Yeməyi hansı saatda yemək ömrü uzada bilər? Araşdırma

04.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlər gün ərzində ilk və sonuncu yeməyin qəbul edildiyi vaxtla insanın ömrünün uzunluğu arasında əlaqə müəyyən ediblər.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar ABŞ-də yaşı 40-dan yuxarı olan 31 044 nəfərin 1999-2018-ci illərdə toplanmış sağlamlıq və qidalanma məlumatlarını təhlil ediblər.
 

İştirakçılar əvvəlki 24 saat ərzində nə yeyib-içdiklərini və bunu hansı saatlarda etdiklərini bildiriblər. Daha sonra bu məlumatlar 2019-cu ilin sonunadək olan ölüm göstəriciləri ilə müqayisə edilib.


Orta hesabla 8,6 il davam edən müşahidə müddətində 7 129 nəfər dünyasını dəyişib. Onlardan 2 259-u ürək-damar xəstəliklərindən vəfat edib.
Nəticələr göstərib ki, günün ilk yeməyini gec qəbul etmək ölüm riskinin artması ilə əlaqəlidir. Səhər saat 07:00-08:00 arasında qidalanmağa başlayanlarla müqayisədə ilk yeməyini 08:00-10:00 arasında yeyənlərdə bütün səbəblərdən ölüm riski 10% yüksək olub.
İlk yeməyini 10:00-12:00 arasında qəbul edənlərdə bu göstərici 19%, günorta saat 12:00-dan sonra qidalananlarda isə 29% təşkil edib.
Ürək-damar xəstəliklərindən ölüm riski ilə bağlı da oxşar nəticələr əldə olunub. İlk yeməyin günorta saat 12:00-dan sonraya saxlanılması səhər 07:00-08:00 aralığında qidalananlarla müqayisədə bu riski 46% artırıb. Tədqiqat modelinə əsasən, 50 yaşlı insanlar üçün bu fərq gözlənilən ömür uzunluğunda təxminən 2,46 il azalma ilə əlaqələndirilib.
Sonuncu yeməyin vaxtı ilə bağlı isə daha mürəkkəb nəticələr əldə edilib. Ən aşağı hesablanmış risk son yeməyin təxminən saat 20:00-da qəbul edildiyi zaman müşahidə olunub. Gecə yarısından sonra yemək isə saat 19:00-20:00 arasında şam edənlərlə müqayisədə bütün səbəblərdən ölüm riskinin 27% artması ilə əlaqələndirilib.
Alimlər hesab edirlər ki, gec saatlarda qidalanma orqanizmin bioloji saatını poza, qlükoza və lipid mübadiləsinə təsir göstərə bilər.
Bununla belə, tədqiqatçılar gec qidalanmanın sağlamlığın pisləşməsinin birbaşa səbəbi deyil, yuxu pozuntuları, növbəli iş rejimi və ya mövcud xəstəliklər kimi digər amillərin göstəricisi ola biləcəyini vurğulayıblar.
 

Araşdırmanın aparıcı müəllifi Çjiley Şan qeyd edib ki, yalnız bu nəticələrə əsaslanaraq insanların qidalanma rejimində kəskin dəyişikliklər etməsi tövsiyə olunmur.


Tədqiqatın nəticələri “European Journal of Clinical Nutrition” jurnalında dərc olunub.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью