Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni elmi araşdırma günün ilk və son yeməyinin vaxtı ilə vaxtından əvvəl ölüm riski arasında əlaqə olduğunu üzə çıxarıb.
Turkustan.az xəbər verir ki, səhər yeməyini günortaya qədər təxirə salan və gecə yarısından sonra qidalanan insanlarda erkən ölüm riskinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib.
Sağlam qidalanma ilə bağlı tövsiyələr əsasən istehlak edilən qidaların tərkibinə yönəlsə də, yeni araşdırma yemək vaxtlarının da ən azı qida seçimi qədər əhəmiyyətli ola biləcəyini göstərir.
“European Journal of Clinical Nutrition” jurnalında dərc olunan tədqiqatda 40 yaşdan yuxarı 31 044 yetkin insanın məlumatları araşdırılıb. Alimlər gün ərzində ilk və son kalori qəbulunun vaxtının ömür uzunluğu ilə əlaqəsini təhlil ediblər.
Orta hesabla 8,6 il davam edən müşahidələr nəticəsində yemək vaxtları ilə ölüm riski arasında diqqətçəkən əlaqələr aşkarlanıb.
Səhər yeməyini gecikdirmək ölüm riskini artırır.
Tədqiqatın nəticələrinə görə, günün ilk yeməyini gecikdirmək vaxtından əvvəl ölüm riski ilə əlaqəlidir. Səhər saat 07:00-08:00 arasında səhər yeməyi yeyənlərlə müqayisədə ilk yeməyini 08:00-10:00 arasında qəbul edənlərdə ölüm riski 10 faiz, 10:00-12:00 arasında yeyənlərdə 19 faiz, günortadan sonra qidalananlarda isə 29 faiz daha yüksək olub.
Ürək-damar xəstəliklərindən ölüm riski ilə bağlı da oxşar nəticələr əldə edilib. İlk yeməyini günortadan sonra yeyənlərdə bu risk səhər saat 07:00-08:00 arasında səhər yeməyi yeyənlərlə müqayisədə 46 faiz yüksək olub.
Araşdırmada 50 yaşdan etibarən səhər yeməyini gecikdirən qrupun orta ömür uzunluğunun 2,46 il daha az olduğu da qeyd edilib.
Gecə yarısından sonra yemək də risk yaradır.
Günün son yeməyinin vaxtı ilə bağlı nəticələr isə U formalı risk əyrisini ortaya qoyub. Belə ki, axşam saat 19:00-20:00 arasında son yeməyini yeyənlərlə müqayisədə gecə yarısından sonra qidalananlarda ölüm riski 27 faiz daha yüksək olub. Bu qrupda 50 yaşdan etibarən orta ömür uzunluğunun 2,35 il azaldığı müəyyən edilib.
Digər tərəfdən, son yeməyini saat 19:00-dan əvvəl yeyənlərdə də ölüm riski 13 faiz yüksək qeydə alınıb. Tədqiqatçılar bunu həmin qrupda yaşlı insanların, az qidalananların və müxtəlif sağlamlıq problemləri olan şəxslərin daha çox olması ilə əlaqələndiriblər.
Araşdırmaya əsasən, ən aşağı ölüm riski son yeməyin saat 20:00 radələrində qəbul edildiyi qrupda müşahidə olunub.
Aytən Yaşar/Turkustan.az