Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 23 sentyabr, AZƏRTAC
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə husilərlə hökumət qüvvələri arasında şiddətlənən toqquşmalar nəticəsində köçkünlərin sayının təxminən 230 min nəfərə çata biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Ali Komissarlığın sözçüsü Babar Baluşun açıqlamasına görə, qarşıdakı üç ay ərzində Yəməndə vəziyyət sabitləşməsə, daxili köçkünlərin, o cümlədən Cibuti, Somali və başqa qonşu ölkələrə sığınmış yəmənli qaçqınların sayının artacağı gözlənilir.
Bununla yanaşı, qeyd olunub ki, təxminən 3 min nəfər yəmənli qayıqlarla Afrikadakı qonşu ölkələrə sığınıb. Bu rəqəm qarşıdakı ay ərzində artaraq 10 minə çata bilər.
Eyni zamanda, qaçqın və köçkünlərə təcili humanitar yardımların çatdırılmasının təmin edilməsinə çağırış olunub. Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Yəmənlə bağlı təcili yardım planı 20 faiz maliyyələşdirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə