Yem kartofunu adi kartofdan necə ayırd etmək olar? EKSPERT AÇIQLADI

26.01.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlərdə yem kartofunun əhaliyə satılması ilə bağlı məlumatlar yayılıb. Ümumiyyətlə yem kartofunu adi kartofdan necə ayırd etmək olar?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, yem kartofu, digər adı ilə texniki kartof, insan qidası üçün nəzərdə tutulmayan kartof növüdür və əsasən heyvan yemində, eləcə də sənayedə nişasta və spirtin əldə olunmasında istifadə olunur:

“Bu kartof adi süfrə kartofundan həm becərilmə qaydasına, həm də tərkibinə görə ciddi şəkildə fərqlənir. Texniki kartofun yığımı adətən gecikdirilir ki, bu da onun daha iri ölçüdə böyüməsinə səbəb olur. Bu məqsədlə becərmə prosesində müxtəlif gübrələrdən və kimyəvi maddələrdən daha intensiv istifadə edilir. Nəticədə kartofun tərkibində ağır metalların və zərərli kimyəvi qalıqların miqdarı artır.

Eyni zamanda yem kartofunun tərkibində solanin adlı zəhərli maddə mövcuddur. Xüsusilə kartof uzun müddət saxlanıldıqda, cücərdikdə və ya qabığında yaşıllaşma yarandıqda solaninin miqdarı daha da artır. Bu maddə insan orqanizminə daxil olduqda zəhərlənməyə səbəb olur və qarın ağrısı, ürəkbulanma, qusma, ishal, həzm sisteminin pozulması kimi fəsadlarla nəticələnir. Yem kartofunun uzunmüddətli istifadəsi isə daxili orqanların, xüsusilə qaraciyər və böyrəklərin zədələnməsinə gətirib çıxara bilər.

Yem kartofunu adi süfrə kartofundan ayırmaq çətin olsa da, bəzi əlamətlərə diqqət yetirməklə bunu müəyyən etmək mümkündür. Bu kartoflar adətən həddindən artıq iri, ölçüsüz və nahamar formada olur, üzərində çuxurlar çox olur, tez-tez cücərmiş və ya yaşıllaşmış halda rast gəlinir. Qabığı adi kartofa nisbətən daha qalın olur, dadı acı olur və bəzən kimyəvi dərmanları xatırladan kəskin qoxu verir. Tərkibində nişasta miqdarı yüksək olduğu üçün bişirildikdə tez dağılır, un kimi olur və ağızda ovulur ki, bu da yem kartofunun əsas xüsusiyyətlərindən biridir.

Bütün bunları nəzərə alaraq, kartof və digər qida məhsulları yalnız mənşəyi bəlli olan, etibarlı satış nöqtələrindən və dövlət nəzarətindən keçmiş yerlərdən alınmalıdır. Mənşəyi məlum olmayan bazarlarda və yolkənarı satış yerlərində insan sağlamlığı üçün təhlükəli olan yem kartofu və digər keyfiyyətsiz məhsulların satılması halları mümkündür. Belə məhsullardan istifadə edən insanlar sağlamlıq problemləri ilə qarşılaşdıqda, çox zaman hara müraciət edəcəklərini bilmirlər. Buna görə də vətəndaşlara qida alarkən diqqətli olmaq, sağlamlıqlarını riskə atmamaq və yalnız etibarlı mənbələrdən alış etmək tövsiyə olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью