Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu gün ailə siyasətindən danışarkən ailənin yeni fəlsəfəsini ortaya qoymalıyıq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda panel müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırki ailə institutu dəstəyə ehtiyacı olan, problemləri aradan qaldırılmalı olan bir subyekt deyil:
"Artıq ailəyə öz strategiyası olan, potensialını ortaya qoyan, cəmiyyətə töhfə verən institut kimi baxılmalıdır. Bütün fəaliyyət bu istiqamətə yönəldilməlidir. Bu gün valideynlərin üzərinə düşən vəzifə, yeni valideynlik institutu qarşısında duran əsas məsələ uşaqların gücləndirilməsidir. Məktəb bizə bilik verir. Həmin biliyin tətbiqi və təhlili, seçim etmək qabiliyyətini uşaqlara aşılaya bilsək, bugünkü texnologiyaların müsbət tərəflərindən faydalanmış olarıq.
Bu gün bu məsələlər olduqca vacibdir və burada cəmiyyətin rolu çox böyükdür. Cəmiyyət sağlam olmalı və bu proseslərə adekvat cavab verməlidir. Bizim hansısa fikirləri maarifləndirmə yolu ilə gənclərə çatdırmağımız tam kifayət etmir. Bu gün gənc nəsil bunları real həyatda görməlidir. Öz ailəsindəki münasibətlərdə bunun şahidi olmalıdır".
Fəridə, Bizim.Media