Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
U-17 almanlarla, U-19 isə monteneqrolularla üz-üzə gəlib. Eyni gündə baş tutan iki görüşdə də yığmalar yeddi qola üzülüb. U-17 fərqlənə bilməyib, U-19 isə qollardan ikisinin əvəzini çıxıb.
Almaniya U-17 – Azərbaycan U-17 7:0
Azərbaycan U-19 – Monteneqro U-19 2:7
Almanlarla matçdakı nəticə hardasa anlaşılandır. Futbolunun səviyyələri arasında uçurum olan iki ölkənin yığmasının duelində belə hesablar gözləniləndir. Almanların U-17 komandasının oyunçuları gələcəyin ulduzu olmağa namizəddir. “Panzerlər”in indiki heyətində “Bavariya”, “Volfsburq”, “Borussiya” (Dortmund), “Hamburq” kimi akademiyaları dünyanın ən yaxşıları sırasında olan klubların üzvləri yer alır.
Azərbaycan millisində isə vəziyyət acınacaqlıdır. Aşağı yaş qrupları üzrə liqalarda səviyyə aşağıdır. İl ərzində keçirilən oyun sayı az, keyfiyyət yox dərəcəsindədir. Futbolçuların klublarında beynəlxalq təcrübə qazanmaq imkanı yox dərəcəsindədir. Liqada 2-3 komandadan başqa akademiyaya ciddi diqqət ayrılmır. Yekunda ortaya çıxan mənzərə belə alınır.
Əsas narahatlıq yaradan məqam U-19-la bağlıdır. Bəlkə də, 3-4 ilə A milli bu komandanın futbolçularından formalaşdırılacaq.
Monteneqro ilə Azərbaycan futbolu arasında böyük səviyyə fərqi yoxdur. Hər iki ölkənin futbolu aşağı-yuxarı eyni durumdadır. Klub səviyyəsində biz daha öndəyik. Monteneqronun milli komandası da son illərdə enişdədir. Lakin 19 yaşlıların duelində belə hesabın qeydə alınmasını ya qəza deyib keçməliyik, ya da ciddi siqnallar almalıyıq. Elə bir nəticədir ki, qəza və ya təsadüf kimi də qələmə vermək mümkün deyil.
Millinin qrupdakı digər rəqibləri isə daha güclü Serbiya və özümüzə bab Farer adaları seçmələridir. Farerlilər də son illərdə futbolu inkişafda olan ölkələrdəndir. Bu matçlarda nəyə ümid edək, necə düşünək, bəlli deyil.
Ümumiyyətlə, aşağı yaş qruplarımızın nəticələrinə baxırsan, sanki, hamı irəli gedir, bir bizdən başqa. Biz isə heç yerimizdə saya bilmirik…
Şahin Cəfərov