Yeni beynəlxalq nizam Bakı reallığı düzgün oxuyur

23.01.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində verdiyi verdiyi mesajlarla müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin və struktur xarakterli transformasiyalara dair aydın, realist və prinsipial yanaşmanı ortaya qoydu. Qlobal güc balansının sürətlə dəyişdiyi, beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunduğu mürəkkəb mərhələdə dövlətlərin mövqeyini və taleyini müəyyən edən əsas amilin artıq təkcə normativ mexanizmlər deyil, real siyasi, iqtisadi və institusional potensial olduğu bir daha təsdiqlənir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Onun szölərinə görə,  Prezident İlham Əliyevin  verdiyi mesajlarda əsas tezislərdən biri beynəlxalq hüququn mütləq təsir mexanizmi kimi əvvəlki gücünü itirməsidir. “Müasir dövrdə hüquq normalarının bəzən siyasi maraqlara uyğun şəkildə tətbiq edilməsi qlobal etimad böhranı yaradıb. Belə şəraitdə Azərbaycanın seçdiyi strateji xətt hüquqa formal istinadla kifayətlənmək deyil, milli maraqlara söykənən real nəticələr əldə etməklə yanaşı, beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaqdan ibarətdir. Son illərdə suverenliyin və ərazi bütövlüyünün tam bərpası məhz bu yanaşmanın praktiki təzahürü kimi qiymətləndirilə bilər”, - o qeyd edib.
Deputat hesab edir ki, artıq yeni era və praqmatik xarici siyasət yürdülməsi mərhələsidir:
“Prezidentin vurğuladığı kimi, beynəlxalq münasibətlər artıq yeni mərhələyə qədəm qoyur və bu mərhələdə prosesləri çox zaman qanunun aliliyindən daha çox güc amili tənzimləyir. Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, ikili standartlar və selektiv yanaşmalar bunu açıq şəkildə nümayiş etdirir. Belə bir şəraitdə hər bir dövlətin qarşısında duran əsas vəzifə mövcud imkanlarını düzgün qiymətləndirərək rasional və praqmatik strategiya formalaşdırmaqdır.

Azərbaycan bu reallıqları nəzərə alaraq xarici siyasətini mərhələli şəkildə qurur: əvvəlcə yaxın coğrafiyada sabitlik və etimad mühiti yaratmaq, daha sonra isə bu modeli qlobal tərəfdaşlıq platformalarına daşımaq. Məhz bu yanaşma ölkəni Cənubi Qafqazda sabitliyin təşəbbüskarına, beynəlxalq müstəvidə isə etibarlı tərəfdaşa çevirib”.

Deputat əlavə edib ki, bu gün region keyfiyyətcə yeni mərhələyə daxil olur: “Münaqişə və qarşıdurma mühitindən çıxaraq sülh və əməkdaşlıq modelinə uyğunlaşmaq həm cəmiyyət, həm də dövlətlərarası münasibətlər baxımından mühüm dönüş nöqtəsidir. Ermənistanla münasibətlərin tədricən normallaşdırılması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, ticarət və enerji əməkdaşlığı kimi addımlar qarşılıqlı etimadı möhkəmləndirən real mexanizmlərdir. Bu proseslər sübut edir ki, sülh yalnız siyasi bəyanat deyil, konkret və ardıcıl addımların məntiqi nəticəsidir”.

Bakının enerji diplomatiyası və qlobal təhlükəsizliyin təmin olunmasında yürütdüyü siyasətə toxunan deputat deyib ki, Azərbaycan Cənubi Qafqazda neft və qaz ehtiyatlarını beynəlxalq bazarlara çıxaran əsas aktor kimi qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır: “Təbii qazın artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə ixracı ölkənin etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirir. Müasir infrastruktur, zəngin resurs bazası və inkişaf etmiş nəqliyyat-logistika imkanları bu imici daha da gücləndirir. Enerji diplomatiyası iqtisadi dividendlərlə yanaşı, siyasi etimadın formalaşmasına da xidmət edir.
Davosdan səslənən mesajlar bir daha göstərdi ki, müasir beynəlxalq sistemdə uğurun açarı emosional ritorikada deyil, hesablanmış qərarlarda, milli maraqlara söykənən uzunmüddətli strateji düşüncədədir. Hüquqa sadiqlik, siyasi realizm, regional sülh təşəbbüsləri və enerji diplomatiyasının paralel şəkildə həyata keçirilməsi Azərbaycanın həm təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq nüfuzunu artırır.

Formalaşan yeni mərhələ sübut edir ki, Azərbaycanın qurduğu sabitlik və əməkdaşlıq modeli təkcə region üçün deyil, daha geniş geosiyasi məkan üçün də nümunə rolunu oynayır və bu strateji xətt gələcək illərdə də dövlət siyasətinin əsas istiqaməti olaraq qalacaq”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью