Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Yeni beynəlxalq audit standartlarının (BAS) ölkədə tətbiqi hansı çətinliklər yaradır və auditorların bu standartlara uyğunlaşması üçün hansı dəstək proqramları var?
Auditorlar Palatasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, beynəlxalq audit standartları Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) əqli mülkiyyətidir.
Ölkədə standartların tətbiqindən danışılarkən təkcə yeni qəbul olunmuş standartlardan yox, həm də əlavə və dəyişikliklər edilmiş standartları da diqqət mərkəzində saxlamaq lazımdır. Bu standartların tətbiqi üçün bir sıra beynəlxalq hüquq prosedurlarının aparılması zəruridir. Bu proedurlar İFAC-ın “Tərcümə Strategiyası”na müvafiq olaraq həmin qurumdan sənədin təcümə və nəşri üçün icazə (müəlliflik hüququ) alınmasından, peşəkar tərcüməçi tərəfindən mətnin tərcüməsindən, peşə redaktəsindən və korrektə işlərindən ibarətdir. Bu sahədə palata tərəfindən müntəzəm işlər görülür. Təkcə son 2 il ərzində 5 yenilənmiş BAS-ın və 2 yeni qəbul olunmuş standartın tərcüməsinə palata tərəfindən xüsusi hüquq alınıb. Həmin standartlar BAS-ın prosedurlarına uyğun olaraq tam həcmdə tərcümə və nəşr etdirilib, onlara dair şərhlər hazırlanıb, auditorlara, maraqlı tərəflərə və ictimaiyyətə təqdim edilib.
“Yeni standartlara gəldikdə isə qeyd etməliyik ki, son 5 ildə 2 standart qəbul edilib. Bu standartlardan birincisi “Az mürəkkəb müəssisələrin maliyyə hesabatlarının auditi üzrə Beynəlxalq Audit Standartı”dır. Həmin standart bu ilin 15 dekabr ayının sonrakı dövrləri üçün hazırlanan maliyyə hesabatlarının auditi zamanı tətbiq ediləcəkdir. Digər standart isə “Dayanıqlı inkişaf hesabatlarının auditi üzrə” 5000 (İSSA 5000) standartıdır. Həmin standart 2026-cı ilin dekabr ayından tətbiq olunacaqdır”, - deyə palatadan bildirilib.
Bu standartların tətbiqi üzrə çətinliklər nədən ibarətdir?
Az mürəkkəb müəssisələr üçün tətbiqi nəzərdə tutulan standartın tətbiqində heç bir çətinlik gözlənilmir. Ona görə ki, bu auditorlar üçün hətta müəyyən rahat bir şərait yaradır. İndiyə kimi az və ya çox mürəkkəb müəssisə parametri auditdə tətbiq olunmadığı üçün mikro, kiçik və hətta sənəd dövriyyəsi, əməliyyat sayı az olan, lakin məbləğ ifadəsində böyük dövriyyəsi olan müəssisələrin maliyyə hesabatlarının auditləri ilə iri və mürəkkəb müəssisələr üçün tələb eyni olub. Bu yeni standartın tətbiqi auditorlar üçün heç bir çətinlik yaratmır. Yeni qəbul olunmuş 2-ci standart isə “Dayanıqlı inkişaf hesabatlarının auditi üzrə” 5000 (İSSA 5000) həm mühasiblər, həm də auditlər üçün çox ciddi çətinliklər yarada bilər. Məlum olduğu kimi, bu standart qeyri-maliyyə hesabatına tətbiq olunacaq və bunun tərkibindəki ətraf mühit, sosial və korporativ idarəetmə bölmə məsələləri maliyyə hesabatlığı və mühasibat uçotu baxımından, eyni zamanda audit nöqteyi nəzərindən tam fərqli bir çərçivədir: “Bu standartın tətbiqi ilə bağlı çətinlik ilk növbədə kadr hazırlığı və yenidən hazırlanması sahəsində gözlənilir. Auditorlar Palatası öz funksiyaları və səlahiyyətləri çərçəsində bu standartın tətbiqi ilə bağlı kompleks tədbirlər keçirməkdədir. Ötən ildən başlayaraq yuxarıda qeyd etdiyimiz kimi bu standartın tərcümə və nəşri ilə bağlı prosedurlar başa çatdırılıb, auditorların maarifləndirilməsi üzrə bir neçə seminar keçirilib və standartın tətbiqinə dair şərh hazırlanıb. Ümidvarıq ki, bu standartın tətbiqi ilə bağlı qarşıya çıxa bilən digər maneələr də tərəfimizdən uğurla dəf olunacaq”.