Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Nərimanov rayonu mənim üçün doğma və əzizdir. Ona görə ki, Respublika üzrə Yeni Azərbaycan Partiyasının ilk qərargahı məhz Nərimanov metrosunun yaxınlığında, Elektrotexnika İnstitutunun binasında 1992-1993-cü illərdə fəaliyyət göstərib. Biz həmin binada çalışmışıq. Eyni zamanda Nərimanov rayon təşkilatı partiyamızın fəaliyyətinin təməl dayaq nöqtələrindən biri olub və rayon rəhbərliyi ilə səmimi, mehriban münasibətlər formalaşmışdı”.
SİA xəbər verir ki, bu fikirləri YAP-ın Təftiş Komissiyasının üzvü Musa Musayev YAP Nərimanov rayon təşkilatının yaranmasının 33-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Musa Musayev xatırladıb ki, Yeni Azərbaycan Partiyasının yaranması dövründə bir çox çətinliklər mövcud idi: “1992-ci il oktyabrın 24-də binanı zəbt etdilər, Daxili İşlər Nazirliyinin mülki geyimli əməkdaşları hücum etdi. Həmin ilin fevral ayında Yeni Azərbaycan Partiyasının sədr müavini Murad Ələsgərova sui-qəsd olunmağa çalışıldı, şükürlər olsun ki, sağ qaldı".
O əlavə edib ki, partiyanın 33 il ərzində əldə etdiyi uğurlar, üzvlərin əzmkarlığı və Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi stabilliyi və inkişafı təmin olunub: “Bu gün Yeni Azərbaycan Partiyasının 760 mindən artıq üzvü var. Yalnız Nərimanov rayon təşkilatında isə 23 mindən çox partiya üzvü fəaliyyət göstərir. Bu artım partiyanın keçdiyi inkişaf yolunun bariz göstəricisidir".
Musa Musayev vurğulayıb ki, partiya üzvləri sosial şəbəkələrdə və mətbuatda daha fəal olmalı, partiyanın fəaliyyəti və rəhbər şəxslərin səfərləri, görüşləri barədə ictimaiyyəti məlumatlandırmalıdır: “Yeni Azərbaycan Partiyasının üzvü olmaq siyasətlə məşğul olmaq deməkdir. Hər bir üzv bu işdə məsuliyyət daşıyır və partiyanın uğurlarını təbliğ etməlidir".