Yenə Zaur Axundov və absurd çələngi

09.02.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son iki həftədə üçüncü dəfə Zaur Axundovdan yazmağımız əbəs deyil. “Araz Naxçıvan” ötən il, dekabrın 23-də  durduğu yerdə Elmar Baxşıyevi qovub, yerinə ukraynalı Demçenkonu baş məşqçi gətirdi.

Klub olaraq bu addımın səbəbini açıqlamasa da, qonaq dedi ki, avrokuboklara vəsiqə hədəflənib.

Maşallah, islahata gəl… Demçenko ilə Premyer Liqa oyunlarında 10 qol buraxılıb. Onun səkkizi son iki oyunda…

Zair Axundov rəsmən “Araz Naxçıvan”ın heç nəyi deyil, ancaq hər şeyi o idarə edir. Daha doğrusu, fantaziyasına gələn-gəlməyən qərarlarla klubu rəncidə edib.

Ölkə çempionatının ən absurd klubudur. Naxçıvanın standartlara tam cavab verən stadionu var. Ölkə kubokunun finalını qəbul edib. Yüngülvari əl gəzdirilsə, “Araz Naxçıvan” ev oyunlarını orda keçirə bilər, ancaq germir…

Son üç ildə klublara 8,5 milyon manat dotasiya verilib. Zaur Axundov bu pulun 5 faizini o stadionun yenidənqurmasına sərf etsəydi…

Etmir, pulları legioner transferinə xərcləyirlər. Və sanki elə təəssürat yaranır ki, heç bir vasitə bu klubu Naxçıvana, öz yurduna təhkim edə bilməz. Halbuki bunu etməməkçün səbəb yoxdur.

AFFA bu və buna oxşar digər halları nəzərə almalıdır. Zaur Axundov kimi klub rəhbərlərinə nə var ki… Onların qarşısında konkret mexanizm olmasa, dotasiyanın qəpiyini də infrastruktura xərcləməz.

Bu boşluqdan sui-istifadə hallarına yol verilməməsi üçün dotasiyanın verilməsinin korrekt mexanizmi hazırlanmalıdır. Kağız üzərində şərtlərə əməl edilmir. Yalançı vədlər və manipulyasiyalarla mənimsənən və faydasız istiqamətlərə dağıdılan o pullar ölkə futbolunda Axundov kimi absurd klub rəhbərləri və şəbəkələşmiş menecer-idarəçi tayfası yaratdı. Bütün bunların isə ölkə futbolunun inkişafına aidiyyatı yoxdur…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью