Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb bir dövründə, ölkəmizin siyasi, iqtisadi və sosial böhranlarla üzləşdiyi, müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığı bir şəraitdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Azərbaycanın taleyini düşünən, dövlətçiliyin qorunmasını, siyasi sabitliyin təmin olunmasını və ölkənin böhrandan çıxmasını vacib hesab edən insanlar yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu təşəbbüsün mərkəzində xalqın böyük etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə, siyasi müdrikliyə və liderlik keyfiyyətlərinə malik Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti dayanırdı. Azərbaycanın ən yeni siyasi tarixinə “91-lər”in müraciəti kimi daxil olan sənəd, əslində, ölkənin gələcəyinə dair xalqın arzu və ümidlərini, dövlətçilik naminə birləşmək istəyini ifadə edirdi. Görkəmli ziyalıların, tanınmış ictimai xadimlərin və nüfuzlu şəxsiyyətlərin imzaladığı müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunurdu. Bu müraciət Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanmasına, ölkəni xaos və böhran təhlükəsindən xilas edəcək siyasi iradənin formalaşmasına zəmin yaratdı.
Yeni Azərbaycan Partiyasının yaranması həmin dövrdə yalnız siyasi təşkilatlanma təşəbbüsü deyil, həm də ölkənin gələcəyinə, müstəqil dövlətçiliyin qorunmasına və milli birliyin təmin edilməsinə yönəlmiş tarixi zərurət idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və xalqın ona olan inamı bu zərurətin reallaşmasında həlledici rol oynadı. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif regionlarını təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnaməsi və Proqramı təsdiq olundu, rəhbər orqanları formalaşdırıldı. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bu qərar müstəqil Azərbaycanın siyasi tarixində yeni səhifənin açılması, dövlətçilik ideallarını, milli maraqları və xalqın gələcəyə inamını özündə birləşdirən siyasi qüvvənin formalaşması demək idi. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən öz fəaliyyətini dövlətçilik, milli birlik, siyasi sabitlik və Azərbaycanın inkişafı idealları üzərində qurdu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya qısa müddət ərzində ölkənin siyasi həyatında aparıcı mövqeyə yüksəldi, geniş ictimai dəstək qazandı və ümumxalq partiyasına çevrildi.
Heydər Əliyevin siyasi uzaqgörənliyi, müdrik rəhbərliyi və strateji düşüncəsi Yeni Azərbaycan Partiyasını “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Bu ifadə partiyanın yalnız yarandığı dövrün siyasi ehtiyaclarına deyil, həm də Azərbaycanın gələcək inkişaf perspektivlərinə xidmət edən ideoloji və siyasi xəttini müəyyənləşdirirdi. Yeni Azərbaycan Partiyası ötən müddət ərzində ölkəmizdə siyasi sabitliyin, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayıb.
Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Prezident İlham Əliyevin Sədr seçilməsi YAP-ın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Bu mərhələ Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi, Azərbaycanın modernləşdirilməsi, iqtisadi inkişafının sürətləndirilməsi, dövlət institutlarının gücləndirilməsi və milli maraqların daha qətiyyətlə müdafiə olunması ilə səciyyələndi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişaf modelini formalaşdıraraq beynəlxalq münasibətlər sistemində müstəqil siyasi iradəyə, güclü iqtisadi potensiala və yüksək diplomatik nüfuza malik dövlət kimi mövqeyini möhkəmləndirib. Bu inkişaf yolu Heydər Əliyev siyasi məktəbinin müasir dövrün çağırışları ilə uzlaşdırılmasının, dövlətçilik strategiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir. Yeni Azərbaycan Partiyası isə bu strateji xəttin ictimai-siyasi müstəvidə dəstəklənməsi, milli ideoloji əsaslarının möhkəmləndirilməsi və cəmiyyətin ümumi məqsədlər ətrafında səfərbər olunmasında mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyasının ideoloji əsaslarını müstəqil dövlətçilik, azərbaycançılıq, qanunçuluq, vətəndaş həmrəyliyi, sosial ədalət, milli-mənəvi dəyərlərə bağlılıq və yaradıcı təkamül prinsipləri təşkil edir. Bu prinsiplər partiyanın siyasi fəaliyyətinin istiqamətlərini müəyyən etməklə yanaşı, Azərbaycanın gələcək inkişafının ideoloji əsaslarının formalaşmasına da xidmət edir. Vətənə sədaqət, milli maraqlara bağlılıq, dövlətin müstəqilliyinin və suverenliyinin qorunması YAP üzvlərinin siyasi fəaliyyətinin başlıca meyarlarıdır. YAP Azərbaycan Respublikasının qanunvericiliyi, öz Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, azad vətəndaş cəmiyyətinin inkişafını, ölkə vətəndaşlarının ümumi siyasi ideya və məqsədlər ətrafında birləşməsini öz fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən edən siyasi təşkilatdır. Yarandığı dövrdən etibarən partiya siyasi proseslərdə konstruktiv mövqeyi, dövlətçilik maraqlarına əsaslanan yanaşması və ölkənin inkişafına yönəlmiş təşəbbüsləri ilə seçilib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yeni siyasi və ideoloji mərhələnin başlanmasını şərtləndirdi. Vətən müharibəsi dövründə YAP həm ölkə daxilində ictimai-siyasi həmrəyliyin gücləndirilməsi, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəal iştirak etdi. Ermənistanın uzun illər davam edən işğal siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın haqq və hüquqlarının müdafiəsi, milli maraqların təbliği partiyanın siyasi fəaliyyətində mühüm yer tutdu.
2021-ci il martın 5-də keçirilmiş VII qurultay Yeni Azərbaycan Partiyasının təşkilati və ideoloji baxımdan yenilənməsi, müasir dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisə oldu. Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası formalaşdırıldı. Bu qərarlar partiyanın təşkilati strukturunun təkmilləşdirilməsinə, fəaliyyətinin daha sistemli qurulmasına və yeni siyasi reallıqlar şəraitində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə xidmət etdi. Tarixi Zəfərdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən fundamental dəyişikliklər Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr müəyyənləşdirib. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi, dövlət institutlarının gücləndirilməsi, insan kapitalının inkişafı, sosial rifahın yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi bu vəzifələrin mühüm istiqamətləridir.
Azərbaycanın suverenliyinin tam bərpasından sonra bütün ölkə ərazisini əhatə edən seçki proseslərinin həyata keçirilməsi də dövlətimizin yeni reallıqlarının mühüm göstəricisidir. Yeni Azərbaycan Partiyası bələdiyyə, parlament və prezident seçkilərində əldə etdiyi nəticələrlə ölkənin siyasi həyatında aparıcı qüvvə olduğunu nümayiş etdirib. Bu siyasi dəstək partiyanın dövlətçilik və inkişaf strategiyasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə olan ictimai münasibətin ifadəsi kimi qiymətləndirilir. Bununla yanaşı, cəmiyyətin dəyişən ehtiyacları, yeni çağırışlar və müasir siyasi proseslər partiyanın fəaliyyətində davamlı yenilənmə, fəallıq və məsuliyyət tələb edir. Yeni Azərbaycan Partiyasının təşkilati inkişafında, siyasi fəaliyyətinin genişlənməsində və müasir dövrün çağırışlarına uyğunlaşmasında qadınların və gənclərin iştirakının artırılması da mühüm əhəmiyyət kəsb edir. 2021-ci il martın 5-də partiyanın Sədri, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini təyin edilməsi partiyanın rəhbər strukturunda yeni mərhələnin başlanması, qadınların siyasi və ictimai fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilir. Bu təyinat siyasi idarəçilikdə təcrübə, fəallıq, təşəbbüskarlıq və milli inkişaf məqsədlərinə xidmət edən potensialın daha geniş səfərbər olunmasına imkan yaradır. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi dəyişikliklərin, təhlükəsizlik çağırışlarının və güc amilinin aktuallığının artdığı bir şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan siyasəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal təşəbbüslərdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası bu siyasi xəttin ideoloji və ictimai müstəvidə təbliğinə, beynəlxalq siyasi əlaqələrin inkişafına, partiyalararası dialoqun təşviqinə və ölkəmizin mövqelərinin möhkəmləndirilməsinə töhfə verir. Azərbaycanda siyasi dialoqun inkişafı, siyasi münasibətlərin daha sağlam və konstruktiv müstəvidə qurulması, müxtəlif siyasi qüvvələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmaqla, YAP-ın da fəaliyyətində xüsusi yer tutur.
Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və təşviqi, güclü iqtisadiyyatın qurulması, davamlı inkişafın təmin edilməsi, inklüziv cəmiyyətin formalaşdırılması, sosial təminatın gücləndirilməsi, insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunması, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, milli maraqlara əsaslanan xarici siyasətin dəstəklənməsi və Ordu quruculuğunun təşviqidir. Bu məqsədlər dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitinin formalaşdırılmasına, milli birliyin möhkəmləndirilməsinə və Azərbaycanın strateji hədəflərinə çatmasına xidmət edir. Yeni siyasi konfiqurasiyanın formalaşdığı, siyasi dialoqun genişləndiyi və dövlət-cəmiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu şəraitdə siyasi təşkilatların məsuliyyəti də artır. Yeni Azərbaycan Partiyası bu proseslərdə fəal iştirak etməklə, milli maraqların qorunmasını, dövlətçilik ideallarının möhkəmləndirilməsini və ölkənin inkişaf strategiyasının dəstəklənməsini özünün əsas siyasi missiyası hesab edir.
2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Bu, yalnız partiyanın fəaliyyətində deyil, bütövlükdə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanmasını ifadə edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, regionda formalaşmış yeni reallıqlar, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsi, milli təhlükəsizlik məsələləri və qarşıda duran strateji hədəflər partiyanın fəaliyyət istiqamətlərinin müasir dövrün tələblərinə uyğun müəyyənləşdirilməsini zəruri edir. VIII qurultay məhz bu yeni reallıqların siyasi və ideoloji müstəvidə dəyərləndirilməsi, partiyanın gələcək fəaliyyətinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma olmuşdur. Prezident İlham Əliyevin VIII qurultaydakı proqram xarakterli nitqi Azərbaycanın yeni tarixi mərhələdə inkişaf strategiyasının, dövlətçilik prioritetlərinin və təhlükəsizlik konsepsiyasının siyasi mahiyyətini əks etdirir. Dövlət başçısının çıxışında ifadə olunan strateji yanaşma Azərbaycanın suveren dövlət kimi öz siyasi iradəsinə, milli maraqlarına və müstəqil qərarvermə prinsipinə əsaslanan inkişaf yolunun davam etdirilməsinin vacibliyini ortaya qoyur. Bu baxımdan VIII qurultayın siyasi məzmunu partiyanın təşkilati məsələləri ilə məhdudlaşmır, dövlətimizin yeni inkişaf mərhələsinin ideoloji və siyasi istiqamətlərinin dəstəklənməsi ilə geniş məna kəsb edir.
Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkiblərinin müəyyənləşdirilməsi, onların üzvlərinin seçilməsi YAP-ın təşkilati strukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi və fəaliyyətinin daha səmərəli qurulması istiqamətində mühüm qərarlar olmuşdur. Bu qərarlar partiyanın yeni siyasi mərhələdə qarşıya qoyduğu vəzifələrin sistemli şəkildə həyata keçirilməsinə, təşkilati fəaliyyətinin gücləndirilməsinə və siyasi məsuliyyətinin artırılmasına xidmət edir. VIII qurultayın mühüm ideoloji istiqamətlərindən biri Azərbaycanın suverenliyinin qorunması və möhkəmləndirilməsi ilə yanaşı, ideoloji təhlükəsizliyin təmin edilməsinin də strateji əhəmiyyətinin ön plana çıxmasıdır. Müasir dünyada informasiya mühiti, rəqəmsal platformalar, qlobal ideoloji təsirlər və geosiyasi rəqabət dövlətlərin təhlükəsizlik gündəliyində yeni çağırışlar yaradır. Buna görə də Azərbaycan həqiqətlərinin dünyaya və öz cəmiyyətimizə, xüsusilə gənc nəslə düzgün çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm vəzifədir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr dayanır. Partiyanın ideoloji işi müasir dövrün çağırışlarına uyğun qurulmalı, formal yanaşmalar deyil, cəmiyyətə real təsir göstərən, gənclərlə işləyən, müasir kommunikasiya imkanlarından istifadə edən yeni siyasi və ictimai fəaliyyət modeli ön plana çəkilməlidir. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri isə milli maraqlara əsaslanan müstəqil və çoxşaxəli siyasətdir. Bu gün ölkəmizin müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq qurması Azərbaycanın beynəlxalq nüfuzunun mühüm göstəricisidir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu ən mühüm vəzifələrdəndir. Böyük Qayıdış artıq yalnız strateji məqsəd deyil, real nəticələri görünən tarixi prosesdir. Artıq Azərbaycan Zəfər qazandığı mərhələdən gücünü daha da artıran, inkişafını sürətləndirən və gələcəyə daha böyük hədəflərlə gedən mərhələyə daxil olur. Yeni Azərbaycan Partiyası bu tarixi prosesin mühüm siyasi dayaqlarından biridir. Partiyanın hər bir üzvünün və fəalının əsas vəzifəsi Azərbaycanın əldə etdiyi nailiyyətləri qorumaq, dövlətçilik dəyərlərini yaşatmaq və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə öz töhfəsini verməkdir.
Yeni Azərbaycan Partiyası bu gün də dünənin siyasi təcrübəsinə, bu günün reallıqlarına və sabahın strateji hədəflərinə söykənən, dövlətçilik ideallarını öz fəaliyyətinin mərkəzində saxlayan siyasi qüvvə olaraq Azərbaycanın gələcəyinə , müstəqil, qüdrətli, suveren və inkişaf edən Azərbaycanın siyasi, ideoloji və ictimai dayaqlarının möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, dövlətçilik ideallarının yaşadılmasına və gələcək nəsillərin bu ideallar ətrafında birləşdirilməsinə xidmət edən missiyasını əzmlə davam etdirəcəkdir.
Sevinc Hüseynova
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı