Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək Ukrayna üzrə üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri yenə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski olacaq.
“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən brifinqdə bildirib.
Peskov deyib ki, Vladimir Putinin Medinski və nümayəndə heyətinin digər üzvlərini xüsusi olaraq məlumatlandırmasına ehtiyac yoxdur:
"Ümumilikdə, Rusiya nümayəndə heyətinin demək olar ki, bütün üzvləri prezidentə cari məsələlər barədə müntəzəm olaraq hesabat verir və dövlət başçısından müvafiq təlimatlar alırlar".
Keçmiş mədəniyyət naziri və Kremlin əsas ideoloqlarından biri hesab edilən Medinski danışıqlarda "sərt xətt" tərəfdarı kimi tanınır. Ötən ilin iyun ayında Türkiyədə Ukrayna tərəfi ilə görüşdən sonra o, müharibəyə son qoymaq üçün Ukraynanın Moskvanın şərtlərini qəbul etməli və Qərblə inteqrasiyadan imtina etməli olduğunu bildirmişdi. O, həmçinin qarşı tərəfi yeni ərazilərin ələ keçirilməsilə hədələyərək "Rusiya ilə uzunmüddətli müharibə aparmaq mümkün deyil" deyə qeyd etmişdi. Medinski Rusiyanın "lazım olduğu qədər" döyüşməyə hazır olduğunu demiş və 18-ci əsrin əvvəllərində 21 il davam edən Rusiya-İsveç müharibəsini nümunə göstərmişdi.
Mütəxəssislər qeyd edirlər ki, Medinski Rusiya nümayəndə heyətinə hər dəfə rəhbərlik edəndə, bu, Moskvanın danışıqlarda sadəcə, "siyasi-ideoloji xətt” yürütmək istədiyinə işarədir. Kreml daha konkret - ərazi, sülh zəmanətləri və təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olanda isə bu cür görüşlərə hərbi və kəşfiyyat rəsmilərini göndərir…
Vəziyyətlə tanış olan mənbələrin "Axios"a verdiyi məlumata görə, bu ilin əvvəlində tərəflər arasında danışıqların dalana dirənməsinin səbəbkarlarından biri də məhz Medinski olub. Daha sonra Volodimir Zelenski demişdi ki, Medinski danışıqlarda Putin kimi müharibənin "tarixi kökləri" haqqında fəlsəfə qurmaqla məşğuldur. "Bütün bu cəfəngiyatlara vaxtımız yoxdur; bu müharibəyə son qoymalıyıq", - deyə Zelenski bildirmişdi.
Medinski 2022-ci ildən başlayaraq Ukrayna ilə İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edib. “Bloomberg”-in yaydığı məlumata görə, ötən ilin may ayında Donald Tramp administrasiyası onun danışıqlar prosesindən kənarlaşdırılmasında israr edib. Lakin onun yenidən təyin olunması bir tərəfdən Tramp administrasiyasının tələbinin rədd edilməsinin, digər yandan isə danışıqların növbəti raundunun da əvvəlkilər kimi uğursuzluğa məhkum edildiyinin göstəricisi sayıla bilər.
C.Məmmədli
“AzPolitika.info”