Yeganə Salman: Holokost bəşəriyyət üçün bir dərs olmaq və tarixə qovuşmaq əvəzinə dəyişir, amma yox olmur

27.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Holokost XX əsrin sadəcə ən böyük faciəsi deyil, həm də insan ağlının necə sistemli şəkildə vəhşiliyə xidmət edə bildiyinin sübutudur. Bu, ani qəzəb və ya nəzarətsiz zorakılıq deyildi. Bu, düşünülmüş, planlaşdırılmış və dövlət mexanizmi səviyyəsində həyata keçirilmiş bir məhvetmə idi ki, onun mərkəzində insan yox, nifrət dayanırdı. Altı milyon yəhudi qadın, kişi və uşaq yalnız kimliyinə görə həyatından məhrum edildi, adları siyahılara salındı, bədənləri nömrələrə çevrildi, taleləri isə soyuq bürokratik qərarlarla həll olundu. Holokostun ağrısı təkcə qaz kameralarında və ölüm düşərgələrində deyil, dünyanın uzun müddət susmasında daha da dərinləşir. Bu gün Holokostu xatırlamaq keçmişi təkrarlamaq deyil, gələcəyi qorumaq deməkdir.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Yeganə Salman Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təəssüf ki, Holokost yəhudi xalqı üçün öz aktuallığını itirməyib: “Tarix göstərir ki, texnoloji tərəqqi bəşəriyyəti vəhşi qəddarlıqdan azad etmir. Holokostdan 80 ildən çox vaxt keçib, lakin Holokost bəşəriyyət üçün bir dərs olmaq və tarixə qovuşmaq əvəzinə dəyişir, amma yox olmur. Biz bunu 7 oktyabr 2023-cü il İsrail hadisələri zamanı gördük. Biz bunu 26 fevral 1992-ci ildə Xocalıda - hər iki yerdə günahsız, silahsız insanların terrorçuların əlindən əziyyət çəkdiyi zaman gördük”.

Yeganə Salman qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində Cənubi Qafqazda sülh bərqərar olub: “Arzu edirəm ki, Yaxın Şərqə də sülh gəlsin. Hər bir israilli bunu arzulayır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью