Icma.az, Sia Az portalına istinadən məlumat verir.
“Yeni Azərbaycan Partiyasının tarixi eyni zamanda müstəqil Azərbaycan dövlətinin tarixidir. Partiya hakimiyyətə gələnə qədər biz formal olaraq müstəqil dövlətə malik idik, müəyyən funksional dövlət aparatımız var idi, lakin sözün əsl mənasında tam müstəqil dövlət qurulmamışdı. Bu baxımdan Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlişi tarixi bir dönüş nöqtəsi olub".
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu YAP Nərimanov rayon təşkilatının yaranmasının 33-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, Azərbaycan xalqı yalnız Yeni Azərbaycan Partiyası və onun qurucu lideri Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra real dövlətə qovuşub: “Partiyanın və onun üzərindən dövlətin möhkəmlənməsi prosesi siyasi nəzəriyyədə partologiya kimi öyrənilir. Lakin bizim vəziyyətimizdə həm siyasi təşkilatlanma, həm də bu təşkilatlanmanın dövlət quruculuğuna transfer olunması bir-biri ilə üst-üstə düşür. Bu baxımdan partiyamızın və dövlət rəhbərliyinin xidmətləri misilsizdir".
Hikmət Babaoğlu çıxışında partiyanın keçdiyi mərhələlərə də toxunub: “1999-cu ildə keçirilmiş birinci qurultay Yeni Azərbaycan Partiyasının tarixində yeni mərhələ açdı. Cənab İlham Əliyevin partiyaya qoşulması və sədr müavini seçilməsi, Mehriban xanımın partiyada sədr müavini təyin edilməsi isə inkişaf yolunda mühüm dönüş nöqtəsi oldu. Bu gün Yeni Azərbaycan Partiyası regionun ən böyük və ən güclü siyasi partiyalarından biridir və ümumxalq partiyası statusuna malikdir".
Deputat vurğulayıb ki, Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu gün gerçəkləşib: “Partiyada ideoloji və siyasi varislik, milli maraqlar uğrunda mübarizənin davamlılığı qorunur. Gələcək bu gün burada iştirak edən gənclərin üzərinə düşür. Siz bu siyasi mədəniyyəti, bu düşüncə tərzini və mübarizə tarixini özünüzdən sonrakı nəsillərə ötürəcəksiniz".