlamışdır. Bu iki cənublu neftçinin beynəlxalq hüdudları aşan şöhrəti xarici ölkələrdə də əks-səda doğurmuş, bir sıra beynəlxalq layihələrə məhz onlar imza atmışlar.
Haşiyə. Abşeron yarımadasının Suraxan, Buzovna, Bibiheybət...yataqlarında təcrübəyə yiyələnən, “...neft Bakısının görkəmli şəxsiyyətlərindən biri..” S.Orucov çiyindaşları ilə birlikdə (A.Q.Əliyev, Y.Ə.Səfərov, M.P.Kaveroçkin, Q.A.Abbasov) Xəzər dənizinin Pirallahı adası yaxınlığında (40 km aralıda) yeddi köhnə qayıq lövbərləri üzərində qurulmuş süni meydançada qazılan neft quyusundan “qara qızılı”ın püskürdüyü gün-07 noyabr 1949-cu il-dünya neft tarixində ilk “Azərbaycan səhifəsi”ni yazdılar-açıq dənizdə, 942 m dərinlikdə sənaye əhəmiyyətli quyu qazılmaqla (sutkada 100 tondan çox yüksək keyfiyyətli yanacaq növü verməklə), möcüzəvi “Neft daşları” şəhərinin təməli qoyuldu...
Yalnız XX əsrə aid tarixi salnamə təhlilləri bir daha sübut etmişdir ki, çar Rusiyasının iqtisadiyyatının gücləndirilməsi Azərbaycan və Türküstan diyarı hesabına yaranıb, SSRİ-nin II Dünya müharibəsində qələbəsi Azərbaycan neftçilərinin zəhməti və alimlərinin zəkası, ilk növbədə, akademik Y.H.Məmmədəliyevin kəşfləri sayəsində mümkünləşib, 1950-1960-cı illər sənaye yüksəlişi S.A.Orucov, F.Q.Salmanov, R.A.Poladzadə... kimi oğullarının gərgin axtarışları, yenilməz səyləri sayəsində, 1980-ci illər dövrü SSRİ təsərrüfatını bütünlüklə bərpası Ümummilli lider H.Ə.Əliyevin xidmətləri ilə həyata keçirilib. Həmin zaman kəsimlərinin siyasi, ictimai-iqtisadi, elmi-texniki....əhəmiyyətinin adları çəkilən Ünlü Azərbaycanlılarla bağlılığı ona görə önləndirilir ki, məhz Onların səyi nəticəsində Ümumittifaq dövlətinin iqtisadi siyasəti mükəmməl səciyyə qazanmış, ittifaq və dünya səviyyəli təsirə malik olmuşdur. Təsadüfi deyil ki, bu qiymətləndirmə SSRİ hökumətinin rəhbərləri, bir sıra siyasi və dövlət xadimləri tərəfindən etiraf edilmişdir.
Urenqoy qaz yatağının kəşfindən sonra Sabit Atabala oğlunu bu potensial yanacaq ehtiyatının qiymətləndirilməsi ilə həmrəy olan SSRİ Nazirlər Sovetinin sədrinin I müavini A.N.Kosıgin (1904-1980) onunla birlikdə nəhəng, beynəlxalq əhəmiyyətli “Dostluq” neft kəmərinin çəkilişi layihəsini təsdiq edərək, icrası həyata keçirilib, bu layihə XXI əsrin əvvəllərində inşa edilən “Yamal-Avropa” qaz kəmərinin çəkilişinə təkan vermişdir. Avropa ölkələrinə qədər uzanan bu “yanacaq qollar”ı indi də Rusiya Federasiyasının iqtisadiyyatının mühüm “nəqliyyat yolu”dur. Sonralar hökumət başçısı kimi A.N.Kosıginin Ona olan etimadı Rumıniya Respublikasının Qara dəniz hövzəsində, İraqın neft-qaz yataqlarının kəşfi ilə bağlı müraciətinin icrasında daha da artmışdır.
Mezozoy yaşlı neft-qaz yataqlarının kəşfini əsaslandıran elmi-nəzəri tədqiqat nəticələri əsasında İraq Respublikasının yanacaq-energetik sənayesini qiymətləndirən S.A.Orucov növbəti mərhələdə bu ideyanı SSRİ miqyası timsalında əsaslandırmışdır.
Neft mədəniyyətinin zəngin tarixi keçmişini özündə yaşadan “Abşeron/Bakı neft məktəbi”nin dünyaca məşhur fəxr olunası üzvlərindən biri kimi Sabit Atabala oğlunun imza atdığı dünyəvi kəşflərindən biri Pirallahı torpağından 40 km şərqdə “Yeddi qayıq adası”ndakı neft yatağı (sonralar dünya möcüzəsi “Neft daşları” adlanan şəhər) onun sonrakı mərhələdə qazandığı ittifaq və beynəlxalq miqyaslı uğurlarının (Şimali Qafqaz, Tatarstan, Volqa-Ural və Orta Asiyada yeni neft yataqları, Qərbi Sibirin yeni sənaye şəhərlərinin salınması, SSRİ-nin hökumət üzvlüyü, xarici iqtisadi əlaqələrin yaradılması, neft-qaz sənayesinin inzibatçılığı...) polad təməlinə çevrilmişdir.
