Yeni dərs ili: “Keçiddə məktəb”

14.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 14 sentyabr, AZƏRTAC

Yeni dərs ili təhsil sahəsində qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsi və müasir çağırışlara uyğun yanaşmaların önə çıxarılması baxımından mühüm mərhələdir. Bu baxımdan “Keçiddə məktəb” layihəsi ənənəvi təhsil yanaşmalarından şagirdyönümlü və bacarıqəsaslı modelə keçidin əhəmiyyətini diqqətə çatdırır. Müasir məktəb sürətlə dəyişən informasiya, texnologiya və sosial mühitdə fəaliyyət göstərir. Bu reallıq təhsilin məzmununun, təlim metodlarının və müəllim-şagird münasibətlərinin yenilənməsini zəruri edir.

Azərbaycan Təhsil Cəmiyyətinin üzvü, Azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Allahverdiyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, “Keçiddə məktəb” anlayışı ənənəvi bilikyönümlü modeldən şagirdyönümlü, bacarıqəsaslı təhsil modelinə keçidi ifadə edir. Bu yanaşmada əsas diqqət yalnız biliklərin mənimsənilməsinə deyil, şagirdin müstəqil düşünmə, problem həlletmə, kommunikasiya, əməkdaşlıq və informasiya ilə işləmə bacarıqlarının inkişafına yönəldilir.

İnformasiya resurslarının sürətlə artması şagirdlərdə informasiya savadlılığının formalaşdırılmasını zəruri edir. Şagird məlumat əldə etməklə yanaşı, onun mənbəyini və etibarlılığını qiymətləndirməli, müxtəlif məlumatları müqayisə etməli və əsaslandırılmış nəticə çıxarmalıdır. Bu bacarıqlar tənqidi düşünmə və müstəqil öyrənmənin əsasını təşkil edir.

“Azərbaycan dili və ədəbiyyat fənləri bu baxımdan xüsusi potensiala malikdir. Azərbaycan dili təlimində məqsəd yalnız dil qaydalarının mənimsənilməsi deyil, şagirdin şifahi və yazılı nitqinin, mətnlə işləmək və fikrini əsaslandırmaq bacarığının inkişaf etdirilməsidir. Ədəbiyyat təlimində isə mətnin məzmunu ilə yanaşı, obrazların və müəllif mövqeyinin təhlili, problemə münasibətin formalaşdırılması və ədəbi mətnin müasir həyatla əlaqələndirilməsi ön plana çıxmalıdır”, - deyə B.Allahverdiyeva bildirib.

O əlavə edib ki, rəqəmsal texnologiyalar və süni intellekt təhsil prosesinə yeni imkanlar yaradır. Lakin bu vasitələr təlimin məqsədini əvəz etməməli, öyrənmə prosesini dəstəkləməlidir. Xüsusilə süni intellektdən istifadə zamanı akademik dürüstlük, müəlliflik hüququ və müstəqil düşünmə prinsiplərinin qorunması vacibdir. Şagirdin işi yalnız yekun nəticəyə görə deyil, məlumatın seçilməsi, təhlili və əsaslandırılması baxımından da qiymətləndirilməlidir. Dəyişən təhsil mühiti müəllimin rolunun da yenidən müəyyənləşdirilməsini tələb edir. Müasir müəllim bilik mənbəyi olmaqla yanaşı, təlim prosesinin təşkilatçısı, istiqamətləndiricisi və şagirdin fərdi inkişafını dəstəkləyən mütəxəssis kimi çıxış edir. Onun rəqəmsal savadlılığı və müasir pedaqoji yanaşmalara yiyələnməsi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

B.Allahverdiyeva məktəb və ailə əməkdaşlığının da təlim nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, valideynlərin şagirdin yalnız akademik nəticələri ilə deyil, onun öyrənmə motivasiyası, oxu vərdişləri və fərdi inkişafı ilə də maraqlanması bu baxımdan əhəmiyyətlidir. Müasir məktəbin əsas vəzifəsi ənənəvi təhsil dəyərlərini qorumaqla yanaşı, dəyişən dünyanın tələblərinə cavab verən təhsil mühiti formalaşdırmaqdır. Texnologiyalar və təlim vasitələri dəyişsə də, məktəbin əsas missiyası bilikli, tənqidi düşünən, müstəqil qərar qəbul edən, öz fikrini əsaslandırmağı bacaran və milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət yetişdirməkdir.

“Keçiddə məktəb” bu baxımdan davamlı inkişaf prosesini ifadə edir. Yeni dərs ilində əsas hədəf şagirdləri daim dəyişən dünyada öyrənməyə, düşünməyə, araşdırmağa və bilik yaratmağa hazırlayan təhsil mühitinin formalaşdırılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью