Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az “Çempionat” saytına istinadla xəbər verir ki, həkim-dietoloq Mariyat Muxina yeməkdən dərhal sonra qısa gəzintiyə çıxmağın arıqlama prosesinə müsbət təsir göstərə biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, gəzinti zamanı skelet əzələləri qandakı qlükozanı aktiv şəkildə mənimsəyir. Bu proses insulin ifrazını gözləmədən baş verir və yeməkdən sonra qan şəkərinin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir. Nəticədə orqanizmdə karbohidrat mübadiləsi daha səmərəli gedir və artıq enerjinin yağ ehtiyatı şəklində toplanması ehtimalı azala bilər.
Dietoloq əsas yeməklərdən sonra 10-30 dəqiqə ərzində sakit templə gəzməyi tövsiyə edir. Onun diqqət çəkdiyi məqamlardan biri də hərəkətə başlama vaxtıdır. Belə ki, yeməkdən dərhal sonra edilən gəzinti qan şəkərinin tənzimlənməsində yarım saat sonra başlanan gəzintidən daha təsirli ola bilər.
Bu üsulun üstünlüyü xüsusi avadanlıq, idman zalına üzvlük və əlavə xərc tələb etməməsidir. Gündəlik qısa gəzintilər fiziki aktivliyi artırmaqla yanaşı, maddələr mübadiləsinin sağlamlığını qorumağa da dəstək verir. Bununla belə, davamlı çəki azalması üçün hərəkətlə yanaşı, balanslı qidalanma və ümumi həyat tərzi də mühüm əhəmiyyət daşıyır.