Sovet hökumətinin idarəçiliyinin güclü simalarından biri də “Abşeron/Bakı neft məktəbi”nin yetirməsi olmuş SSRİ Dövlət Plan komitəsinin sədri N.Baybakov S.Orucovun təşəbbüsünü dəstəklədiyi üçün (geoloqlardan Y.Ervye, D.Nalivkin bu fikrə şərik çıxmışlar) 1965-ci ildən “Neft və Qaz sənayesi işçilərinin günü” barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı imzalanmışdır.
Qərbi Sibirin yanacaq-enerji ehtiyatlarının İttifaq iqtisadiyyatının aparıcı sahəsinə çevrilməsi, “lokomotivi” kimi inkişafı (1960-70-ci illərdə) məhz Azərbaycan Oğullarının-S.Orucovun və F.Salmanovun adları ilə bağlıdır, bu etirafda SSRİ rəhbərləri də bulunmuşlar. Uzun illər Tümen Vilayət Partiya Komitəsinin II katibi olmuş G.İ.Şaml (1937, sonralar RF-nın Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti) S.A.Orucovun xidmətləri və idarəetmə bacarığı nəzərə alınaraq yeni sahənin-SSRİ Qaz Sənayesi nazirliyinin yarandığını (Neft Sənayesi nazirliyinin bazasında) qeyd etmişdir.
Rusiyanın transmilli qaz axını-“Yamal-Avropa” xətti məhz Onun kəşf etdiyi Urenqoy, Nadım, Yamburq yataqlarının “mavi yanacağı” sayəsindədir...
1946-cı ildə Sovet lideri İ.V.Stalin (1879-1953) müharibədən sonrakı mərhələdə iqtisadiyyatın gücləndirilməsi məqsədi ilə dövlətin qarşısında duran əsas məsələnin yanacaq-energetika sənayesinin dirçəldilməsi, neft və qaz xammal ehtiyatlarının istehsal həcminin illik 19 milyon tondan 60 səviyyəsinə çatdırılması barədə tapşırıq verəndə bu sahəyə məsul olan N.K.Baybakov xatırlayır ki, “tüklərim biz-biz durdu...” və ilk yada düşən S.A.Orucov oldu, çünki, “köhnə Bakılı” yenə də xatırlayır ki...”..”ikinci Bakı”nı yalnız O kəşf edə bilərdi, onun imkanlarını yaxşı bilirdim, ən çətin yerlərə onu göndərirdim, O, ümidlərimi doğruldurdu, əmin idim ki, O, bu tapşırıqları yerinə yetirəcək....”.
Azərbaycanla yanaşı, Şimali Qafqaz, Volqaboyu, Tatarstan, Başqırdıstan, Udmurtiya...hövzələrində neft yataqlarının kəşfi və istismarı layihələrinin həyata keçirilməsi nəticəsində artıq 1955-ci ildə ölkədə neft hasilatı 71 milyona çatmışdır...S.A.Orucov yenə də vədinə sadiq qalmışdır....
Zamanın mistik-fəlsəfi hökmləri sırasına iki tarixi yazı “Azərbaycan tarixi”nin silinməz səhifə yazısıdır-XX əsrin əvvəllərində Rusiya imperiyasının ali hakimiyyətində N.N.Nərimanov, sonuncu onilliklərində isə H.Ə.Əliyev təmsil olunmuşlar. Bu dövlətin Yüksək Siyasi Onluğuna daxil olan H.Ə.Əliyevin yazımıza mövzu olan həmyerlisi haqqındakı qeydlər xüsusi maraq doğurur:
-Sabit Atabala oğlu hələ SSRİ Neft Sənayesi nazirinin I müavini işləyəndə elmi-nəzəri təfəkkürü və fitri istedadı sayəsində iri miqyaslı analitik təhlillərə əsaslanan layihələrlə İttifaq hökuməti qarşısında ardıcıl olaraq çıxışlar edərdi. Tümen vilayətinin şimal hissəsi və Arktika hövzəsinin şelf zonasında neft-qaz yataqlarının kəşfi layihəsi bu sırada xüsusi yer tutmuş, dövlət başçısı L.İ.Brejnev (1906-1982) Onu iki dəfə qəbul edərək təhriri-məruzəsini dinləmiş, elmi-sənaye təmayüllü təşəbbüsünü yüksək qiymətləndirmiş və icrasına “yaşıl işıq” yandırmışdır. Dünyanın güclü dövlətinin strateji əhəmiyyətli təsərrüfat sahəsi ilə bağlı ölkə rəhbəri tərəfindən nazir müavinini qəbul edilməsi nadir hadisələrdən biri idi....
R.S. Şərəfli və dəyərli həyat yaşamış dövlət və ictimai xadim S.A.Orucov haqqında bir neçə tarixi-sənədli film (“Yüz ilin sirləri”, “Azadlıq elçiləri” lentləri çəkilmiş, Moskva şəhəri, Romanov döngəsi-3 ünvanında yaşadığı mənzilin binasına xatirə lövhəsi vurulmuş, “Sabit Orucov” sərnişin gəmisi mavi sularda dalğaları yarır, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhəri, Xətai və Qaradağ rayonlarında küçə adı verilmişdir.
Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi