Yəhudilik təkcə bir din deyil, eyni zamanda dərin tarixi, mədəni və milli kimliyi əks etdirən bir anlayışdır

28.01.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yəhudilər Azərbaycanda heç vaxt kənardan gəlmiş yad bir icma kimi qəbul olunmayıblar, bu torpağın tarixinin səssiz, amma sabit bir hissəsi olublar. Sinaqoqlarla məscidlərin eyni məkanlarda yanaşı mövcudluğu burada əsrlər boyu adi və təbii hal sayılıb. Heç kim kimliyinə görə izah vermək, özünü müdafiə etmək məcburiyyətində qalmayıb. Azərbaycanda tolerantlıq süni şəkildə nümayiş etdirilən anlayış deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir.

Azərbaycanda yəhudilərin tarixi yüzilliklərlə ölçülür və onların burada yaşaması qədim ticarət yolları və mədəni mübadilələrlə sıx bağlı olub. Quba və ətraf bölgələrdə yaranmış icmalar, xüsusilə Dağ yəhudiləri, öz dinlərini və ənənələrini əsrlər boyu qoruyaraq yerli cəmiyyətlə harmoniyada yaşayıblar.

Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru, Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilov Bizimyol.info xəbər portalının suallarını cavablayıb.

Nəsimi Əbilov

Yəhudilik həm din, həm də milli kimlikdir. Azərbaycandakı yəhudilər bu iki anlayış arasında tarazlığı necə qoruyurlar?

- Yəhudilik təkcə bir din deyil, eyni zamanda dərin tarixi, mədəni və milli kimliyi əks etdirən bir anlayışdır. Bu xüsusiyyət yəhudilərin tarix boyu öz kimliklərini qoruyub saxlamasına imkan verib. Dini inanclar, milli ənənələr və mədəni dəyərlər bir-birini tamamlayaraq yəhudi cəmiyyətinin daxili birliyini gücləndirir və onu fərqli xalqlar arasında seçilən, lakin açıq və inteqrasiya olunmuş bir icmaya çevirir.

Azərbaycan tez-tez tolerantlıq nümunəsi kimi göstərilir. Yəhudi icmasının gündəlik həyatında bu tolerantlıq konkret olaraq necə hiss olunur?

- Bu tolerantlıq yəhudi icmasının gündəlik həyatında təhlükəsiz və rahat mühitdə yaşamaq, dini ayinləri və bayramları sərbəst şəkildə qeyd etmək, sinaqoqların və icma mərkəzlərinin normal fəaliyyət göstərməsi ilə aydın şəkildə hiss olunur. Eyni zamanda, dövlət qurumları və cəmiyyətlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.

Yəhudilər haqqında cəmiyyətdə mövcud olan ən yayğın yanlış təsəvvür hansıdır və sizcə bu stereotiplər niyə yaranır?

- Yəhudilər haqqında cəmiyyətdə mövcud olan ən yayğın yanlış təsəvvür onların qapalı və cəmiyyətdən kənar bir icma olması ilə bağlıdır. Əslində isə bu stereotiplər əsasən məlumatsızlıqdan, tarixi və mədəni fərqlərin yetərincə tanınmamasından yaranır. Açıq dialoq, maarifləndirmə və birgə ictimai fəaliyyətlər bu yanlış təsəvvürlərin aradan qaldırılmasında əsas rol oynayır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью