Yemək bişirə bilməyən qadın... So­sial şə­bə­kə­də ya­zı­lan­lar

30.01.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Fərid Pərdəşünas, texnobloger:

- "Qarabağ" FK-nın bu hesablı məğlubiyyəti gözlənilən idi. Dünən yazdığım təxmində mən, açığı, 5:0 proqnozlaşdırmışdım. Əksini iddia etməyin eyforiyadan başqa bir şey olmadığını az-maz futbol izləyənlər bilir.

Bu eyforiya da çox pis bir şeydir. Reallıqdan uzaq olan gözlənti elə həddə olur ki, nəticə olmayanda elə bil hündür mərtəbədən yerə çırpılırsan.

"Yaxşı gün" azarkeşləri, hay-küyə düşüb futbola baxanlar belə fikirlər səsləndirəndə adamı linç edirlər. Guya reallığı danışmaq "Qarabağ" FK-nı istəməməkdir. Hələ türk futbol şərhçilərinin videolarına yazılan rəyləri görəydiniz. İlahi... Kimsə desəydi ki, "Qarabağ" FK uduzacaq, peşman idi.

Reallığı qəbul edən azarkeşlər isə, məncə, dünənki oyundan zövq aldı. Çünki bu, tarixi bir an idi. O yamyaşıl meydan, qırmızı tribunalar, böyük futbol məbədi, Çempionlar Liqasının himni, "Liverpul"un himni, 1300 nəfər azərbaycanlının stadionu "Qarabağ" şüarına boğması, 44-cü dəqiqədə gələn "Şəhidlər ölməz, Vətən bölünməz" çağırışları sanki "Qarabağ" FK-nı xəyallar teatrına, "PlayStation" oyununun içinə atmışdı.

Məğlubiyyətin bu qədər acı olmasını, təbii ki, heç kim istəməzdi. Amma mən düşünürəm ki, bu, tamamilə Qurbanovun oyun planı ilə bağlı idi. Təəssüflər olsun ki, sehrbaz Qurban Qurbanovun ən zəif tərəflərindən biri rəqibə görə oyun planı qurmamasıdır. Məncə, yavaş-yavaş belə böyük oyunlarla özü də bunu başa düşür.

Yəni elə oyunlar var ki, müdafiə olunmalısan, qırmalısan, batırmalısan, lazım gəldi, ulduzun gözünü zədə ilə qorxudub çəkindirməlisən. Amma dünənki oyunda "Qarabağ" FK çox az cərimə etdi və oyunda cəmi 1 sarı vərəqə var idi. Yəni "Liverpul"un oynaması üçün hər cür şərait yaratmışıq.

Nəisə, məncə, bunlar zamanla düzələcək. Necə ki, illər əvvəl "Çelsi"yə səfərdə bu hesabla uduzub, bu il Bakıda onlardan xal aldıq. Gələcəkdə eynisini "Liverpul"a qarşı da edəcəyimizdən əminəm.

Qurbanovu və oyunçularını növbəti mərhələ münasibətilə təbrik edirəm. Başları hər zaman uca olsun.

Rəqib kimi isə PSJ-ni istəyirəm. Qoy gəlsinlər. Ən çətinlər gəlsin. 0:5, 0:6 uduzaq, amma təcrübə və vərdiş yaransın. Çünki artıq "Qarabağ" FK-nın hədəfi bu səviyyələrdə diş göstərməkdir.

"Qarabağ" FK ilə qürur duyuram.

lll

- Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə hesabatına nəzər saldım. Fond təkcə 2025-ci ildə investisiya fəaliyyətindən 4 milyard dollar gəlir əldə edib.

İnvestisiya portfelinə əsasən qızıl, səhmlər və istiqrazlar daxildir. Əsas yatırımlar isə təbii ki, ABŞ və Avropa bazarlarında cəmləşib.

Ümumiyyətlə, Fondun bu dərəcədə gəlirli olmasının səbəbi aktivlərin dayanıqlı hissəsini qızılda, səhm tərəfini isə texnologiya şirkətlərində balanslaşdırmasıdır.

Mən özüm də qlobal texnologiya şirkətlərinin səhm alqı-satqısı ilə məşğul oluram. Xüsusilə trendləri yaxından izlədiyim üçün bu sahə mənə daha doğmadır. Hesab edirəm ki, Fondun 73 milyard dollar kimi böyük bir vəsaitin bir hissəsini məhz bu istiqamətdə - nəhəng texnologiya şirkətlərinə etibar etməsi çox uğurlu strategiyadır.

Eyni zamanda, Neft Fondunun aktivlərində "yaşıl enerji" sahəsinə ayrılan pay da diqqət çəkir. Düşünürəm ki, Fond bu tendensiyanı yaxın 5 ildə, xüsusilə süni intellektin (AI) zirvə nöqtəsinə çatacağı dövrdə daha da genişləndirməlidir.

Texnologiya, süni intellekt, yaşıl və nüvə enerjisi investisiya dünyası üçün sadəcə qısamüddətli trend deyil. Bu istiqamətlər strateji və doğru yanaşma ilə gələcəkdə milyardlarla qazanc vəd edən əsas sahələrdir.

İstənilən halda bu yazdıqlarım investisiya məsləhəti deyil, sadəcə real uğurlu nümunə və gözləntilərimdir.

- Humay Əliyeva, jurnalist:

- İllərdir bu platformadayam, lakin etik aşınmanın və açıq səviyyəsizliyin bu dərəcədə adiləşdiyi bir dövrü xatırlamıram. Bir vaxtlar istisna sayılan davranışlar bu gün norma kimi təqdim olunur. Düşünürdüm ki, zaman, məsuliyyət hissi və ictimai qınaq bəzi adamları dayandırar. Amma aydın oldu ki, bu davranışlar zamanla aradan qalxmır, əksinə, səssizliyin hesabına qol-qanaq açır.

Bu gün informasiya mühitində özünü media nümayəndəsi kimi təqdim edən, amma mediaya heç bir peşəkar dəyər daşımayan bir çevrə formalaşıb. Onların mediaya gətirdiyi nə xəbərdir, nə fakt, nə də ictimai fayda, yalnız şəxsi kin, daxili aqressiya və illərlə yığılıb qalmış natamamlıq kompleksidir. Onlar xəbər istehsal etmir, sadəcə şəxsi nifrətini ictimai məkanda icra edirlər. Faktla danışmaq əvəzinə şəxsi həyatı müzakirəyə qoyurlar. Mövqe yerinə ad-soyad üzərindən basqı qururlar.

Bu, fikir mübadiləsi deyil. Bu, tənqid deyil. Bu, jurnalistika adı altında şəxsi hücumdur. Peşənin adına sığınıb qələmi alətə çevirməkdir. Jurnalistika fakt tələb edir, məsuliyyət tələb edir, vicdan tələb edir. Bunlar yoxdursa, ortada media yox, etikadan məhrum səs-küy var.

Xəbər müzakirə oluna bilər. Mənbə sual altına alına bilər. Bu, peşənin mahiyyətidir. Lakin bu müzakirə sübutla, arqumentlə və etik çərçivədə aparılmalıdır. Bu çərçivə aşıldığı an söhbət peşə mübahisəsindən çıxır və mənəvi məsuliyyətsizliyə çevrilir. Çünki arqument tükənəndə səs tonu yüksəlir, səs tonu yüksəldikcə isə səviyyə sürətlə enir.

Bu cür davranışların arxasında nə ictimai maraq var, nə də jurnalistikaya xidmət niyyəti. Burada gördüyümüz özünü təsdiq edə bilməməyin doğurduğu aqressiya, başqasının əməyinə dözə bilməməyin yaratdığı daxili qəzəbdir. Öz işi ilə mövqe qazana bilməyənlər həmişə başqasının işinə hücum edirlər. Çünki peşəkar boşluq ən asan səs-küylə ört-basdır edilir.

Lakin məsələ təkcə bu tip fərdlərlə məhdudlaşmır. Daha ağır və daha narahatedici sual buradadır: bu davranışların qarşısını almaq öhdəliyi olan qurumlar nə vaxta qədər susacaq? Media mühiti nəzarətsiz qaldıqca, etikadan kənar davranışlar adiləşir. Qayda yalnız kağız üzərində qalanda, məsuliyyətsizlik faktiki olaraq cəzasızlıqla mükafatlandırılır.

Media azadlığı söz azadlığıdır. Amma söz azadlığı söz sahibinin məsuliyyətdən azad olması demək deyil. Əksinə, söz azadlığı məsuliyyəti daha da ağırlaşdırır. Bu yükü daşıya bilməyənlər qələmi peşə alətinə yox, şəxsi qisasa çevirirlər. Və bunun adı jurnalistika ola bilməz.

Bir xətt çəkilməlidir - aydın, birmənalı və gecikmədən.

Harada peşə bitir, harada məsuliyyətsizlik başlayır - bu sərhəd göstərilməlidir.

Çünki susduqca, səviyyəsizlik özünü haqlı sayır.

Və ən təhlükəli məqam da məhz budur.

Günel Mövlud, yazıçı:

- Şəkidə bir Cücəmiş kəndi vardı. Laçın qaçqınları yerləşmişdi orda. Düz on doqquz il o kəndə işıq çəkilmədi. İnsanlar mobil telefonlarını şarja qoymaq üçün ata minib, əlli kilometr çapır, rayon mərkəzində dükana-filana girib, telefonlarını sazlayır, sonra da bazarlıq edib, geri gəlirdilər.

Kənddə doğulan uşaqların yeni müğənnilərdən, şoulardan, verilişlərdən xəbəri yox idi. İnsanlar axşam çıraq işığına yığışıb, söhbət edirdilər.

Kənd camaatı öz əlləri ilə üç otaqdan ibarət məktəb tikmişdilər. Laçındakı məktəblərinin inzibati bazası əsasında kənd müəllimləri dərs keçirdi.

Cücəmiş kəndindəki orta məktəbdən məzun olan altı nəfərdən beşi ali məktəbə daxil olmuş, müəllimlik oxumuş və beşi də Cücəmiş kəndindəki uşaqlara təhsil vermək üçün kəndə qayıtmışdılar...

Bu dünyada belə gözəl şeylər də olur. Əsas televizordan, şoudan, saxatakarlıqdan uzaq durmaqdır...

Cücəmiş kəndinə bu yaxınlarda işıq çəkildi...

Vüsal Məmmədov, jurnalist:

- Avropa İttifaqı İlon Maskın "X" sosial şəbəkəsinə qarşı özünün "W" adlanan sosial şəbəkəsini yaradır. Hazırda platforma test mərhələsindədir. ABŞ Çinin nəzarətində olan "TikTok"dan istifadə etmək istəmədi və ayrıca bölmə yaradıldı. Neçə ildir deyirəm ki, dünya qlobal sosial şəbəkələrdən uzaqlaşacaq. Qlobal sosial şəbəkələr dövlətçilik və milli maraq məntiqinə sığmır. Çünki ictimai şüurun yönəldilməsindən tutmuş, insanların "data"sının toplanmasına, cəmiyyətin davranış patternlərini formalaşdıran alqoritmlərə qədər strateji amillər hansısa qlobal şirkətin əlində cəmlənməli deyil. Hələ getdikcə artan reklam pullarını demirəm. Donald ibn Fredin hakimiyyətə qayıdışından sonra dünya vaxtilə zorla sırınmış qlobalizmdən sürətlə imtina edir. Bu, özünü sosşəb sferasında da göstərir. Biz də qlobal sosşəblərdən imtinaya, onları milli, ya da heç olmasa regional - məsələn, türk dövlətlərinin ortaq sosial şəbəkəsi kimi layihələrlə əvəz etməyə hazır olmalıyıq. Bu, artıq zamanın pıçıltısına çevrilir.

Tahir Əmiraslanov, Əməkdar mədəniyyət işçisi:

- Ağıllı qadın əvvəlcə yemək bişirməyin incəliklərini öyrənir, sevgiylə yemək hazırlayır və həyat yoldaşına , uşaqlarına yalnız özü bişirdiyini yedizdirir.

Bu, ailəni qadına və evə çox dərin, görünməz bağlarla bağlayır.

Bu, Qadının gizli hakimiyyətinin özülüdür.

Hələ Zərdüşt Qatalarında deyirdi: "Yemək bişirən yeməyə yalnız fiziki deyil, həm də mənəvi, ruhi təsir göstərir"

Gözəl yazarımız, mərhum Sara Oğuz bunu çox dərin ifadə etmişdi: "Azərbaycan qadını üçün mətbəx məsələsi iş məsələsi yox, eşq məsələsidir".

Sifarişlə evə gətirilən yeməklər Ərinizə Sizin hisslərinizi deyil, bu yeməyi hazırlayanların hisslərini ötürür.

Peşəkar kimi deyə bilərəm ki, bu hisslərdə daha çox deyingənlik, həyatdan narazılıq və aqressiya var.

Restoranda da (hətta bir yerdə) yemək Sizi bir-birinizə bağlamır. Tam əksinə!

Dəyərli, əziz və gözəl xanımlar!

Ailənizi dağıtmayın, sevgi hisslərini öldürməyin, yeməyi sevə-sevə özünüz hazırlayın, özünüz yedizdirin!

Ailə süfrədən başlayır. Süfrə varsa, ailə də var!

Xoşbəxt olun.

Mir Şahin Ağayev, jurnalist:

- Mən Azərbaycan Mediasını Cahangir Məmmədlinin doğum günü münasibətilə təbrik etmək istəyirəm. Çoxumuzdan ötrü Milli Mətbuat günü əslində həm də bu tarixdir: 26 Yanvar! Cahangir MÜƏLLİM çoxdan zamana qarışıb: Azərbaycan jurnalistikasının bütün ciddi imzaları həm də Cahangir Məmmədli ömrünün içində yaşayırlar! Ona görə də "yaş anlayışı" bu halda öz klassik mənasını itirir. Qəribədir: insan ömrü elə məqama yetişir ki, sən artıq yalnız əllə toxunulan, hiss edilən, görünən, eşidilən deyil, həm də eyni zamanda şəffaf, görünməz, toxunulmaz olursan: Cahangir Məmmədli kimi. O qədər ehtiyatla, lətif, sakit, xəfif yaşayır ki...

Sanki həm də Gəzərgi Ruhdur. Bizim Ruhumuz! O nəhəng bir Kitabxananın Oxu zalıdır. Səs salmaq istəmirsən... Onun varlığı saat kimidir. Artıq belə demək olar:

- Cahangirə işləyir...

- Cahangirə qalır...

- Cahangirin yarısı...

- Cahangir tamam...

Əziz MÜƏLLİMİM!

Bəs Sizin özünüzdə saat neçədir? Ad gününüzü təbrik etmək üçün soruşuram...

Şahin Mustafayev, tarixçi:

- 22 yanvar tarixində TÜRKSOY-un Baş katibi Sultan Rayev və Türk Dövlətləri Təşkilatının Macarıstan Nümayəndəliyinin İcraçı Direktoru Balazs Hendrich ilə birlikdə Budapeştdə mərhum Janos Hovarinin (1955-2023) məzarını ziyarət etdik. Görkəmli diplomat, türkoloq-alim Janos Hovari həyatını Macarıstan ilə Türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə sərf etmiş dəyərli şəxsiyyətlərdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью