Yeni Avrasiyanın enerji memarlığı: Zəngəzurda elektrik xətti ilə atılan strateji imza ŞƏRH

02.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörən liderliyi ilə əldə etdiyi tarixi Qarabağ Zəfərini təkcə döyüş meydanında deyil, bu gün həm də geoiqtisadi müstəvidə böyük bir yüksəlişlə taclandırır. Bu yüksəlişin ən konkret və strateji təzahürü “Zəngəzur” elektrik ötürmə xətti layihəsidir. Lakin bu layihəyə, sadəcə, yüksək gərginlikli kabellərin çəkilməsi kimi yanaşmaq regionda baş verən nəhəng geosiyasi dəyişimi görməmək deməkdir. “Zəngəzur” xətti texniki enerji layihəsindən qat-qat artıq məna daşıyır. Bu, bir dövlətin tam müstəqillik iradəsinin ifadəsidir. Bu xətt Azərbaycanın enerji suverenliyini ölkə ərazisinin hər bir nöqtəsinə yaymaq qətiyyətinin göstəricisidir. Uzun illər Ermənistanın işğal siyasəti və regional məhdudiyyətlər səbəbindən enerji təchizatı məsələsində xarici təzyiqlərə və qonşu ölkələrlə aparılan mübadilə razılaşmalarına məcbur qalan Naxçıvan bu xətt vasitəsilə əsas ərazi ilə birbaşa birləşdirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türk politoloq Nur Tuğba Aktay söyləyib.

O bildirib ki, bu enerji körpüsü Naxçıvanı xarici asılılıqdan çıxararaq tam nəzarət olunan, dayanıqlı və milli enerji sisteminin ayrılmaz hissəsinə çevirir. Enerji burada artıq, sadəcə, iqtisadi resurs deyil, Azərbaycanın müstəqil qərarvermə gücünün və dövlət potensialının əsas təminatçısıdır. Beynəlxalq sistemin geosiyasi resessiya və böyük xaos burulğanından keçdiyi bir dövrdə güc artıq yalnız istehsal həcmi ilə deyil, enerjinin hansı xətlər üzərindən və hansı siyasi memarlıq daxilində dövriyyəyə buraxılması ilə ölçülür. “Zəngəzur” elektrik ötürmə xətti Azərbaycanı qlobal enerji oyununda enerji axınlarını idarə edən, istiqamətləndirən və qiymət formalaşdıran mərkəzi ölkə statusuna yüksəldir. Bu addım qaydaların aşındığı postnizam dünyasında Bakının öz strateji doktrinasını beynəlxalq müstəvidə qəbul etdirməsidir.

“Zəngəzur xətti Bakının əlindəki strateji alətləri şaxələndirir. Qara dəniz vasitəsilə planlaşdırılan Yaşıl Enerji Dəhlizinə (Gürcüstan–Rumıniya xətti) rəqib deyil, onu tamamlayan və Türkiyə ərazisindən Avropanın mərkəzinə uzanan daha sürətli, daha ucuz və daha təhlükəsiz alternativ təqdim edir. Zəngəzur avtomobil yolu, dəmir yolu və enerji xətləri ilə birləşərək Avrasiyanın yeni logistika onurğa sütununu formalaşdırır. Bu çərçivədə Türkiyə ilə qurulan strateji enerji tərəfdaşlığı təkcə iki qardaş ölkə arasında əməkdaşlıq protokolu deyil. Bu, Türk dünyasının XXI əsrdəki ortaq iradəsinin, Şuşa Bəyannaməsi ilə təsbit olunmuş sarsılmaz birliyin elektrik şəbəkələrinə əks olunmasıdır. Azərbaycanın istehsal etdiyi enerjinin Türkiyənin inkişaf etmiş ötürmə infrastrukturu vasitəsilə Avropa enerji sisteminə inteqrasiya olunması qlobal enerji xəritəsində həm Bakını, həm də Ankaranı əvəzolunmaz aktorlar sırasına çıxarır. Bu xətlər təkcə elektrik daşımır – regional sabitlik, siyasi balans və sülh yaradır”, - deyə Nur.T.Aktay vurğulayıb.

Türk politoloq onu da əlavə edib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru Yaşıl Enerji Zonası elan etməklə gələcəyi bu gündən inşa edir. Fosil yanacaq zənginliyini günəş və külək enerjisi potensialı ilə birləşdirən bu baxış Azərbaycanın keçmişin enerji ölkəsi deyil, gələcəyin enerji memarı olduğunu sübut edir. 1000 meqavatlıq bu nəhəng ötürmə gücü işğaldan azad olunmuş ərazilərin inkişaf lokomotivinə çevriləcək və regionu istehsal mərkəzinə transformasiya edəcək.

“Zəngəzur elektrik ötürmə xətti suverenlikdir, inkişafdır və sülhdür. Azərbaycan bu gün təkcə öz ərazilərini deyil, Yeni Avrasiyanın enerji taleyini də formalaşdırır. Bu tale güclü dövlət ağlı və milli mühəndislik potensialı ilə atılan strateji addımlar sayəsində Bakı mərkəzli yeni dünya balansına doğru qətiyyətlə irəliləyir”, - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью